Qonaq Kitabı
Xöcəstə bülbüli-xoşnitq, xoşzəban, getmə!

Xöcəstə bülbüli-xoşnitq, xoşzəban, getmə!

Mənə tərəhhüm elə, qoyma Natəvan, getmə!

 

Bu gülşən içrə, gülüm novşüküftə bir gülsən,

Sənə hənuz deyil mövsimi-xəzan, getmə!

 

Məni - fələkzadəyə rəhm qıl, səni tari,

Qaşın kimi qəddimi eyləyib kaman, getmə!

 

Sənin bu gözlərinə gözlərim ola qurban,

Bir-iki dəm mənə ol bari həmzəban, getmə.

 

Yeni nümüvv eləyən, sərvvəş, dayan bari,

Sirişkimi qoy edim payinə rəvan, getmə!

 

Mənə ki, guşeyi-cəşm ilə bir nəhan baxdın,

Tez öldürər məni bu möhnəti-nəhan, getmə!

 

Düşə əyaqdən ol sərvi-qamətin, billah,

Qiyaməti gətirər başimə əyan, getmə!

 

Bu cismi-zarım üçün məhz ruhsən, axır,

Tutar qərar məgər, ruhsuz rəvan, getmə!

 

İki gözüm işığı, şahzadə simbərim,

Məni də yoldaş apar, qoyma Natəvan getmə!



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info