Qonaq Kitabı
Səhərgəh nagahan gördüm dili-zarım nihan ağlar

Səhərgəh nagahan gördüm dili-zarım nihan ağlar,

Sirişgi-alilə hərdəm çəgər ahü fəğan ağlar.

 

Sual etdim nə baisdir çıxıb əflakə əfqanın?

Tökər xuni-cigər ceşmin, axar hər yan rəvan ağlar?

 

Könül huşyar imiş məndən, dedi: Badi-səbadan sor!

Sərasimə qalıb heyran, çəkər ah, əlaman, ağlar.

 

Səbadan sordum əhvalı ki, ey hər haldan agah,

Nə vaqedir, səni tarı, olub dil natəvan ağlar?

 

Dəxi badi-səba, gördüm, bəsi dilkiru nalandır,

Təkəllüm yox bəyan etsin, qalıbdır bizəban, ağlar.

 

Tutulmuş nitq güftarı, dedi: Ey Natəvan xəstə,

Necə şərh eyləyim halı ki, cümlə insü can ağlar.

 

Gəzirdim bağu səhranı, pərişan halilə, gördüm

Dəyib badi-xəzan sərvə qurumuş, bağban ağlar.

 

Zəban sözdən qalıb xali, tərəhhüm etdim əhvalı,

Gözümə tar olub dünya, dəmadəm cismü can ağlar.

 

Bəli, gər gül budağına toxunsa tünd badi-dəhr,

Pərişan olsa gül bərki, edər bülbül fəğan, ağlar,

 

Pozuldu rövnəqi-gülşən, dağıldı zinəti bağın,

Düşüb tabu təravətdən, gül ağlar, gulsitan ağlar.

 

Düşəydi çərx gərdişdən, olaydı dəhri-dün viran,

Bəşər tab eyləməz hərgiz, zəminü asiman ağlar.

 

İlahi, görməsin gözlər, yaman gündür belə günlər,

Aman verməz qəmü möhnət, hamı pirü cavan ağlar.

 

Firavandır qəmim, şərhin bəyan etmək deyil mümkün,

Yaz, ey müstovfiyi-aləm, mudam əhli-cahan ağlar.

 

Midad olsa əgər dərya, qələm olsa əgər əşcar,

Başa yetməz qəmim şərhi, qələm hər ləhzə qan ağlar.

 

Tənim rəncur, dil xəstə, dəxi bir qəmkusarım yox,

Kimə şərh eyləyim dərdim, gedər tabü tavan ağlar.

 

Bəli, cün kövkəbi-tale vəbal etsə fələk içrə,

Nühusətlə qiran eylər, olur gün gər yaman ağlar.

 

Bu divani-qəzavətdir, müqəddər ruzi-əzzəldən!

Ki, hər dəm növbənöv qəmlər yetər, bu Natəvan ağlar.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info