Qonaq Kitabı
Özün eşq atəşinə vurmağa dilşad pərvanə

Özün eşq atəşinə vurmağa dilşad pərvanə,

Bəli, bir dəfə yanmaqdan olur azad pərvanə.

 

Görür məclislər içrə şəmi hər şəb yar, əğyarə,

Onunçün yanmağın tərhin qılır bünyad pərvanə.

 

Sənə, ey şəm, töhmətlər qılır məşuqlər içrə,

Əgərçi xərməni-ömrün qılır bərbad pərvanə.

 

Demə məşuqə bipərvadı, şəmə kim məlamətdən

Verib can sübhədək oldu vəfadən şad pərvanə.

 

Bilib şəmin vəfasın cismü canın atəşə yaxdı.

Qəmi-hicran dəmi-vəslətdə etdi yad pərvanə.

 

Cəfayi-hicridən canə yetib şövqi-vüsal ilə,

Yanıb şəmin oduna etmədi fəryad pərvanə.

 

Yanar çün Natəvan xəstə, müdam ol atəşi-qəmdən,

Səbur ol, eylə adət şiveyi-ustad, pərvanə!



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info