Qonaq Kitabı
XƏNNAS

 

(Xənnas)[i]

Oruc bayramının günü Bakıda “Səadət” məclisində doktor molla Əbdülxalıq Axundovun sözlərini eşidəndən bu yana mənim fikrimə bir şey gəlir; mən yəqin edirəm ki, indi bir adam özünü tülkü libasına salıb, müsəlmanları yığa başına və deyə ki, “ay camaat, mən allaham”, hamı bu tülkünün sözünə inanıb, düşəcək səcdəyə və deyəcək ki, doğrudan, elə allah budur ki, budur.

Doktor molla Əbdülxalıq. Axundov bayram günü “Səadət” məclisində bu sözləri danışıb: “Həzarat, siz bilmirsiniz ki, nə səbəbə biz müsəlmanlar dalı qalmışıq, amma mən bilirəm. Səbəb budur ki, bizim evimizi yıxan Avropada təhsil tapmış cavanlarımızdır ki, müsəlmançılığı özlərindən kənar ediblər. Bizə belə oxumuşlar lazım deyil. Biz gərək öz dədə-baba qaydalarımız ilə təlim tapaq və öz köhnə yolumuz ilə gedək. Bizlər köhnə qaydalarımızdan çıxa bilmərik; yoxsa islam əldən gedər. Ona görə sizlər gərək bizə çoxluca pullar verəsiniz ki, köhnə qayda üzrə təzə məktəblər açaq və Tehrandan təzə mollalar gətirək ki, bizim əqidələrimizi düzəltsin”.

Bu, doktor molla Əbdülxalıq Axundovun sözləri.

İndi mənim də bir neçə sözüm var, cəmi vicdan sahiblərindən xahiş edirəm ki, mən qoca mollanın da bir neçə kəlmə sözünə qulaq versinlər və qulaq verəndən sonra zaiqəyə tapşırsınlar[ii].

Mənim sözüm budur:

Əvvələn, üç il bundan qabaq doktor molla Əbdülxalıq Axundovu görüblər bir qonaqlıq məclisində. Haman məclisdə bir neçə müsəlman kişisi və bir neçə də üzüaçıq müsəlman övrəti var idi. Doktor molla Əbdülxalıq Axundov öz əli ilə çaxır stəkanlarını doldurub, qoyub müsəlman övrətlərinin qabağına ki, içsinlər; amma övrətlər içməyiblər.

Məlumdur ki, əgər bir belə sözü Molla Nəsrəddin bir şəxsin barəsində yalandan danışsa, dəxi Molla Nəsrəddindən binamus adam dünyada gərək tapılmaya. Və əgər doktor Əbdülxalıq Axundov cavab versə ki, bu sözlər yalandır, – mən borclu oluram haman məclisdə olan şəxslərin hamısını şahid çəkəm.

Saniyən, bir neçə vaxt bundan qabaq doktor molla Əbdülxalıq Axundovu görüb-lər mehmanxanaların birində donuz əti yeyəndə. Əgər doktor Əbdülxalıq Axundov desə ki, bu söz yalandır, – mən borclu oluram müsəlman cavanlarımızdan bir nəfər mötəbərini bu işə şahid gətirəm.

Salisən, doktor Əbdülxalıq Axundov indiyədək hər bir “intelligent” məclisində oturanda buyurub ki, bizim evimizi yıxanlar mollalardır və bu sözü deyəndən sonra mollaların barəsində hər bir cür bihörmət sözlər danışıb. Əgər doktor molla Əbdül-xalıq Axundov bunu inkar eləsə,–  borclu oluram yüz nəfər şahid gətirəm.

Bircə sözüm qaldı: 

Bayram günü “Səadət” məclisində doktor molla Əbdülxalıq Axundov camaata təklif eləyib ki, pul yığsınlar, amma məlum deyil ki, doktor özü neçə min manat verib?

Bu səbəbdən bu məqalənin başında biz yazdıq: “Xənnas”. Bəlkə doktor “Səadət” məclisində öz varına görə bir neçə min manat ehsan eləyib, – əgər belə olsa, biz “xənnas” sözünü pozub, yazarıq məhz: “molla”. Əgər verməmiş olsa, haman sərlövhəmiz də elə öz yerində qalmalıdır.

Mənim fikrimə bir belə şey də gəlir:

Mən deyirəm ki, indi tutaq ki, cənab doktor Axundov özü gedib, Avropada təh-sil eləməmiş olaydı; belə tutaq ki, məsələn, Nəcəfül-əşrəfdə mollalıq dərsi oxuyub, adını qoyaydı hacı molla Əbdülxalıq və gəlib oturaydı Bakıda bir məscidin bucağında. İndi bir deyin görək, aya o vaxt cənab Axundov o qədər dövlət və hörmət qazanardı ki, indi doktorluqda qazanıb, yainki yox?

İnsaf sahiblərindən təvəqqə edirəm ki, bunu bircə cənab Axundovdan soruşsunlar.

 

*  *  *

 

Yenə gəldi təbimin dörddən biri,

Adını qoymusan molla və qazı,

Divardan asıbsan dünbəyi, sazı,

Niyə dindirmirsən bu boşboğazı,

Götürsün qələmi, sataşsın sənə?

 

Molla  Nəsrəddin.

“Molla  Nəsrəddin”,  25 noyabr,  1907,  N 44.



[i]  Şeytan.

[ii]  Fikirləşsinlər.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info