Qonaq Kitabı
TƏRƏQQİ ƏLAMƏTLƏRİ

 

Keçən rəbbiyəl-əvvəl ayının 18-də saat xoş olmağa səbəb Qafqaz müsəlman-larının içində iki xeyir iş əmələ gəlib: biri Kürdəmirdə, biri Tiflisdə. Kürdəmir müsəlmanları bu məzmunda bir razılıq kağızı yazıb, hökumətə pişnəhad ediblər: “Biz Kürdəmirdə sakin olan müsəlmanlar, Kürdəmirdə beşinci duxanın açılmağına razıyıq; çünki burada olan dörd dənə duxan bizlərə kifayət vermir. Və bu barədə qol qoyuruq”. Tarix filan və qırx dörd müsəlmanın imzası.

Tiflis müsəlmanları da yazdıqları razılıq kağızı bu məzmundadır: “Ax, keçən günlər! Doğru deyiblər ki, “keçən günə gün çatmaz”. Hanı o günlər ki, bizim gözəl məhəllədə, Sumbatov küçəsində fahişəxanalar başdan-başa düzülüb, məhəlləmizi zinətləndirirdi: gələn, gedən, fayton, alış-veriş... Xülasə, bir şənlik idi ki, şəhərimiz həqiqətdə London şəhərinə bir təpik də vurmuşdu. Amma allah baisin evin yıxsın! O gözəl, nazənin-sənəm, sərvqəd və laləüzar qonşularımız məhəlləmizdən köçəndən bəri məhəlləmizdən xeyir-bərəkət də bilmərrə köçüb. Bu səbəbdən biz müsəlmanlar canü dildən razılıq izhar edirik ki, fahişəxanalar dübarə bizim məhəlləyə təşriflərini gətirsinlər”. Tarix filan və altmış müsəlmanın imzası.

İdarədən:

Ax, ax!.. Vay, vay.. Ay bu kağızlara qol qoyan müsəlmanlar!..

 

 

Cəhd eylə, sən ancaq nəzəri-xəlqdə pak ol,

Məxluqu inandır;

Xasiyyətin od olsa da, ətvardə xak ol,

Sök aləmi, yandır;

Xəlqin nəzərin cəlb elə qurşağə, qəbayə,

Məclubi-üyun ol;

Hər hiyləvü biclikdə gir, əlbəttə, əbayə,

Imanə sütun ol;

Səy eylə ki, saqqal uzanıb üç çərək olsun,

Papaq ona nisbət;

Qurşaq da, bilirsən ki, on arşın gərək olsun,

Təfsilə nə hacət...

Qoyma yerə təsbihini, əl çəkmə duadən,

Övrad oxu daim;

Məclisdə çəkib dut özünü, ol nücəbadən,

Söz söylə mülayim;

İştə geyinib məzhəbi, imanı büründün,

Pək möhtərəm oldun;

İndi nəzəri-xəlqdə sən pak göründün,

Əhli-kərəm oldun;

Başdan-ayağa əmnü əman oldu vücudun,

Zöhd ilə bitişdin;

Nolmaq diləyirdinsə, həman oldu vücudun,

Məqsudə yetişdin!

Vəqt oldu ki, imdi edəsən aləmi talan,

Dut, qoyma qaçanı!

Hökm imdi sənindir, dəxi çək işlərə saman,

Yığ müşkül açanı;

Dul övrətə bidad elə, eytamə xəyanət,

Xovf etmə əcəldən;

Məkr isə özün qıl, oxu şeytanə də lənət!

Şad ol bu əməldən,

Əl çəkmə hiyəldən,

Təzvirü dəğəldən,

Imanı da versən,

Vermə pulu əldən!..

 

Hop-hop

“Molla  Nəsrəddin”,  28  iyul,  1906,  N 17.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info