Qonaq Kitabı
1905-Cİ İLDƏ

17 şəkildə pyes

 

 

İ Ş T İ R A K  E D Ə N L Ə R

 

 

Q o c a  B a x ş ı – köhnə işçi

G ə n c  B a x ş ı – komsomolçu

G ə n c  S o n a – komsomolçu qız

S a l a m o v  Ə m i r a s l a n b ə y – mədən sahibi

A ğ a y a r – onun əlaltısı

B a h a d ı r b ə y – millətçi intelligent

A ğ a m y a n – erməni kapitalisti, mədən sahibi

H a y k a z – onun oğlu, zabit məktəbi tələbəsi

Q u b e r n a t o r – Bakı general-qubernatoru

M a r i y a  T i m o f e y e v n a – onun arvadı

A l l a h v e r d i  Ə s r i y a n – Qarabağ kəndlisi (erməni)

N a b a t – onun arvadı

E y v a z – onun oğlu, inqilabçı-işçi

S o n a – Allahverdinin qızı

I m a m v e r d i – Qarabağ kəndlisi (türk)

G ü l s ü m – onun arvadı

B a x ş ı – onun oğlu

V o l o d y a – inqilabçı-işçi

İ s a k, A r ş a k, A r a m, M u r a d, M a k s i m o v, B a x m e t y e v, İ ş ç i  S ə m ə d -  işçilər

K a r a p e t

A x u n d

K e ş i ş

P o l i s m e y s t e r

Q r a d o n a ç a l n i k

K ö m ə k ç i – Qarabağ uryadniki

M ə h k ə m ə  s ə d r i

P r o k u r o r

M ə h k ə m ə  p r i s t a v ı

İşçilər, kəndlilər, qadınlar, kazaklar, zabitlər, qorodovoylar, uşaqlar.

 

 

BAŞLANĞIC

 

G ə n c B a x ş ı şeylərini yığışdırıb yola hazırlaşır. S o n a çox tutqun halda çamadanının üstündə oturmuş, düşünür. İçəridə, otaqda kim isə oxuyur. Tar çalınır...

 

Saçın ucun hörməzlər,

Neynim aman, aman, neynim aman, aman, sarı gəlin!

Səni mənə verməzlər.

Neynim aman, aman, sarı gəlin!

Sarı gəlin, aman, sarı gəlin, boy-boy, sarı gəlin!

Gəl-gəl səni alım...

 

G ə n c B a x ş ı. Sona, sən deyəsən, heç tələsmirsən...

G ə n c S o n a (başını qaldırmayaraq). Nə var?

G ə n c B a x ş ı. Eşitmirsən?.. Sabah bizim üçün kolxozdan stansiyaya at göndəriləcəkdir. Vaxtında yetişməliyik. Gecikmək olmaz... Sona! Neçin danışmırsan? Deyəsən, heç getmək fikrində deyilsən...

G ə n c S o n a. Yox, Baxşı, sən get. Mən getməyəcəyəm...

G ə n c B a x ş ı. Neçin, Sona? Biz ki, iş dalınca gedirik. Sən kəndə getməkdən boyun qaçırırsan?

G ə n c S o n a. Yox! Mən qaçırtmıram. Mən ancaq oraya getməyəcəyəm.

G ə n c B a x ş ı. Haraya?

G ə n c S o n a. Sən gedən yerə! Mən başqa kəndə gedəcəyəm.

G ə n c B a x ş ı. Sona! Axı, ikimizi də bir yerə yazmışlar.

G ə n c S o n a. Məni çox dindirmə. Mən gedib öz adımı pozduracağam.

G ə n c B a x ş ı. Sona!

G ə n c S o n a. Məni dindirmə, deyirəm.

 

                Sonanın atası Q o c a B a x ş ı əlində tar, gülərək içəri girir.

 

Q o c a B a x ş ı. Sona! Sən, qızım, neçin Baxşı ilə bir yerdə getmək istəmirsən?

G ə n c S o n a. Istəmirəm.

Q o c a B a x ş ı. Səbəbi nədir?

G ə n c S o n a. Heç bir səbəbi yoxdur. Bilmirəm.

Q o c a B a x ş ı. Sən Baxşını sevirsən?

