Qonaq Kitabı
SEVİL

 

4 pərdəli pyes

 

 

İŞTİRAK EDƏNLƏR

 

S e v i l

B a l a ş

G ü l ü ş

A t a k i ş i

B a b a k i ş i

M ə m m ə d ə l i b ə y

Ə b d ü l ə l i b ə y

D i l b ə r

T a f t a

G ü n d ü z

 

 

 

BİRİNCİ PƏRDƏ

 

B a l a ş ı n e v i. Köhnə qayda ilə döşənmiş bir ev. S e v i l tək oturub oxuyur.

 

S e v i l.

Ey bivəfa yar səni,

Necə salım yada mən?

Çərxi fələk qoymadı,

Kam alım dünyada mən.

Aman, ay aman, zalım yar! (2)

 

Sənə nə olub, zalım yar?

Qadan, balan alım yar.

Sən ki, belə deyildin,

Səni bir öyrədən var.

Aman, ay aman, zalım yar! (2)

 

G ü l ü ş (əlində lampa gəlir). Sevil, nə üçün belə solğunsan, yoxsa bir yerin ağrıyır?

S e v i l. Yox. Gülüşcan, heç bir yerim ağrımır.

G ü l ü ş. Necə yox, gözlərin qıpqırmızı qızarmışdır, yenə də ağlayırsan?

S e v i l. Ürəyim sıxılır. Gülüşcan. Balaş bu gün də bu vaxtacan gəlib çıxmamışdır.

G ü l ü ş. Sən də öz qaydası ilə dünəndən bəri ac oturub, onun yolunu gözləyirsən.

S e v i l. Nə edim, Gülüş, zəhrimara qalsın o çörək ki, biz yeyirik. Yazıq Balaş gecə-gündüz ac-susuz işləyir. Bir saat evdə çörək yeməyə əli çatmır. Budur, yenə də iki gündür evə gəlməmişdir.

G ü l ü ş. Nə olsun?

S e v i l. Nə olacaq, əvvəllər yoxsul idik, gündüzləri çalış-vuruş, əlimizə düşən bir parça çörəyi axşam şad ürəklə yeyib, dinc yaşayırdıq. İndi Allah bizim üçün bir parça ruzu yetirmişdir, amma bir-birimizin üzünü də doyunca görə bilmirik: o, ac işləyir, mənim də boğazımdan çörək getmir.

G ü l ü ş. Ax, Sevil, sən yazıq adamsan. Axı sən nədən bilirsən ki, doğrudan da Balaş gecə-gündüz işləyir, özü də ac-susuz qalır?

S e v i l. Necə bilmirəm?

G ü l ü ş. Sən ki, onun yanında deyilsən.

S e v i l. Özü deyir də... İşləmirsə, bəs hara gedir? Evə gələn kimi alayarımçılıq bir stəkan çay içər-içməz tez durub işə gedir. Allah kəssin belə işi ki, nə gündüz vaxtı var, nə gecə... Hə... daş düşsün qızın olan gününə. Bu rus, erməni qızları yenə yaxşıdırlar. İvanın arvadı özündən çox məvacib alır. Biz hələ oturmuşuq, gözümüzü dikmişik kişinin əlinə: ağa gətirsin navala, xanım doldursun çuvala. Allahın altında əlimdən bir iş gələ idi, gör necə Balaşa kömək edərdim.

G ü l ü ş. Yazıq Sevil! Sən nə qədər yazıqsan, sən bilsəydin dünyada nələr olur... (Kitabı açıb kağızı görür) Bu kağız kimindir?

S e v i l. O, Balaşın kitablarının arasında idi, bu gün yerə düşmüşdü.

G ü l ü ş. Yenə də ondan?

S e v i l. Kimdən, Gülüş? (Gülüş kağızı əzir) Gülüş, yavaş, əzdin ki, içində amma yaxşı bir arvad şəkli vardır. Başında belə bir daraq, yaxasında belə bir gül, bir aç bax.

G ü l ü ş. Sevil, sən nə qədər yazıqsan! Sənin başında qorxunc bir oyun oynayır, sən isə günlərcə ac oturub, Balaşın yolunu gözləyirsən.

S e v i l. Nə edim, Gülüşcan, o işləyir, ac qalır, mənim də boğazımdan çörək getmir.

G ü l ü ş. Sən bu arvadı tanıyırsanmı?

S e v i l. Haradan? Hələ şəklini görmüşəm. Odur, bir şəkil də Balaş gətirib divara vurubdur, deyir bir yerdə işləyirik. Dedim gedək biz də bir yerdə şəklimizi çəkdirək, divara vuraq, razı olmadı. Görəsən, Gülüşcan, mənim də şəklim çıxar? Ay Allah, bir şəklim olsun görüm necə çıxıram.

