Qonaq Kitabı
BİLMƏM NƏ GÖRÜBDÜR BİZİM OĞLAN OXUMAQDAN?!

Bilməm nə görübdür bizim oğlan oxumaqdan?!

Dəng oldu qulağım!

Jurnal, qəzetə, hərzəvü hədyad oxumaqdan

Incəldi uşağım!

Əqlin aparıb bəs ki, baxır gündə qərayə,

Ya rəb, nə həmaqət!

Söz etməz əsər, çarə qalıb imdi duayə,

Tədbir elə, övrət!

Lənət sənə, ifritə, sənindir bu cəhalət,

Etdin nə xəyanət!

Səndən törənibdir bizim evdə belə bid`ət,

Ey mayeyi-hiylət!

Dutsun çörəyim gözlərinin ağü qarasın,

Ey həmsəri-bədxah!

Haşa, oda yaxmaz ana istəkli balasın,

Kəssin səni allah!

Bu tifli oğutmaqlığa etdin məni tərğib,

Həp eylədin iğva.

Imdi nədi fikrin? İşimiz oldu bu tərkib,

Yox çarəsi əsla.

Heyhat ki, tədbir ola bu xanəxərabə,

Zail olub əqli.

Dərsə, qəzetə, məktəbə, jurnala, kitabə

Mail olub əqli.

Yıxdın evimi, eylədin övladımı zaye,

Iş keçdi məhəldən.

Mən anlamıram elm nədir, ya ki, sənaye,

Zarəm bu əməldən!

İstərdim o da mən kimi bir hörmətə çatsın,

Dünyadə dolansın;

Ta qol gücünə malik olub şöhrətə çatsın,

Azadə dolansın;

Bir vəqtidir imdi ki, olub Rüstəmi-dövran,

Bir ad qazanaydı;

Qarətlər edib ta ki, tapaydı sərü saman,

Bir şey də qanaydı.

Puç eylədin, övrət, bu gözəl, sadə cəvani!

Dilbilməz oğul, vay!

Rəngi saralıb, qalmayıb əsla yarı cani,

Bir gülməz oğul, vay!

Ax, naxələf oğlum, nə çətin məşqə düşübsən,

Ey kaş, usanaydın!

Quldurluğa yox, elmə tərəf eşqə düşübsən,

Bu qübhü qanaydın!

Ey nuri-düçeşmim, oxumaqdan həzər eylə,

Saleh vələd ol, gəl!

At min, hünər öyrəş, məni də bəxtəvər eylə,

Işdə bələd ol, gəl!

Bəsdir oxudun, az qala canın tələf oldu,

Bu kardən əl çək!

Yazmaq, oxumaq başına əngəl-kələf oldu,

Əş`ardən əl çək!

Min elm oxuyub söz biləsən, hörmətin olmaz

Bu dari-cəhanda;

Söz bəhrinə gövhər olasan, qiymətin olmaz,

Xasə bu zəmanda.

Yox, yox, baxıram fikrinə, səndən oğul olmaz,

Canın bəcəhənnəm!

Mırt mırt oxumaqdan, kişi, bir qan ki, pul olmaz!

Mırtılda dəmadəm,

Qıl elm fərahəm,

Ol qüssəyə həmdəm;

Ömrün olacaq kəm,

Düşmən sənə aləm!...

 

 

Ilk dəfə “Molla Nəsrəddin” jurnalında (16 iyun, 1906, â„– 11) “Hop-hop” imzası ilə çap olunmuşdur.

Sabirin “Molla Nəsrəddin”in 8-ci nömrəsində (26 may 1906) dərc edilmiş “Ol gün ki, sənə xaliq edər lütf bir övlad” adlı satirasının başında C.Məmmədquluzadə tərəfindən yazılmış “Niyə mən dərsdən qaçdım?” sərlövhəli felyetonunun mabədi bu şerin əvvəlində çap olunmuşdur.



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info