Qonaq Kitabı
Şuri-eşqin başıma axırı sövda gətirir

Şuri-eşqin başıma axırı sövda gətirir,

Bu müşəxəssdi ki, eşq aşiqə qovğa gətirir.

 

Tari-zülfündü məni böylə giriftar eləyib,

Nə gələ başıma, ol zülfi-mütərra gətirir.

 

Gül üzün görmək əgər mümkün olaydı bir dəm,

Hər zaman görmək onu nuri-mücəlla gətirir.

 

Qaşü göz, novki-mücə fitnə üçün cəm olmuş,

Ox atıb, tiğ cəkib, hər biri dəva gətirir.

 

Könlümü qarət edir eylə ki, tari-zülfün,

Rumə, sanki həbəşi ləşgəri-yəğma gətirir.

 

Naqənin varmı şüuru bula aşıq guyin,

Onu Məcnunə tərəf cəzbeyi-Leyla gətirir.

 

Yusifin sanma, dübarə görə Yəqub üzün,

Mehr bazarına gör getsə, Züleyxa gətirir.

 

Yusifi Misrdə gər aldı Züleyxa nəqdə,

Nəqdi-can, aşiq olan, əldə mühəyya gətirir.

 

Sidqi-qəlb ilə nisar etmiş idin can nəqdin,

Natəvan, mücdə bu gün, qətlinə fərman gətirir.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info