Qonaq Kitabı
ETDİ BU FƏLƏK HƏR KƏSƏ BİR TÖVR YAMANLIQ

Etdi bu fələk hər kəsə bir tövr yamanlıq,

Səd heyf, keçən gün!

Hər bir iş üçün xatiməbəxş oldu bu afaq,

Olduq yenə məmnun.

Şükr eylədik allaha yetişdikcə ziyanlıq,

Əfsürdə biz olduq.

Çaldı bizə bir özgə səyaq ilə fırıldaq,

Qəmli günə qaldıq.

Nə rəhm bilər, şərm qanar, ağlamaq anlar,

Böylə fələk olmaz!

Yox böylə iki dilli, yaman üzlü cəfakar,

Bir zərrə utanmaz!

Verdi bu hamı qonşulara sən`ətü dövlət,

Dünya, sənə lənət!

Səsləndi, gedək siz yatın həmmamdə rahət,

Bicadı bu zəhmət!

Islam uşağı yatsın ayağında fələqqa,

Bu növ`di  tə`lim.

Vursun buların başına həm mirzə tərəqqa,

Eylin onu təkrim.

Ey vay, bu fələk qoydu bizi löqməyə həsrət,

Qaldıq biz adamsız!

Verməz dəxi bir çörək tapmağa fürsət,

Get, yatgilə şamsız!

Öz bildiyini qıldı müsəlmanlara dövran,

Əl işdən üzüldü.

Çaqçaq başın ağrıtdı, kefin çəkdi dəyirman,

Iş həcvə düzüldü.

Bu çərxi-sitəmkarın aman məsxərəsindən!

Bais, balan ölsün!

Baxmış bu müsəlmanlara qəm pəncərəsindən,

Çərxin üzü dönsün!

Əvvəl bu fələk cümlədən əymişdi damağı,

Qəm kasəsi daşdı.

Axırda bizim başımıza vurdu çanağı,

Su başdan aşdı.

Bir rus görəndə oluruq xar yanında,

Quzu, keçiyik biz.

Keçməz sözümüz bir pula sərdar yanında,

Çünki nəçiyik biz?!

Tanrı buna şahid –

Quzu, keçiyik biz...

 

Ilk dəfə “Molla Nəsrəddin” jurnalında (4 avqust, 1906, â„– 18) “Molla Nəsrəddin” imzasız ilə çap olunmuşdur.

Jurnalda satiradan əvvəl C.Məmmədquluzadənin “Qoloşapovun geri çağırılması” adlı felyetonu dərc edilmişdir.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info