Qonaq Kitabı
VEYİLLƏR

 

Hərdən bir mənim xəyalıma bir belə şey gəlir.

Bir ay bundan irəli Gəncə qubernatoru yazıb Şuşa naçalnikindən xəbər almışdı ki, nə səbəbə çəyirtgəni qırıb qurtarmadılar ki, Şuşa mahalının dördüncü uçastoku-nun əkinlərini tamamilə yeyib çıxdı başa?

Şuşa naçalniki qubernatora belə cavab verib ki, bikar adam tapılmadı ki, gəlib çəyirtkəni qırsın.

Bəli, bikar adam tapılmadı .

Bikar adam tapılmadı. Yəni naçalnik deyir ki, müsəlman içində bikar adam tapılmadı. Yazıq naçalnik! Yazıq naçalnik! Gəl səni aparım Naxçıxana, bir gör nə var nə yox.

Gəl sənə xəbər verim Naxçıvan veyillərindən.

Naxçıvan vilayətinin bir gözəl şəhəri var. Adı Naxçıvandır. Bu gözəl şəhərdə bir meydan var və bu meydanın adına “Darmayed”[i] meydanı deyirlər. Naxçıvan şəhərinin bəyləri gündə iki dəfə yığışırlar haman meydana: bir günorta vaxtı, bir də axşam vaxtı və başlarlar söhbəti.

Məsələn, biri deyir ki, “sərdar Naxçıvana gələndə bahar idi”. O biri deyir ki, “xeyr, payız idi”. Bu deyir: “xeyr, bahar idi”. O biri deyir: “xeyr, payız idi”. Genə bu deyir: “xeyr, bahar idi”, genə o biri deyir: “xeyr, payız idi”. Sonra bu biri deyir: “gəl mərc eləyək”. O biri deyir: “gəl mərc eləyək”. Bu deyir: “nədən?”, o biri deyir: “nədən?”. Genə bu deyir: “nədən?” genə o biri soruşur: “nədən?”.  Bu biri deyir: “yarım girvənkə tut qurusundan”. O biri deyir: “Yox, bir rumka araqdan”.

Qərəz, mübahisə çəkir axşama. Axırda bəhs edənlərin birini Əli bəy çəkib aparır, birini Vəli bəy çəkib aparır.

Sabahkı günü genə yığışırlar. Genə haman söhbət düşür ortalığa. Birisi deyir ki, “sərdar Naxçıvana gələndə gül vaxtı idi. Hətta əlimdə bir dəstə gül var idi, dedilər sərdar gəlir, gülü qoydum baqqal Kərbəlayı Ağanın dükanına və qaçdım tamaşa-ya”. O biri deyir ki, “xeyr, gül zad yox idi, yemiş vaxtı idi, hətta Kərbəlayı Həsənqulu yemiş çuvalların yükləmişdi eşşəyə və körpünün üstündən keçirdi. Hətta bu da yadımdadır ki, bashabas düşdü, eşşək yıxıldı palçığa. Mən də o qədər güldüm, o qədər güldüm ki, az qaldı ki, mən də yıxılam palçığa”.

Haman mübahisə hələ indi genə qurtarmayıb.

Hələ indiyə kimi məlum deyil ki, sərdar nə vaxt Naxçıvana gəlib.

Belədi!

Şuşa naçalniki deyir ki, müsəlman içində bikar adam tapılmır.

Elədi.

İndi ay cənab naçalnik, gələsən Naxçıvanın veyillərini qatovlayıb aparasan bir günün içində Qarabağın çəyirtkəsini qırıb qurtarsınlar.

Amma aparsan, yadında qalsın keçən il kimi bu yazıqları da ac qoyma, çörək göndər yesinlər.

Bəli, müsəlman içində bikar adam tapılmır.

Belədi!


Hərdəmxəyal.

“Molla  Nəsrəddin”,  1 iyul,  1907,  N 24.



[i]  Müftəxor.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info