Qonaq Kitabı
XOŞ TƏQRİR

 

İnsan həmişə danışanda gərək elə danışa ki, içindən bir şey çıxa, nəinki hədərən-pədərən. Bir məsəl var deyərlər: “Hər nə salarsan aşına o çıxar qaşığına”. Doğru-dan da belədir. Birinə bir yaxşılıq eləsən, söz yox ki, zad olar, bu...adı nədi... zad kimin... nəstə kimin... Şair deyir ki, “Hər dəm əz-ömr mirəvəd nəfəsi”. Söz yox ki, anlayan bir tükdən də anlar. Hərçənd bir az başağrısı olur, amma nə eləmək, xuda-vəndi-aləm insanı və xanları xoş gündə xəlq eləyib. Məsələn, əgər onlar xoş gündə xəlq olmasaydılar, onların barəsində bu qədər danışmazdılar. Sözüm bunda deyil. Sözün canı gərək olsun. Söz nə qədər gödək olsa, o qədər yaxşı olar. Allah ölənlə-rinizə rəhmət eləsin, bir zad var idi.. adı nədi... hə... Kərbəlayı İmamqulu əmi. Bu Kərbəlayı İmamqulu əmi deyirdi ki, biri var idi, biri yox idi, bir qarı var idi, tumancığı dar idi, bir gün bu qarı getdi Arazdan su gətirməyə, şappadan dəydi buz üstünə, dedi – Ay buz, sən nə yamansan! Dedi ki, mən yaman olsaydım Arazda donmazdım! Dedi – Ay Araz, sən nə yamansan? Dedi – Mən yaman olsaydım, İrana sərhəd olmaz idim! Dedi – Ay İran, sən nə yamansan? Dedi –  Mən yaman olsaydım xanlar əllərinə ülgüc – bülöv alıb məni qırxmazdı! Dedi – Ay xanlar, siz nə yamansız? Dedi – Biz yaman olsaydıq, nəinki ayda, bəlkə gündə bir ləqəb almazdıq! Dedi – Ay ləqəblər, siz nə yamansız! Dedi – Biz yaman olsaydıq, bizi ləbləbi qiymətinə satmazdılar! Dedi – Ay ləbləbi, sən nə yamansan? Dedi – Mən yaman olsaydım, İranda duma qurulmazdı. Dedi – Duma, sən nə yamansan! Dedi “Yamanam” hay hamanam, buğlarımı buraram, xanları mən vuraram (Bıy, Molla əmi, şeir çıxdı). Hə, sözümün ucu necə oldu? Hə, məsələn, belə işləri adam görəndə təəccüb edir. Söz yox ki, bu nağıldı, amma genə necə olsa yaxşı zaddı. O... deyir ki... allah şairin qəbrini nurnan doldursun: “Mayeyi-eyşi-adəmi şikəməst”, bu söz yəni belə olmasaydı, bizim bəzi mollalarımız yeməkdən başqa bir özgə iş də görərdilər. Molla əmi, qurban olum sənin gözlərinə, incimə məndən, bir zad yadıma düşdü, qoy onu deyim, yəni hərçənd onun da mətləbə dəxli var, bu hacılar pulu yığıb görəsən nə eləyəcəklər?!

Amma bu “şansonetkarlar” ay İrəvandan pul çəkdilər ha! Bir az keyfim olaydı, başım yaxşı işləmir, heç bilmirəm ki, nə yazıram. İnsanın həmişə, ələlxüsus ki, zadların danışığı və yazısı gərək püribarə ola, məsələn, demək bu kağız kimi. Mənada yəni bir o qədər iş yoxdur. Mən bu işi yaxşı bilirəm, Cənabınıza məlumdur ki, gərək elə danışasan ki, heç zad qanmayalar. Belə adama “xoştəqrir” deyirlər. Məsələn, zad kimi, adı nədi.. Qoy qalsın sonra yazaram. Hə bir də, Molla əmi, sən allah bu elanı yaz qəzetində.

 

E l a n

 

İrandan yaxşı mumya gətirmişəm, misqalı bircə abbası. Mumyanın yaxşılığına söz yox. Dünən bir girvənkə Peterburqa müsəlman vəkillərinə göndərdim ki, həmişə dumaya gedəndə bir az atsınlar ki, qorxmasınlar. Çox gözəl şeydir, naigid malıdır.

Adres: İrəvan, Qaranlıq çarsu, Ağa Məşədi Kövsər.

 

Dəli.

“Molla  Nəsrəddin”,  7 aprel,  1907,  N 14.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info