G ü l ü ş. Gedək, Sevil! Mən sənin şəklini çəkdirim.

S e v i l. Yox, a qız, heç Balaş razı olar? Ondan soruşmamış hara gedə bilərəm. Kaş, Gülüş, mən də sənin kimi olaydım, oxuyardım, Balaşa kömək edərdim.

G ü l ü ş. Sən yazıqsan, Sevil, yazıq!

S e v i l. Gülüşcan, nə üçün axır vaxtlar sən tez-tez mənə yazıq deyirsən?

G ü l ü ş. Ax, Sevil, sən doğrudan da yazıqsan, hər şeyə Balaşın yoxsulluq gözü ilə baxırsan, sənə bütün dünya da onun səadəti üçün gərəkdir, özün üçün heç bir şey istəmirsən.

S e v i l. Əlbəttə, Allah onun kölgəsini mənim başımdan əskik eləməsin.

G ü l ü ş. Onun kölgəsi bu qara çadradır, o sənin başında durduqca, sən yazıq olacaqsan.

S e v i l. Bəs nə edim?

G ü l ü ş. Çıxart, cır tulla!

S e v i l. Bəs Balaş nə deyər? Heç razı olarmı? O heç sənin də başıaçıq gəzməyinə razı deyil.

G ü l ü ş. Mən ki, gəzirəm.

S e v i l. Daha sən dəliliyinə salmısan, çarəsizlikdən söz deyə bilmir, özü də, səni özünə bacı hesab etmir və həmişə deyir ki, Gülüş dəlidir, danışığını bilmir; amma mən onun arvadıyam, sözündən çıxa bilmərəm; ər ki var, Allahın kölgəsidir.

G ü l ü ş. Boş sözdür, nə Allah var, nə də kölgəsi.

S e v i l. Əstəğfürullah!.. Əstəğfürullah!.. Gülüşcan, sən allah, elə sözlər danışma.

G ü l ü ş. Sən yazıqsan, Sevil! Sən adamlara o qədər inanmışsanki, sənin gözlərini qara pərdə örtmüşdür; mən o pərdəni yırtmaq istəyirəm. Ancaq onun dalınca elə bir dəhşət durmuşdur ki, sənin o dəhşətə dayana biləcəyinə inanmıram.

S e v i l. Necə, necə? Təşti-tabağı sındıracaqsan?

G ü l ü ş. Təşt-tabaq nədir?

S e v i l. Bilmirəm, sən deyirsən ki, pərdə-mərdəni yırtacağam, təştitabağı sındıracağam. Gülüş, sən allah, bir məni yaxşı-yaxşı başa sal görüm, nə edirsən?

G ü l ü ş. Ah, Sevil, bu saat dünyanın çarxı köhnə oxundan çıxmış. Bütün həyat bir zəlzələ keçirməkdədir.

S e v i l. Nə olub, zəlzələ olacaq dedin? (Gülüş gülür). Sən allah, Gülüşcan, gülmə. Bir yaxşı-yaxşı məni başa sal görüm, pərdə-mərdəni niyə yırtacaqsan?

G ü l ü ş. Ay Sevil, artıq oyun sona varmaqdadır, çox çəkməz ki, sən özün görərsən.

A t a k i ş i (qucağında uşaq içəridən çıxır).

 

Ay sənə qurban inəklər,

Bu balam haçan iməklər.

Ay sənə qurban ilanlar,

Bu balam haçan dil anlar.

 

G ü l ü ş. Ay ata, bunları haradan öyrənmişsən?

A t a k i ş i. Hey... Qızım, bunları bir zaman sənin anan oxuyardı.

S e v i l. Nə yaxşı da yadında qalmışdır, ay əmi!

A t a k i ş i. Çox bilirdim, ancaq hamısı yadımdan çıxıb.

Dağda darılar,

Sünbülü sarılar.

Köhnə qarılar

Bu balama qurban.

 

İlxıda atlar,

Çöldə göy otlar,

Ərsiz arvadlar

Bu balama qurban.

 

G ü l ü ş. Bu yaxşı, nə üçün bəs arvadlar, özü də təkcə ərsizlər, kişilər yox?

S e v i l. Çünki kişi evin sütunudur. Arvad nədir, oturub saman çuvalı kimi evin bir küncündə, nə ölüyə hay verir, nə diriyə pay. Ancaq, əmi uşaq üçün belə şeylər oxuyanda, Balaşın xoşuna gəlmir. Deyir ki, adam yanında oxuma, deyərlər kəttiküttü havasıdır, vayuşkadır, nədir, ondan oxuyun, deyir.

A t a k i ş i. Hə, kətti-küttü havası olanda nə olar? Vayuşka nədir? Onun, deyəsən, çox oxumaqdan huşu bulaşıbdır.