G ə n c S o n a. Mən heç kəsi sevmirəm. Mən heç bir şey bilmirəm. Məndən heç bir şey sormayın...

Q o c a B a x ş ı. Sən onunla bir yerdə getməkdən qorxursan?

G ə n c S o n a. Mən heç bir şeydən qorxmuram.

Q o c a B a x ş ı. Yox, qorxursan.

G ə n c S o n a. Mən nədən qorxacağam?..

Q o c a B a x ş ı. Sən illər boyu mühitimizi boğub üzən çürük fikirlərdən, acı dillərdən qorxursan. Sən azərbaycanlısan, Baxşı erməni. Azərbaycanlı qızının erməniyə getməsi bu vaxtadək görünməmiş bir işdir. Sən bundan qorxursan. “Nə deyərlər?” – budur səni qorxudan. Sən özünü gücsüz hiss edirsən. Ona görə də onunla bir yerdə getmək istəmirsən. Elədirmi?

G ə n c S o n a. Ata, əvvəl başdan onu deyim ki, mən Baxşını heç sevmirəm. Ikinci, indiki halda siz dediyiniz şeyləri düşünmənin yeri yoxdur. Üçüncüyə qalanda... əsrlərdən bəri düzəlmiş, bərkimiş, beyinlərə işləmiş adətləri, cəmiyyətin əxlaq normalarını yoğuran düşüncələri, çəpərləri birdən-birə söküb, birinci olaraq irəli çıxmaq yüngül bir şeydirmi?

Q o c a B a x ş ı. Bu, indiki zamanda lazımdır. Dayan, Sona, sən mənə qulaq as, Sona. Sənə kiçicik bir şey danışım. O, bizim keçirtdiyimiz həyatın bir faciəsidir, qara bir kitabdır. Mən onu sənə göstərə bilərəm... (Qoca Baxşı durub o biri otağa keçir).

G ə n c B a x ş ı. Sona!

G ə n c S o n a. Baxşı, sən atamın sözlərinə baxma! Mən, səni sevməyi fikrimdən belə keçirməmişəm.

 

                    Qoca Baxşı əlində qara cildli bir kitab olaraq qayıdır.

 

Q o c a B a x ş ı. Budur, Sona! Bu qara bir kitabdır. İstəsən, al, özün oxu!

 

                   Sona alıb kitaba baxır və qaytararaq.

 

G ə n c S o n a. Bu, ərəb əlifbası ilə yazılmışdır. Mən oxuya bilmirəm.

Q o c a B a x ş ı. Oxuya bilməzsən, çünki bu hərflər artıq sənə yabançıdır. Bir azdan sonra gəncliyimiz bu qara kitabı oxuya bilsə belə, hər halda anlaya bilməyəcəkdir. Çünki oradakı həyat ona yabançı və xəyali bir uydurma kimi görünəcəkdir. Halbuki burada yazılanlar bir xəyal deyil, hələ dünən keçirtdiyimiz qara bir həqiqətdir. Otur, Baxşı, sən də qulaq as! Mən özüm sizin üçün bu kitabdan bir neçə səhifə oxuyaram. Bunları mən öz gözümlə görmüşəm, öz qulağımla eşitmişəm və öz əlimlə yazmışam. Mən əzbərdən də danışa bilərəm. Hər ikiniz qulaq asın!.. Eşidirmisən, Sona? Qulaq as!..

G ə n c S o n a. Eşidirəm!..

Q o c a B a x ş ı. İyirminci əsrin ilk illəri idi. Gənc Baxşı seminariyadan Qarabağa, öz kəndlərinə, öz evlərinə qayıtmış, Sonanı da burada görmüşdü. Baxşı türk idi, Sona erməni. O zamanlar Sona on altı yaşında idi. Sona hündürboylu, gülümsər, gözəl, tən yerişli, şux gülüşlü bir qız idi. Onlar qonşu idilər.

 

                      İşıq yavaş-yavaş azalır. Yuxarıda işıq artır.

 

 

BİRİNCİ ŞƏKİL

Qarabağın yaşıl bir yamacında kiçicik bir kənd... N a b a t həyətdə təndir üstündə oturub corab toxuyur. G ü l s ü n, əlində corab toxuyaraq, onun yanına gəlir.

