Qonaq Kitabı
AŞİNA SƏDASI

 

Aşina danəd sədayi-aşina.

 

Mənim aşnam “Təzə həyat”ın 119-cu nömrəsində həcc məsələsindən söhbət açanda, söz yox, bilmirdi ki, onun “Aşina sədası”nı hamıdan qabaq Molla Nəsrəddin eşidəcək.

Min yaşasın sözün açıq danışan qələm sahiblərimiz!

 

*  *  *

 

Bu müxtəsər və qəlbi xeyir-duadan sonra “aşnama” bir neçə söz demək istəyirəm.

Məqalə sahibi belə yazır: “Cahil ruhanilərimiz həcc məsələsinə yanlış məna verməkdən həya etmirlər və avamı inandırırlar ki, həccə gedənlər ömrlərinin müddətində nə qədər günah ediblər, hamısı bağışlanacaq və bu biçarə qırmızısaq-qallılarımız bu cahilanə təriflərə inanıb və övladi-əqrabalarından min-min məşəqqət ilə pul tapıb, Hicaza gedirlər. Bunların qəsdi, əvvələn, günahlarını bağışlatmaqdır və ikinci, vətənə qayıtdıqdan sonra nüfuz, hörmət və etibar sahibi olmaqdır. Bunların çoxu oxumaq və yazmaq bilmədiklərindən qəzet və kitab oxumaqla məşğul olmazlar, ancaq saqqallarını qızardıb və bez parçasını papaqlarına sarıyıb, hind toyuqları kimi kəmali-əzəmətlə orada-burada dolanırlar”.

Sonra “aşnam” deyir: “Həccə getməyin hikməti-siyasiyyəsi budur ki, hər il dün-yanın hər ucundan olan müsəlmanlar bir nöqtəyə cəm olub, bir-birinə məlum olmayan nöqsanlarını və dərdlərini və siyasi hallarını bir-birinə bildirsinlər, bunla-rın islahı xüsusunda tədbir və vasitələr tapsınlar və vətənlərinə qayıdandan sonra vətəndaşlarını bu tədbir və vasitələrdən hali edib, bunları əncama gətirsinlər”.

Ey mənim “aşnam!”

Qadan alım, bizi niyə belə bərkə qısnayırsan? Balalarına qurban olum, ey mənim “aşnam”, bizi, axır, niyə zora salırsan? Qurban olsun sənə mənim canım! Deyəsən, elə Firəngistanda, maşallah, anadan olub, ömrünü orada keçiribsən və deyəsən heç bizlərdən xəbərin yoxdur! A belə atam-anam sənə qurban, bizə niyə yazığın gəlmir, niyə zora salırsan? Axır, biz haradan alaq sən deyən hacıları ki, “gedib Hicaza, müsəlmanların nöqsanlarını, dərdlərini və siyasi hallarını bir-birinə bildirsinlər, bunların islahı barəsində tədbir və vasitələr tapsınlar”?

Qadan alım sənin, ey mənim “aşnam!” Axır, bir bizim də halımızı mülahizə elə, yoxsa biz biçarələri bərkə qısnamaqdan qəsdin nədir? Ey mənim başımın sahibi “aşnam”, bizi niyə zora salırsan?

Bir yandan özün deyirsən “qırmızısaqqallılarımız”, bir yandan da deyirsən ki, “Hicaza gedib, siyasi hallarını bir-birinə bildirsinlər”. Ey mənim tacisərim “aşnam!” “Qırmızısaqqal” hara, “siyasi hal” hara? Heç bilirsənmi nə danışırsan? Qırmızısaqqal hacı hara, kitab və qəzet oxumaq hara?

Ey mənim gözümün nuru “aşnam” bir də bunu deyirsən ki, “qırmızısaqqa” hacılarımız həccdən qayıdandan sonra məhz bunu bilirlər ki, bez parçasını papaqlarına sarıyıb, hind toyuqları kimi orada-burada dolanırlar”. Bu sözləri oxuyanda mənim xəyalıma bir şey gəlir, mənim qəlbim bir şey arzu edir, bunu arzu edir ki, günlərin bir günü “aşnama rast gəlib, o vücudi-əzizi ziyarət edəydim və əl-ələ verib deyəydim: “Min yaşasın sözü açıq və mərdanə danışan qələm sahiblərimiz!”...