S e v i l. Hey yalvardım, öyrətsin, vaxtı olmadı.

G ü l ü ş. Olmaz, istəməyə vaxt tapar, öyrətməyə yox.

A t a k i ş i. Yaxşı, acığı gəlir, daha oxumaram. Axşam oldu, bu uşağı tut, mən gedim bir vedrə su gətirim.

S e v i l. Yox əmi! Sənin əlin şikəstdir, mən adam tapıb gətirdərəm.

A t a k i ş i. Yox, babam, su gətirmək nədir? İşsiz darıxıram. Mən ömrümdə bir gün də olsun işsiz qalmamışam. Indi nə edim, zalım oğlunun maşını əlimi şikəst elədi, atdı məni evin küncünə, yoxsa məni evdə tapmaq olardı?!

S e v i l. İndi, Allaha şükür, nə olmuşdur ki?

A t a k i ş i. Bilirsən, qızım, dünyanın işi belədir: adam evə qazanc gətirməyəndə, qədir-qiyməti olmur; ana da çox qazanan oğlu çox sevər. Mən belə deyildim. Yeniyetmə igid idik, sənin atan Babakişi ilə; yaxşı adamdır; haçandır o məlunu görməmişəm.

S e v i l. Mən də altı ildir görməmişəm.

A t a k i ş i. Babakişi onda lap sıpa kimi idi. Hə, onunla meşəyə oduna gedərdik. Bu sağ əlimi görürsənmi, hansı ağaca atsaydım, bu yoğunluğunda ağacı kökündən qoparıb, böyrü üstə yıxardım. O vaxtlar dəyənək iş görərdi, çomağıma dağ dayanmazdı. Bir yol ditdili Həsənin gündəyməzindən bir ağac zolladım ki, iki ay sümüklərinə yağlıxəmir saldılar. Ey... qızım, indi zalım oğlunun maşını yıxdı mənim evimi; oğul möhtacı olub qaldım. Hər çörək yeyəndə elə bil ki, zəhrimar yeyirəm.

S e v i l. Sən Allah bəsdir, ay əmi, ürəyim birtəhər oldu. Balaş bu sözləri eşitsə, qiyamət qoparar. Adam öz oğlundan kömək görməsə, onda oğul nəyə gərəkdir?

A t a k i ş i. Doğrudur, qızım, yaxşı-yaman, yenə də oğuldur. Ancaq bilirsən nə var? Mən uşaqlıqdan harın yaşamışam, mən Allahıma bəndəlik eləməmişəm, dağlarda, düzlərdə, yamaclarda atımın indi də izi qalır. Bircə mənim bu əlim tuta idi. İndi, qızım, mənim təsəllim bir vedrə su, bir qucaq odundur, onu da mənim  əlimdən almayın.

S e v i l. Sən Allah, bu da sözdür, bu yazıq Balaş gecə-gündüz çalışır, kimin üçün qazanır?

G ü l ü ş. Ata! Sənin sözün doğrudur. Sənin bu qırıq əlin indiki həyatın girdablarından balıq tutmaz. Bu geyim ilə ölümdən başqa heç bir şeyə yaramazsan.

S e v i l. Necə, ölümdən?

G ü l ü ş. Bəli, ölümdən. Ancaq sən gənc və sağlamsan. Balaş səni anlamır; o səni həyatdan gizlədir, uydurur, o səni öz istədiyi kimi yağışdan çıxarıb yağmura salacaqdır. Ancaq, qorxma, ata, sən mən deyəni et, mən səni yaşadaram.

A t a k i ş i. Odur ki, qızım, mən də Allahdan ölüm istəyirəm; kim nə deyir desin, arvad mərhəmətinə güvənməkdənsə ölüm yaxşıdır.

G ü l ü ş. Yox, ata, mən sənə mərhəmət etməyəcəyəm. Mən səni doktora aparacaq, sağaldacaq, işə salacağam; mən sənə qarşı amansız olacağam: yayın isti günlərində dil-dodaq yanırkən, mən sənə su daşıtdıracağam; qışın soyuq gecələrində şaxtadan iliklər donurkən, mən sənə odun daşıtdıracağam, ocaq qalatdıracağam, səninlə bir yerdə qızınacağam. Sənin geniş qəlbinə mərhəmət nankorluqdur.

S e v i l. Bircə, ay əmi, sən onun sözlərinə qulaq asma; indi, Allaha şükür, nə var, evimiz-eşiyimiz, pulumuz, dolanacağımız; bir dur, ay əmi, vedrələri boşaldım.

G ü l ü ş. Ata! Mən səni dəmir yolunda maşınçılıq kurslarına yazdıracağam, gedərsənmi?

A t a k i ş i. Yox, yox! Maşına yoxam, qızım, şeytan işidir, qorxuram.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [ 16-10 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info