Qonaq Kitabı
VƏTƏN MƏHƏBBƏTİ

 

Vətəndən bəzi səbəblərə uzaq düşən qarabağlılar bəlaya giriftar olan vətəndaşlarının əhvalını hər bir vasitə ilə yoluxub izhari-məhəbbət və təəssüf etməkdədirlər.

Peterburq darülfünününün tələblərindən bir Qarabağ ermənisi “Novoye vremya” qəzetində üzünü Şuşa şəhərlərinə tutub deyir: “Ax mənim qardaşlarım, yox olaydı o gün və o saat ki, mən vətəndən uzaqlaşdım, niyə mən bilmədim ki, siz bir belə dərdə düçar olacaqsınız? Niyə mən orada olmayaydım ki, sevgili qardaşlarıma əlimdən gələn qədər köməklik göstərib məzlumlara təsəliyyət verəydim! Ax! Bu sözləri yaza-yaza uşaq kimi ağlayıram, dəxi səbr edə bilməyib əvvəlinci dəmir yol qatarı ilə gəlirəm vətənə!”

Qarabağ əhalisindən vətən qardaşlarının halına yananların  ikincisi Şuşa qalası şahzadələrindən prins Seyfulla Qacar cənablarıdır. Müşarileyh “Tiflisski listok” qəzetinin 160-cı nömrəsinə bu məzmunda bir məktub göndərib:

“Cənab mühərrir, təvəqqə edirəm sizin sevgili qəzetinizdə mənim bu məktubu-ma yer verəsiniz: sizin qəzetinizin 156-cı nömrəsində Şuşa əhvalatı xüsusunda belə yazılıb ki, guya Şuşada yanan evlərin biri də şahzadələrin evidir ki, müsəlmanlar haman evi dava mövqeyi etmişdilər. Mən qorxdum ki, bu xəbəri hərə bir cür başa düşə və bu səbəbdən məlum edirəm ki, şahzadələrin atası mərhum Bəhmən Mirzə 1884-cü ildə vəfat edəndən sonra onun oğlanları başladılar yavaş-yavaş Qarabağdan hər bir yana köçməyə. Çünki Şuşa şəhərində elə bir ləzzət yoxdur ki, insan orada qalsın, vaqeən Şuşa qalası ürək sıxan şəhərlərin ürək sıxanıdır. Həmin vaxtdan indiyə kimi şahzadələr vətəndən bilmərrə köçüb Rusiya dövlətinin hərbi qulluğunda xidmət etməkdədirlər. Əvvəl-axır şahzadələrdən Şuşada bir ailə qalmışdır ki, o da şəhərdə əvvəl dəfə erməni-müsəlman davası düşən kimi köçüb Vladiqafqazda yaşayır. Sonra şahzadələrin evləri şəhərdə boş qalmışdı, onu da ki, yandırdılar və yandırandan sonra özləri üçün mövqe etdilər. Dəxi biz nə eləyək?

 

Müxlisiniz şahzadə Seyfulla Qacar”.

 

Bu gürcü milləti çox sırtıqdır. Hələ özgə işləri qalsın kənarda,  indi də başlayıblar ki, biz istəmirik ruhani rəisimizi Rusiya hökuməti təyin eləsin, necə ki, indiyə kimi eləyir. Biz öz işlərimizi özümüz idarə eləmək istəyirik.

Aşkardı ki, Rusiya hökuməti də hər bir nağıl-məsələyə qulaq verən deyil və bu yavuq vaxtlarda gürcülər üçün genə irəliki sayaq ilə böyük xəlifə (ekzarx) eləyib onlar üçün hədiyyə göndərmək istədi. Sırtıq gürcülər də ki, əl çəkən deyillər. Bu günlərdə tamam gürcü keşişləri padşahın vəzirinə bir belə teleqram çəkdilər: Biz eşidirik ki, bizə genə böyük xəlifə göndərirsiniz. Baba, biz istəmirik, vallah, billah, istəmirik, istəmirik, istəmirik.

Vaqeən gürcü milləti çox sırtıq millətdi. Görüm nədən ötrü bu sözləri deyirdim? Hə... Deyirlər ki, Şamaxı və İrəvanın qovunu çox şirin olur. Xülasə...

Bağışlayınız, başağrısı verdik.

 

Hop-hop

“Molla  Nəsrəddin”,  4  avqust,  1906,  N 18.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info