Qonaq Kitabı
QOCALIQDAN ŞİKAYƏT

Əfsus qocaldım, ağacım düşdü əlimdən,

Səd heyf cəvanlıq!

Zə`f eylədi aciz məni, qaldım əməlimdən,

Çəkdim nə ziyanlıq!

Saldıqca cəvanlıqda keçən günləri yadə

Dərdim olur on qat!

Ya rəb, yetərəm birdəmi dünyadə muradə?

Heyhat və heyhat!

Saqqal ağarıb, bel bükülüb, dinmə, filani!

Övqatım olub təlx;

Övrət də yaxır saqqalıma gündə hənani,

“Rişi ki, bərəng əlx...”

Yad olsun o günlər ki, muradımca gəzərdim

Sazəndə Oruğnan;

Min acizü biçarələrin başın əzərdim

Sillə, yumuruğnan,

Bu sayədə hər ləhzə edib səyü təlaşi,

Sərvət qazanardım;

Təhsil eləyib qol gücünə əmri-məaşi,

Dövlət qazanardım.

Əzalər isə süst olub imdi qocalıqdan,

Bir dadrəsim yox!

Görməzmisən əhvalımı, düşdüm ucalıqdan,

Fəryadrəsim yox;

Heç yerdə səsim yox,

Kəskin nəfəsim yox,

Fikrimdi cəvanlıq,

Başqa həvəsim yox!..

 

Ilk dəfə “Molla Nəsrəddin” jurnalında (23 iyun, 1906, â„– 12) “Hop-hop” imzası ilə çap olunmuşdur.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info