Qonaq Kitabı
Nə oldu bülbülə kim, qıldı gülsitan tərkin

Nə oldu bülbülə kim, qıldı gülsitan tərkin

Unutdu güllərini, etdi aşiyan tərkin.

 

Kim ilə münis olubdur, kimə salıb meylin?

Rəvamidir eləmək yari-mehriban tərkin?

 

Könül ki, xari-cəfadən həmişə nalandır.

Yaralıdır, eləməz naləvü fəğan tərkin.

 

Çiraği-rövşəni-bəzmi-umid ikən, ya rəb,

Səbəb nə oldu, o məh etdi həmzəban tərkin?

 

Baxarmı qeyrilərə çeşmi piri-Kənanın?

Edərmi aşiq olan Yusifi-zaman tərkin.

 

Sənin fəraqinə canımda tabu taqət yox,

Təni-fusürdə, əziza, edərmi can tərkin?

 

Cəhanı tərk eləməz kim ki, aşiqi-candır,

Həyatdan üzüb əl, eyləməz cəhan tərkin.

 

Qərari-canım idi, kəsdi can təvanəsini

Üzüldü qüvvəti-can, etdi Natəvan tərkin.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info