Qonaq Kitabı
ZARAFAT

 

Əvvəlinci dəfə mən “İrşad”ın 65-ci nömrəsini oxuyanda elə bildim ki, Şamaxı deputatı Nəcəf Yəhya oğlunun məktubu və Ağayevin bu məktuba cavabı ciddi surətdə yazılıblar, amma ikinci dəfə oxuyub gördüm ki, Nəcəf Yəhya oğlunun da məktubu zarafatnan yazılıb. Ağayevin cavabı da zarafatnan yazılıb.

Hər kəs istəyir ki, bu yazıların zarafat, ya ciddi olmaqlarını başa düşsün, “İrşad”ın 65-ci nömrəsini tapsın və Nəcəf Yəhya oğlunun məktubu ilə Ağayevin cavabını bir də oxusun.

Nəcəf Yəhya oğlunun məktubu “İrşad” idarəsinə yetişən vaxt Ağayev elə bilib ki, bu məktub zarafatnan yazılıb və bu səbəbdən Ağayev də götürüb zarafatnan cavab yazıb.

Molla Nəsrəddindən qabaq belə zarafatlar yox idi; indi hamı Molla Nəsrəddinə baxıb başlayıblar zarafatnan yazmağa.

Başlayaq Nəcəf Yəhya oğlunun məktubundan. Amma buradan bir haşiyə çıxıb bunu da ərz edirik ki, bu məktubu Nəcəf Yəhya oğlu yazmayıb, bu məktubu Hacı Məcid əfəndi ya özü yazıb, ya öz yavıq adamlarının birinə yazdırıb; ondan ötrü ki, Nəcəf Yəhya oğlu bu cür kağızları yaza bilən adam deyil və bunu şamaxılı qardaşlarım təsdiq edə bilər.

Hələ bunun eybi yoxdur. Belə hesab edək ki, Nəcəf Yəhya oğlu özü yazıb; keçək məktubun məzmununa.

Nəcəf Yəhya oğlu yazır ki, “Bu müəzzəm ileyh şəxsin (yəni qazı Hacı  Məcid əfəndinin) millət yolunda, ittihad, ittifaq, tərəqqi və marif yolunda göstərdiyi səyləri və etdiyi ciddü cəhdləri bir-bir tedad etməyi[i] artıq bilirəm”.

İnşallah, Nəcəf Yəhya oğlu bu sözləri gülməkdən ötrü deyir; ondan ötrü ki, millətin ittihad və ittifaqı yolunda Hacı Məcid əfəndinin səyi məhz bu olubdur ki, öz sekretarı[ii] Qayıbova yer açmaqdan ötrü gecədə bir dəfə Nəcəf Yəhyayevi göndərib inspektor Leontiyevin evinə ki, sünni və şiə uşaqları üçün iki elmi-ilahi müəllimi saxlasın və bu cəhətdən şamaxılıların içinə sünni və şiə məsələsi salıb.

Tərəqqi və maarifə də gələndə Hacı Məcid əfəndinin barəsində biz bunu ərz edə bilərik: əvvələn, cənab Hacı Məcid əfəndi Cümə məscid mədrəsəsinin nizamını pozdu və mollalara vəqfdən verilən məvacib və ianəni kəsdirdi ki, qazı İbrahim Xəlil əfəndinin övladı müdərrislik edib şöhrətlənməsinlər və Hacı Məcid əfəndinin nüfuzunu əksiltməsinlər.

Əgər cənab Nəcəf Yəhyayev tərəqqi və maarif yolunda çalışmaq buna deyir, dəxi bir özgə iş! Yoxsa Hacı Məcid əfəndi hansı mədrəsəni zəmanəyə görə tərtibə qoydu və qırx-əlli mollaya təlim verdi? Nə vaxt müntəzəm, davamlı, mütəəddi müdərrisli[iii] bir mədrəsə vücuda gətirdi, savayı ondan ki, bacısı oğlu üçün bir yalançıq məktəb açırdı və o da ki, mömün müsəlmanların duasının bərəkətindən qoydu getdi işinə.

Bir-iki qohum və əqrəbasından və bir neçə dövlətli tanışlardan savayı Hacı Məcid əfəndinin kimə faydası dəydi?

Bellərini ismətli qızlara ovuşduran Həmid paşaları və Hacı Mustafaları və qeyri yoldaşlarını məclislərin sədrində əyləşdirən, ikiqat olub onlara hörmət və təzim göstərən və bu surətlə onların bəd əməllərinə rövnəq verən Hacı Məcid əfəndi deyilmi?

Hər il dövlətli hacılara kağız yazıb fəqirlərin haqqı olan zəkat pullarını yığan, bisavad və nadan mollalara şəhadətnamə verən Hacı Məcid əfəndi deyilmi?

Bəli, hələ bunların eybi yoxdur, keçək Nəcəf bəyin məktubuna.

Cənab Nəcəf Yəhyayev deyir ki, Hacı Məcid əfəndinin evi məvacib ilə tikilmə-yib; çünki iyirmi beş manat məvacib ilə əlli min manatlıq ev tikdirmək olmaz.

Molla Nəsrəddin bu doğruluqda sözün qabağında dəxi bir söz danışmağa acizdir və lakin söz burasındadır ki, Hacı Məcid əfəndinin qeyri bir yerdən, qeyri bir mülk və məaşdan, qeyri bir kənd və kəsəkdən mədaxili yoxdur. Bəs əlli min manatlıq, ya iyirmi beş min manatlıq ev məgər göbələkdir ki, öz-özünə yerin altından pırtdayıb çıxsın?