 

G ü l s ü m. Ay Nabat bacı! Ay Nabat bacı! Bu yiyəsi ölmüş çil toyuq iki gündür yenə də fal aparır. Heç bilmirəm hara baş götürüb gedir, deyirəm, bəlkə, sizin hinə gəldi.

N a b a t. Hinə bax, ay Gülsün bacı, dünən hindən iki dənə qərib yumurta tapmışam.

G ü l s ü m. Yiyəsi ölmüş bir yerdə oturub qaxıla bilmir.

N a b a t. Ala, bunları da apar, dünən axşam əyirmişəm.

G ü l s ü m. Nə xəbər, qaçhaqaç deyil ki, mənim hələ əyrilmiş yunum var.

N a b a t. Sən allah, ay Gülsün bacı, mallar gələndə sən onları bir az yemlə, mən Eyvazı yola salım.

G ü l s ü m. Dana gəlib, yemləmişəm, o biriləri də farağat elərəm. Sən arxayın ol, işini gör.

E y v a z (əlində şeyləri girərək). Hə, ana, araba hazırdır, daha dayanma, xırdamırdanı ver bayıra. Xoş gördük, Gülsün xala, sənin keyfin, əhvalın? Bu nədir, ay xala, indidən saçların ağarıbdır, eyib deyil?

G ü l s ü m. Eh, dünyanın dərdi-qəmindən.

E y v a z. İmamverdi dayı ilə aran necədir? Görünür, yaxşı baxmır?

G ü l s ü n. Mürdəşir yusun Imamverdi dayının üzünü, heç sifətini görürəm? Səhərdən yenə Allahverdi kişiyə qoşulub, heç bilmirəm hara itib gedibdir.

İ m a m v e r d i (Allahverdiylə gəlir). Hansı cəhənnəmə getmişəm. Köpək oğlunun xarabasında qoyurlar rahat oturaq, bir parça zəhrimarımızı yeyək. Bir ay bəylik, bir ay biyar, üç ay qış, üç ay yaz, vur-tut bir ay işləyirsən.

A l l a h v e r d i. O da tövcü, naloq, dinməver.

İ m a m v e r d i. Baş pulu, su pulu. Köpək uşağı, Allahın suyuna da çəpər çəkiblər ki, nə var mənimdir.

A l l a h v e r d i. Naçalnikə ver, pristava ver, uryadnikə ver, kəndxudaya ver, yüzbaşıya ver, köməkçiyə ver, miraba ver, ver... ver... ver...

E y v a z. Canınız var, verməyin.

İ m a m v e r d i. Verməzsən, gönümüzü soyarlar. Keçən il aranda taxıllar yandı, mirab köpək oğlu su buraxmadı ki, buraxmadı.

E y v a z. Siz də çıxarın qovun hamısını kənddən, qurtardı getdi.

A l l a h v e r d i. Ay çıxartdıq ha. Qorx ki, onlar bizi çıxartmasınlar.

İ m a m v e r d i. Nə vecinə, oturmuşsan Bakıda, nə üçdə alacağın var, nə beşdə verəcəyin. Asuda mənəm ki, xər nədarəm, əz arpasaman xəbər nədarəm.

A l l a h v e r d i. Allahın altında bir neçə yüz manat pulum olaydı, verəydim naçalnikə, olaydım kəndxuda, sonra mən bilərdim neylərdim.

İ m a m v e r d i. Mən əvvəl-əvvəl arvadı boşardım, gedərdim təzə bir arvad alardım.

G ü l s ü m. Kül sənin başına, kəndxudalıq elə o yırtıq çul-çuxana yaraşır.

İ m a m v e r d i. Ey, ey, arvad, əlini özünə yığışdır. Allaha and olsun vurram yıxaram səni yerə, çıxaram qarnının üstünə, ökələrəm səni. Rəhmətlik oğlu Eyvaz da getdi özünə peşə tapdı, nə var mən raboçu olmuşam, bir naçalnikdən-zaddan olmadı ki, nəmalə işimiz düşəndə düzəltsin.

E y v a z. Mən əgər naçalnik olsaydım, əvvəl-əvvəl sizin hamınızı divara söykəyib, güllələrdim.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [ 16-13 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info