Qonaq Kitabı
“TƏRCÜMAN”IN FİTVASI

 

Möhtərəm “Tərcüman” qəzeti 36-cı nömrəsində xəbər verir ki, dumanın müsəl-man üzvlərindən 5 nəfər vəkil islam məzhəbini atıb, “işçilər” məzhəbini qəbul eləyiblər və iki nəfər vəkil yenə müsəlmançılıqdan çıxıb, sosyal-demokrat məzhə-binə daxil olublar.

“Tərcüman”ın bu sözlərini oxuyanda keçən günlər yada düşür.

İl yarım bundan qabaq Tiflisdə bir para müsəlmanlar qırmızı bayraq götürüb, “Yaşasın hürriyyət!” – deyib küçələri dolaşanda, böyük mollalarımız camaata buyururdular: “Baxmayın bu axmaqların sözünə, bunlar müsəlmançılıqdan çıxıblar!”.

Elə indi “Tərcüman” da belə buyurur.

Yazıq Hacı Mirzə Həsən ağa, niyə səni qatır üstə mindirib Təbrizdən çıxardıb qovdular? Sənin günahın nə idi, sən nə deyirdin ki? Sən deyirdin ki, “bu məşrutəçilər yoldan çıxıblar”. Bəs səni niyə  bu günə saldılar ki, “Tərcüman” qəzeti kimi sənin həmməsləkin var imiş!

“Tərcüman” yazır ki, “işçilər”in məramnaməsi şəriətə ziddir. Ondan ötrü ki, işçilər xüsusi mülklərin zəhmətkeşlərə təqsim olunmasını tələb edirlər və belə olan surətdə sahibləri razı olmayacaqlar və onlardan alınan mülklər qəsb olacaqlar və bu mülklərdə namaz qılmaq olmayacaq.

Demək, “Tərcüman”ın fərmayişindən bu çıxır ki, məsələn, bütün Maku xanlığında tək bircə Mürtəza Quluxan qıldığı namaz dürüstdür və əgər Maku torpağının istər bir qarışı da rəiyyətin birinə  verilə və bu rəiyyət həmin bir qarış yerdə namaz qıla, - namazı batil olacaq.

Xülasə, “Tərcüman” haman nömrəsində çox sözlər danışır; məsələn, başlayıb keçən türk padşahlarından və tərifləyə-tərifləyə gəlib çıxır axıra. Məsələn, yazıq ki, allah onlara rəhmət eləsin, bizim üçün gözəl-gözəl adətlər qoyub gediblər.

Bəli, həqiqət allah onlara rəhmət eləsin! Ondan ötrü ki, bizim üçün gözəl “adətlər” qoyub gediblər.

Amma, nəuzübillah[i], mənim yadıma belə gəlir ki, keçən türk padşahları quldur-başı kimi bir zad imişlər. Mənim belə yadıma gəlir ki, onların bircə dəfə də fikirlərində olmayıb biz biçarəyə bir gün ağlasınlar. Mənim belə yadıma gəlir ki, onların arzu və məşğələləri övrətbazlıq, uşaqbazlıq və millətin səadətini öz nəfslərinə qurban eləmək idi.

Allahü əkbər, allahü əkbər!

“Tərcüman” keçən padşahları tərifləyir, “Təzə həyat” indiki padşahları tərifləyir; amma bu nainsaflar bircə bunu demirlər ki, bəs biz yazığa nə qalsın.

Hə, yadıma düşdü, qoy deyim, sonra yadımdan çıxar:

“Təzə həyat” 7-ci nömrəsində bizi də zornan çəkir ki, osmanlı sultanına səvdə eləyək və yazır ki, “Molla Nəsrəddin” və cəmi müsəlman qəzetləri osmanlı sultanını zati-ali hesab edir.

Yazıq “Təzə həyat” nə eləsin, Kükəmərdən təzə gəlib və “Molla Nəsrəddin” in nə yazılarını görüb, nə də şəkillərini.

Bəli. “Tərcüman”dan danışırıq.

Ta nə danışaq?

 

Molla  Nəsrəddin.

“Molla  Nəsrəddin”,  28 aprel,  1907,  N 17.



[i]  Allah göstərməsin, üzdən iraq.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info