Qonaq Kitabı
Qoyubdur intizarında, neçin gəlməz, neçin gəlməz?

Qoyubdur intizarında, neçin gəlməz, neçin gəlməz?

Həmişə ahü zarında, neçin gəlməz, neçin gəlməz?

 

Üzüldüm karivanımdan, əl üzdüm xanimanımdan,

Fələk incir fəqanımdan, neçin gəlməz, neçin gəlməz?

 

Gedibdir qafilə salar, olubdur gözlərim xunbar,

Nə bir yarü, nə bir qəmxar, neçin gəlməz, neçin gəlməz?

 

Könüldə ahü zarım var, səbrü nə qərarım var,

Deməz bir dilfikarım var, neçin gəlməz, neçin gəlməz?

 

O zülfü nərgisi-məstə, könül çoxdandı pabəstə,

Məni hicran edib xəstə, neçin gəlməz, neçin gəlməz?

 

Səri-kuyin gəzən könlüm gülü-ruyin sevər könlüm,

Vüsalın çox dilər könlüm, neçin gəlməz, neçin gəlməz?

 

Alıbdır canımı hicran, olubdur gözlərim giryan,

O məhvəş, nazənin canan, neçin gəlməz, neçin gəlməz?

 

Mənə hicran məşəqqətdir, fəraqın dərdi möhnətdir,

Nigarım xeyli müddətdir neçin gəlməz, neçin gəlməz?

 

Əzizim, göz yaşım qandır, işim fəryadü əfqandır,

O yarım harda mehmandır, neçin gəlməz, neçin gəlməz?

 

Yanar canım fərağından, tutar könlüm sorağından

Ki, çıxsın yar otağından, neçin gəlməz, neçin gəlməz?

 

Əlimdə ixtiyarım yox, gedib, səbrü-qərarım yox,

Yanımda gül-üzarım yox, neçin gəlməz, neçin gəlməz?

 

Səba, ol məhliqa dilbər, alıbdır canımı yeksər,

Könül ancaq onu istər, neçin gəlməz, neçin gəlməz?

 

Yetibdür ərş üzə dadım, tutub dünyanı fəryadım,

Mənim ol sərvi-azadım neçin gəlməz, neçin gəlməz?.

 

Qalıbdır Natəvan nalan, gecə-gündüz olur giryan,

Onun yox dərdinə dərman, neçin gəlməz, neçin gəlməz?

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info