Qonaq Kitabı
Nədəndir səndə əylənməz güli-dövran, xuda hafiz

Nədəndir səndə əylənməz güli-dövran, xuda hafiz.

Mənə həm gəldi getmək növbəti, yaran, xuda hafiz!

 

Cahanda olmadı bir də görəydim mah rüxsarın,

Nə qədri cəhd qıldım, olmadı imkan, xuda hafiz!

 

Neçin sən tərki-mehr etdin, vəfadən əl çəkərlərmi?

Məgər əhdi vəfa etməz məhi-xuban, xuda hafiz!

 

Rəqiblər qoymadı yetsin əlim bir daməni-vəslə,

Xəyalilə keçirdim ömrümü nalan, xuda hafiz!

 

Nə səbrü taqətim qaldı, nə əqlü huş bilmərrə,

Onunçün çeşmi-pürxunum olur giryan xuda hafiz!

 

O gün kim məhşəri-kübra olur, vəhm et o gündən ki

Tutub dərmanını dildən çəkim əfqan, xuda hafiz!

 

Üzüb əl Natəvan candan ki, ta ümmidi-vəsl etməz,

Dili qəmgin, cigər pürxun, olub suzan, xuda hafiz!



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info