Qonaq Kitabı
CƏHD EYLƏ, SƏN ANCAQ NƏZƏRİ-XƏLQDƏ PAK OL

Cəhd eylə, sən ancaq nəzəri-xəlqdə pak ol,

Məxluqu inandır;

Xasiyyətin od olsa da, ətvardə xak ol,

Sök aləmi, yandır;

Xəlqin nəzərin cəlb elə qurşağə, qəbayə,

Məclubi-üyun ol;

Hər hiyləvü biclikdə gir, əlbəttə, əbayə,

Imanə sütun ol;

Sə`y eylə ki, saqqal uzanıb üç çərək olsun,

Papaq ona nisbət;

Qurşaq da, bilirsən ki, on arşın gərək olsun,

Təfsilə nə hacət...

Qoyma yerə təsbihini, əl çəkmə duadən,

Övrad oxu daim;

Məclisdə çəkib dut özünü, ol nücəbadən,

Söz söylə mülayim;

Iştə geyinib məzhəbi, imanı büründün,

Pək möhtərəm oldun;

Indi nəzəri-xəlqdə sən pak göründün,

Əhli-kərəm oldun;

Başdan-ayağa əmnü əman oldu vücudun,

Zöhd ilə bitişdin;

Nolmaq diləyirdinsə, həman oldu vücudun,

Məqsudə yetişdin!

Vəqt oldu ki, imdi edəsən aləmi talan,

Dut, qoyma qaçanı!

Hökm imdi sənindir, dəxi çək işlərə saman,

Yığ müşkül açanı;

Dul övrətə bidad elə, eytamə xəyanət,

Xovf etmə əcəldən;

Məkr isə özün qıl, oxu şeytanə də lənət!

Şad ol bu əməldən,

Əl çəkmə hiyəldən,

Təzvirü dəğəldən,

Imanı da versən,

Vermə pulu əldən!..

 

Ilk dəfə “Molla Nəsrəddin” jurnalında (21 iyul, 1906, â„– 16) “Hop-hop” imzasız ilə çap olunmuşdur.

 

Jurnalda satiradan əvvəl redaksiya tərəfindən “Tərəqqi əlamətləri” adlı bir felyeton dərc edilmişdir.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info