Qonaq Kitabı
YAR İLƏ GÖRÜŞMƏK

 

Nə xoşdur bir zaman bir dilbərin eşqinə zar olmaq

Ümidi-vəsl ilə hicrində müddət biqərar olmaq.

 

Həqiqət, əgər xoşdur dilbərin visalı ümidində olub, onun yolunda ahü zar etmək, pəs gör necə xoşbəxtdirlər uzun ayrılıqdan sonra yar ilə görüşənlər! Necə xoşdur:

Uzaqdan yarını görcək əsib könlü, qaçıb rəngi,

Qalıb surət kimi, dildən düşüb biixtiyar olmaq.

 

Bu qədər var ki, dünyayi-fanidə az-az şəxslərin alnına belə xoşbəxtlik yazılıb. Bununla bərabər, dilbərin visalı ilə xoşbəxt olanlar yenə gahbir tapılırlar.

Axır vaxtlarda yar ilə görüşməklik kamına yetənlər, əvvəla, Bakıda müsəlman cavanlarıdır ki, məktəblərdə dərslər başlanandan bəri küçələrdə balaca uşaqların intizarını çəkib, onları axırda ziyarət etdilər.

 

Yetib nagəh visalə, kamə yetmək çərxi-kəcrudən,

Dolanmaq başına, şayisteyi-busə kənar olmaq.

 

Tamam üç aydır ki, məktəblər bağlı, küçələr boş, cavanlarımız sərgərdan, balaca məhbublardan ayrı düşüb, Məcnun tək biixtiyar veyillənməkdə idilər. Üç ay demək, nə damək! Tətil icad edəni allah evini yıxsın! İnsafən, çətindir.

 

Çətindir hicrdə seylabi-dərdü qəm hücumundan,

Zəlilü zarü bimiqdarü xarü xaksar olmaq.

 

Dünyada məşuqun vəsli ilə ikinci xoşbəxt olanlar müfti və şeyxük-islam cənablarıdır ki, bu günlərdə təzə təyin olunan ekzarxın, yəni rus millətinin rəisi-ruhanisinin görüşünə getdilər.

Həqiqət, “məhəbbət bir bəla şeydir”. Çünki ruslar içində də rəsm bu cürdür ki, bir vilayətə təzə varid olan şəxs əvvəl lazım gördüyü yerlərə görüşə gedəndən sonra bu cənabın “vizitinə” gəlirlər. Və lakin:

 

Vüfuri-şövqdən tab eyləmək, billah, deyil mümkün,

Ədəb, neylim, olur qalib, çətindir şərmsar olmaq.

 

Üçüncü xoşbəxtlər...

Lal ol, ay Molla! Nə səmər hasil olacaq bu sözlərdən? Kimdir sənə qulaq verən? Kimdir məcmuə və qəzet oxuyan?

Qulaqlar kar, gözlər kor, hisslər tar, zövqlər məhv!..

Kimdir bir qəpik qara pul verən sənin ləhvü ləəbinə? Kimdir etina edən sənin həcv və məsxərənə? Sən ha yaz, yaz, yaz, yaz, yaz, yaz!... Amma bilirsənmi sənə nə cavab verəcəklər? Sənə deyəcəklər:

Eşitmək gündə yüz min sərzənişlər xoşdu düşməndən. Nəzərdən düşüb, biar tək bietibar olmaq.

 

 

Molla  Nəsrəddin

“Molla  Nəsrədin”,  8 sentyabr,  1906,  N 23.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info