Qonaq Kitabı
VƏKİL

 

Müsəlman içində bir söz var deyərlər ki, “Kor atın da kor nalbəndi olar”.

Hələ bu qalsın kənarda.

“Rossiya” qəzetinin 538-ci nömrəsindən belə məlum olur ki, Məhəmməd ağa Şahtaxtinski gənclərindən bir az narazıdır.

Hələ bu da qalsın kənarda.

Məhəmməd ağa Şahtaxtinski Şeyx Fəzlullahın başına and içir ki, Rusiya hökuməti biz müsəlmanları özgə millətlərin hamısından çox istəyir.

Hələ bu da qalsın kənarda.

Amma gəncəlilərə bircə söz demək istəyirəm. İstəyirəm deyəm ki, Məhəmməd ağa Şahtaxtinskidən inciməsinlər.

Və buna üç səbəb var:

Əvvəlinci səbəb budur ki, Məhəmməd ağa gəncəlilərin vəkili deyil idi, İrəvan quberniyasında yaşayan müsəlman camaatının vəkili idi.

Məhəmməd ağanı gəncəlilər seçməyiblər, İrəvan və naxçıvanlılar seçiblər, belə olanda nə gəncəlilərin haqqı var Məhəmməd ağadan inciməyə, nə bakılıların və nə də qeyri müsəlmanların. Həyə Gəncədə Məhəmməd ağanı istəməyən altmış adam tapılsa, mən sənə İrəvandan altmış min xan taparam, Naxçıvandan altmış min bəy taparam, Danabaş kəndindən altmış min kərbəlayı və Uzunobadan altmış min hacı taparam ki, Məhəmməd ağadan yerdən göyə kimi razı olsunlar.

Bu əvvəlinci səbəb.

İkinci səbəb də budur, bu işlərin heç birinə təəccüb eləmək lazım deyil, ondan ötrü ki, “Kor atın da kor nalbəndi olar”.

Bu ikinci səbəb.

Üçüncü səbəb də budur ki, allah taala hər adamı bir cür yaradıb və dünyada bu qədər məxluqatın içində iki adam tapa bilməzsən ki, bir-birinə oxşasınlar. Bir tərəfdən götürsən ki, Tehranda vəziri-daxilənin təhriki ilə Seyid Məhəmmədtağı camaatı inandırır ki, qanuni-əsasi lazım deyil, bir tərəfdən Məhəmməd ağa Şahtaxtinski bizi istəyir inandıra ki, bəlkə padşahlıq duma heç müsəlmanlara lazım deyil. Amma bir tərəfdən də qanuni-əsasi və padşahlıq duma üstündə hədsiz qanlar tökülür.

Müxtəsər ki, heç kəs heç kəsə oxşamır. Nə Gəncənin məktəbdarları Peterburqun məktəbdarlarına oxşayır, nə Səlyanın arabaçıları özgə millətlərin arabaçılarına oxşayır, amma bunların hamısı ilə bərabər hərdən bir “Əcayibülməxluqat” kitabını qürbətdə açıb baxanda cəmi qohum-qardaşlarımı və həmşəhrlilərimi və həmvətənlərimi o kitabda görürəm. Və həmişə görəndə çox sevinirəm və öz-özümə deyirəm: “Buy, allaha şükür, deyəsən elə lap öz vilayətimizdi”.

 

Dəli.

“Molla  Nəsrəddin”,  17 sentyabr,  1907,  N 35.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info