Qonaq Kitabı
MAHİ-KƏN`ANIN BATIB, EY PİRİ-KƏN`AN, QƏM YEMƏ!

Mahi-Kən`anın batıb, ey piri-Kən`an, qəm yemə!

Ta gülüstanın olubdur beyti-ehzan, qəm yemə!

Ey dili-möhnətzədə, ol şad, ləbrizi-sürur,

Kəsb namərdi qılar əfkarü vicdan, qəm yemə!

 

Olmadı məqsudunuzca dövri-çərxi-gəcmədar,

Qalmalıdır böylə halət üzrə dövran paydar,

Qismətindir, etgilən həm ruz, həm şəb nalə, zar,

Ey rəiyyət, ey fəqirü fəhlə, dehqan, qəm yemə!

 

Sübh tezdən dur ayağə, şamətək çək zəhməti,

Güclülərdən də eşit, hər növ föhşü töhməti,

Sən zəlil ol, eybi yox, qoy güclü çəksin ləzzəti,

Qoy səni xar eyləsinlər xanü əyan, qəm yemə!

 

Işlə, qoy qəddin bükülsün, işlə, annın tərləsin,

Işlə, ac qal, ac bəhayimtək əyalın çərləsin,

Zülmdən fəryadü dadı qoy dilin əzbərləsin,

Qarət etsin ruzunu molla və bəy, xan, qəm yemə!

 

Çəçgilən ömrün çatınca, binəva, ahü fəğan,

Böylə pünhan sirrlər olmaz sənə hərgiz bəyan,

Molla Nəsrəddin, “Lisanülqeyb”ə oldun tərcüman,

Ruhi-pakindir sənə hər dəm sənaxan, qəm yemə!

 

 

Ilk dəfə “Molla Nəsrəddin” jurnalında (2 iyun, 1906, â„– 9) “imzasız çap olunmuşdur.

 

Bu şer Sabirin ilk məlum nəzirələrindəndir. Məhəmməd Hadinin Hafizdən tərcümə etdiyi bir qəzələ nəzirə olaraq yazılmışdır.

Qəzəlin farscasında ilk beyt belədir:

“Yusifi güm keştə baz ayəd bə Kən`an ğəm məxur,

Külbəyi əhzan şəvəd ruzi gülüstan ğəm məxur”.

 

Hadi bu beyti belə tərcümə etmişdir:

“Mahi-Kən`anın gələr, ey piri-Kən`an, qəm yemə!”

Beytüləhzanın olur bir gün gülüstan, qəm yemə!”.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info