Qonaq Kitabı
Hicrin edibdi könlümü bərbad, ağlaram

Hicrin edibdi könlümü bərbad, ağlaram,

Çoxlar tutar bu halıma irad, ağlaram.

 

Könlüm evi xərabtər oldu fəraqdən,

Vəslin bu mülkü etmədi abad, ağlaram.

 

Dami-fəraqdəkən, çox ilahü labələr

Etdim, nə sud, etmədi azad, ağlaram.

 

Nə hicri-yarə taqətü halım vəfa edər,

Nə vəslə çatmaz əl, edibən dad ağlaram.

 

Çəkdikcə cövri-hicrini könlüm fərəh tapar,

Şadam bu əmrə, bəs niyə naşad ağlaram?

 

Guyində məhrəm etdi rəqibi, səfa ilə

Qəhr ilə etmədi məni həm yad, ağlaram.

 

Hicrində xoşdur ağlamaq ahü fəğan ilə,

Səs verməsə bu naləvü fəryad, ağlaram.

 

Çün Natəvani-zarü zəifəm fəraqdən,

Bu gündə yar etməsə imdad, ağlaram.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info