Keçək mətləbin özgə tərəfinə.

Ey mənim əzizim “aşnam”! Səndən bircə söz də xəbər almaq istəyirəm: belə fərz edək ki, həccə gedənlərimiz elmli, şüurlu və gözüaçıq müsəlmanlardır. İndi mənə izn ver, səndən bir söz soruşum: bir mənə cavab ver görüm, bu elmli, şüurlu və gözüaçıq hacılarımız nə cürətlə Osmanlı torpağına ayaq basa bilərlər?! Məgər bilmirsənmi ki, Osmanlı torpağına bir təzə adam daxil olan kimi xəfiyyələr milçək təki gəlib ətrafını alırlar və ciblərini və yüklərini axtarırlar ki, görsünlər bu adam nə işin sahibidir?

Şükr allaha, qırmızısaqqal hacılarımıza osmanlı məmurları indiyə kimi etdikləri hörmətin altından nə qədər ki, bizim canımız sağdır, qurtara bilməyəcəyik. Çünki hər bir kəs bunu yəqin edibdir ki, bizim indiki hacılarımızın ciblərində çoxlu puldan savayı və səlamətlik duasından savayı bir şey tapılmaz. Amma sən deyən kimi şüurlu, elmli hacıların birinin cibində olacaq “Türk” qəzeti, birinin cibində olacaq “Həblül-mətin”, birinin cibində “İctihad”, “Şurayi-Osmani” və qeyri bu cür bic-bic qəzetlər. Məgər sultan Əbdülhəmidin vəkilləri və “şərifi-Məkkə” vali paşaları və bunların kompaniyaları o cür şüurlu adamları Məkkəyə qoyarlarmı ki, oradakı camaatın da gözlərini açsınlar? Məkkəyə oxumuş və elmli hacılarımız getsələr, o vaxt “şərif”lərin ya “vali”lərin sandıqları nə ilə dolacaq və bu zalımlara və dinsizlərə kim boyun əyəcək?

Ey mənim nuri-çeşmim “aşnam”! Niyə məni dəli-divanə edirsən? Niyə qoymursan öz yerimdə oturum, bozbaşımı yeyim və allaha şükr eləyim? Niyə bizi zora salırsan ki, sultanın və onun dostlarının yanında bu qədər biədəblik göstərək?

Sən elə bilirsən ki, əgər Məkkəyə şüurlu adamlar getsələr, oradakı müsəlmanlar-la siyasi məsələlər barəsində söhbətlər edərlər. Amma burasını nəzərdən çıxardırsan ki, osmanlıların ən şüurlu və ən həmiyyətliləri Məkkədə və Məkkənin ətrafındadırlar. Məgər bunlar burada ağız açıb danışa bilərlər? Məgər eşitmirik ki, ayda və bəlkə həftədə bir millət fədaisi Osmanlı hökumətinin vəhşi məmurlarının əli ilə tələf olunur? Məgər bu biçarələrin dadü fəryadı həzrətin pak ruhunu narahat etmir? Məgər hər an o müqəddəs məqamlar bir bigünah hürriyyətpərvərin al qanı ilə boyanmır? Məgər Midhət paşa və yoldaşları Taifdə kəndirlə boğulmadılar? Kimə məlum deyil ki, bu zamanda Məkkə və ətrafı ən dəhşətli bir qətlgah olubdu?

Ey mənim “aşnam”! Yoxsa sizin qəsdiniz budur ki, osmanlı qurbanlarının üstünə beş-on da Qafqaz qurbanları qoyulsun?!.

Vallah, billah, bu sözlər heç kəsə lazım deyil.

 

Molla  Nəsrəddin.

“Molla  Nəsrəddin”,  8 oktyabr,  1907,  N 38.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info