Qonaq Kitabı
Nə mən olaydım, ilahi, nə də bu aləm olaydı

Nə mən olaydım, ilahi, nə də bu aləm olaydı,

Nə də bu aləm ara dil müqəyyədi-qəm olaydı.

 

Nə hicr atəşinə odlanıb yanaydı dilim,

Nə eşqin içrə könül böylə şad xürrəm olaydı.

 

Nə sərv qəddin olaydı, nə həsrətilə gözüm gur

Nə ruzgar fəraqində qamətim xəm olaydı.

 

Nə bəhr olaydı, nə ümman, nə böylə göz yaşı cari,

Nə gül üzündə, ilahi, bu növi şəbnəm olaydı.

 

Nə gül olaydı, nə gülzari-gülşənin dəxi seyri,

Nə xar möhnəti, bülbül, səninlə möhkəm olaydı.

 

Nə cah olaydı, nə zindan, nə karivan güzəri,

Nə Yusifi bu bəladə görən bir adəm olaydı.

 

Nə bəzm, olaydı, nə bazari Yusif əhvalı.

Nə rəhgüzərdə Züleyxa qəm ilə həmdəm olaydı.

 

Nə ah olaydı, nə əfsus, nə parə-parə könül,

Nə Natəvanın, ilahi, həvəsı dərhəm olaydı!



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info