Amma öz aramızdır, Diyallı kəndinin barəsində Nəcəf Yəhya oğlu bir az zarafat eləyir; ondan ötrü ki, Hacı Məcid əfəndinin Diyallı kəndindəki atadan qalma evi məhz iki-üç dənə balaca örtülüdən ibarətdir.

Hələ bunun eybi yoxdur, bu da hələ qalsın.

Cənab Nəcəf Yəhya oğlu yazır ki: “Mən cəmi islam tərəfindən vəkiləm”.

Burada bir söz yadıma düşdü:

Danabaş kəndinin mollası mərhum Molla Tarqulu həmişə deyərdi ki, Danabaş kəndi yer üzünün “göbəyi”dir; yəni mərkəzidir.

Yazıq Molla Tarqulu, allah sənə min rəhmət eləsin! İndi sağ olaydın və görəydin ki, dünyada Şamaxı da var imiş və bu Şamaxıda Yəhyayevlər var imiş ki, özlərini cəmi islam tərəfindən vəkil hesab eləyirlər.

Yazıq Danabaş kəndi, bə sən nə vaxt Yəhyayevə vəkalətnamə göndərdin?

Vaqeən hər kəs Nəcəf Yəhyayevin məktubunu oxusa, elə biləcək ki, Yəhyayev zarafat eləyir və biçarə Ağayev də elə bilib ki, Yəhyayev zarafat eləyir və Ağayev də Yəhyayevə baxıb götürüb zarafatnan cavab yazıb.

İndi yazıq şamaxılılar da elə bilirlər ki, Ağayevin cavabı ciddi bir cavabdır; məsələn, Ağayev yazıq: “Ustadi-kamilimiz olan Hacı Məcid əfəndi”.

Molla Nəsrəddin də iqrar edir ki, Hacı Məcid əfəndi ustadi-kamildir. Buna da dəlilimiz budur ki, Hacı əfəndi indiyə kimi heç bir həqiqi alimi yavığına qoymayıb; hətta məclis üzvlərinin ikisini də qüdrətsiz və cahil mollalardan təyin elətdirib ki, sirlərini və politikasını açmasınlar və ona qul kimi tabe olsunlar; necə ki, indi olurlar.

Sonra Ağayev yenə zarafatnan yazır: “Hacı Məcid əfəndi aləmi-islama böyük-böyük xidmətlər etməklə cümlə müsəlmanların öhdəsinə əvəzi olmayan minnətlər qoymuşlar. Canları ilə, dilləri ilə, qələmləri ilə bu dairədə fədakarlıqlar ediblər və bu cəhətdən məlazül-möminin və məlcəül-müslimindirlər”[iv].

Yəqin ki, biçarə şamaxılıların heç fikrinə də gəlməyib ki, bu sözlər gülməkdən ötrü yazılıblar.

Bəli, canları ilə fədakarlıq ediblər. Bəli, canları ilə, yəni bədənləri ilə, yəni fədakarlıq eləyə-eləyə əriyib çöpə dönüblər.

Bunu şamaxılılar bizdən yaxşı bilirlər. Axırda ölmədik, bunu da gördük ki, şöhrətpərəstlik, tamahkarlıq, tərəfgirlik, tənpərvərlik[v], müstəbidlik və mühibriyasətlik kimi təbiətlərin sahibinə məlazül-möminin və məlcəül-müslimin adı qoydular.

Bir də Ağayev deyir ki, Hacı Məcid əfəndinin barəsində “İrşad” idarəsinə gön-dərilən yazıları “bir dəstə qayırmışam, inşallah Hacı əfəndinin hüzuruna təqdim olunar”.

Bu sözlər də zarafatdır; ondan ötrü ki, qəzetçilik vəzifəsini Ağayev hamıdan yaxşı bilir.

Bu işlərin hamısını adam mülahizə eləyəndə adamın yadına, məsələn, Zəngəzur acları düşür. Sonra adam öz-özünə deyir ki, dəxi niyə ürəyimi sıxıram? Şamaxıda ki, “məlcəül-müslimin” var, dəxi niyə ürəyimi sıxıram?!

Sonra adamın yadına vəhşi Qafqaz müsəlmanları düşür; adam yenə öz-özünə deyir ki, dəxi nə qəm eləyirəm, Şamaxıda ki, “məlazül-müslimin” var.

Sonra adamın yadına əcnəbi millətlərin ayağının altında payimal olan və yavaş-yavaş mətruk olmağa[vi] üz qoyan müsəlman millətləri düşür, yenə adam deyir ki, niyə qüssə eləyirəm, Şamaxıda Hacı Məcid əfəndi kimi “pənahgahımız” var.

Sonra adamın yadına yenə çox-çox şeylər düşür; amma sözü müxtəsər söyləmək bunların hamısından yaxşıdır.

 

 

Molla  Nəsrəddin.

“Molla  Nəsrəddin”,  21 aprel,  1907,  N 16.



[i]  Saymağı.

[ii]  Katibi.

[iii]  Bir neçə müəllimi olan.

[iv]  Möminlərin xadimi və müsəlmanların ümidi, pənahı.

[v]  Öz canını istəmək, öz xeyrini güdmək.

[vi]  Tərk olmağa, yox olmağa.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info