Qonaq Kitabı
XANIMLARA

 

“Füyuzat”ın 24-cü nömrəsində axırıncı səhifədə “Azad” təxəllüslü şair üzünü xanımlara tutub ərəbcə deyir:

Vətən övladının təmini-istiqbalı müşküldür.

Xanım qızlar əgər meydanə çıxmazlarsa mərdanə!

Yəni bizim dili tərcümə eləsək, bu sözlərin mənası belə olur. Əgər xanım qızlar kişi kimi meydana çıxmasalar, vətən övladının gələcəyə arxayın olmağı çətindir.

 

*  *  *

 

Mən dünən bu sözləri oxuyan kimi, tez qaçıb getdim evə və eyb olmasın, bizim Cəfərin anasına dedim:

- Arvad, dur ayağa! Dur get meydana!

Övrət baxdı üzümə, amma bir söz demədi; ancaq sağ əlinin barmaqlarını açdı, boğma çıxartdı.

Mən yenə övrətə dedim:

- Dur ayağa! Dur çıx meydana!

Övrət dəxi üzümə də baxmadı.

 

*  *  *

 

Maşallah yavaş-yavaş təzə sözlər eşidirik. İndi də “Füyuzat”ın şairləri başlayıb-lar ki, “xanımlar gərək mərdanə çıxalar meydana”.

Belə görsənir ki, şairin fikri Qarabağ xanımlarına gedir; çünki Qarabağ xanım-ları meydana çıxsalar da və, belə tutaq ki, birdən bərk yel əssə də, bunlara bir şey olmaz; amma bəlkə Naxçıvan və Təbriz xanımları çıxdılar meydana və birdən bərk yel əsdi, – onda yer üzündə yaşayan yetmiş iki əcnəbi millətlərə nə cavab verərik?

 

 *  *  *

 

Bir mətləb də var. Bunu cənab şair bizə bəyan eləsəydi yaman olmazdı: xanım-lar meydana çıxıb nə qayırsınlar?

Axı bunu uşaq da bilir ki, meydan xanım yeri deyil; meydana pəhlivanlar çıxıb küştü tutarlar və qoca kişilər də dükanları bağlayıb səhərdən-axşama kimi oturub, ağızlarını açarlar göyə, tamaşa elərlər və burada da yuxu tutar, mürgülərlər.

Bəs xanımlar meydana çıxıb nə qayırsınlar? Onda da hələ mərdanə!.. Hələ mərdanə nədir?

 

*  *  *

 

Axırda da şair farsca belə deyir:

Gərək bəxş eyləsin fərzəndə madər nuri-irfani.

Nasıl kim, bəxş edir xurşid pərtöv mahi-tabanə.

Bunu da bizim dilə tərcümə eləyəndə belə məna verir: Necə ki, gün işığını aya bağışlayır, habelə ana gərək övladına kamal işığını bağışlasın.

İnşaallah bizim analar bağışlarlar!

Yazıq şair qorxusundan övrət məsələsini fars və ərəb dilində danışır ki, Ordubad qırmızı saqqallıları başa düşməsinlər və hay-küy salmasınlar.

Amma nahaqdır; Ordubad camaatı, təmamən molladır. Mədrəsənin qabağında bazar çayına durub tamaşa eləyəndə, görürsən ki, elə hey çay baş-aşağa o tərəfdə-bu tərəfdə əllərində aftaba və başlarında əmmamə ağalar düzülüb çömbəliblər...

Bəlkə bu da ibadətdir?!.

 

Molla  Nəsrəddin.

“Molla  Nəsrəddin”,  20 avqust,  1907,  N 31.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info