Qonaq Kitabı
ŞÜKR VƏ SƏNA

 

Ümidimiz bunadır ki, indi cəmi müsəlman qardaşlarımız və bacılarımız qəzetləri oxuyub biliblər ki, üçüncü padşahlıq dumaya seçilənlər kimlərdirlər. Biz bunu yəqin bilirik ki, indi heç bir müsəlman yoxdu ki, seçki məsələsindən xəbərdar olmasın; çünki indi heç bir müsəlman kəndi və şəhəri yoxdur ki, orada duma söhbəti danışılmasın; hətta çox yerlərdə balaca uşaqlar da qəzet oxuyurlar.

Biz indi görürük ki, üçüncü dumaya üzv seçilənlərin hamısı sağlardırlar. Söz yox, bunu indi cəmi müsəlmanlar qəzetlərdə oxuyub biliblər və yəqinimdir ki, indi yer üzündə bir nəfər müsəlman yoxdur ki, bu məsələdən hali olmasın; xah övrət, xah cavan, xah qoca, xah böyük, xah uşaq.

Biz indi görürük ki, üçüncü dumaya üzv seçilənlərin hamısı sağlardır; yəni dumada sağ tərəfdə oturanlar, yəni Nuh peyğəmbərin vəfalı dostları, yəni dinc və həyalı adamlar, yəni allah bəndəsi adamlardır.

Mən bu gün möhtərəm oxucularımızdan bircə söz soruşmaq istəyirəm: mən istəyirəm biləm ki, aya biz müsəlmanlar sağların dumaya seçilməsinə şadmı olaq ya qəmli olaq? Bu barədə hər kəs nə deyəcək desin, amma mən öz tərəfimdən bunu deyə bilərəm ki, “şükr, şükr, şükr və minlərlə şükr!”

Buna mənim iki dəlilim var: hər kəs xahiş edir, qulaq versin, ərz edim; hər kəs istəmir, xoş gəldi...

 

*  *  *

 

Əvvəlinci dəlilim bunadır ki, əgər dumaya sağlar seçilməsəydilər, gərək sollar seçiləydilər; yəni sol tərəfdə oturanlar seçiləydilər. Gümanım bunadır ki, əvvəlinci və ikinci dumanın tarixi heç kəsin yadından çıxmayıb. Dad o günlərdən! Allah bir də öz birliyi xatirinə o günləri bizə göstərməsin. Aman o günlər! Vah, vah , vah, vah, vah, huy!.. Nələr eşitdik, nələr eşitdik, nələr gördük! Dad o lağlağıların əlindən! Nə bilim, bu nədir – torpaq məsələsi; bu nədir - əmələlər acdırlar, kəndlilər torpaqsızdırlar, kəndlər şkolsuzdurlar; viran olub vətənimiz, elimiz, itib gedib dinimiz, həm dilimiz; əzilib əngimiz, sınıb belimiz; bəs biz ağlamayaq, kimlər ağlasın?!.. (bay! Elə, deyəsən, şeir oldu)...

Qərəz, solları da gördük. Amma allah şahiddir ki, hədərən-pədərəndən savayı biz onların bircə kəlmə həyalı, ədəbli və ismətli söz eşitmədik. Və bir də, qardaşlar, axır, mən bilmirəm ki, siz soldan nə istəyirsiniz? Ağzınızda deyirsiniz ki, “sol”. Bir baxın, görün, məsələn, heç dünyada sol əldən insana bir fayda olur? İnsaf üçün deyin görək, sağ əlin yanında sol əl nəyə lazım olur?..

Bu belə.

İkinci dəlilim budur ki (yəni bunu uşaq da bilir ki), Rusiya məmləkətində hökumət məmurlarının yanında heç bir millətin o qədər hörməti yoxdur ki, nə qədər biz müsəlman millətinin (bunun da səbəbini yeri-göyü yox yerdən xəlq edən tək bircə allah bilir). Bu da bizə məlumdur ki, dumada sağ tərəfdə oturan üzvlər hökumət məmurlarının siğə qardaşlarıdır, necə ki, bizlərdə bəzi mollalar qırmızı-saqqal hacılarımızdan pul alıb, siğə qardaş olurlar və bir vərəq siğə kağızı, qol çəkib, borclu olurlar ki, behiştə gedəndə siğə qardaşını da öz yanicə aparsınlar.

Mən bu gün dumaya seçilən üzvlərin çoxunun adlarını qəzetlərdə oxudum və baxıb gördüm ki,bunların biri rəhmətlik Pobedonosevin siğə qardaşıdır (lənətullah əla qövmüzzalimin!), biri Zavadskinin qardaşıdır, biri Miropyevin qardaşıdır, biri İlminskinin, biri Çerivanskinin. Bu ki, belə oldu, dəxi işlərin hamısı vazehdir; necə ki, farslar deyirlər: “On çe əyanəst, çe hacət bəyan”.

Bəndeyi-həqir bu saat oturub, bu işləri düşünürəm və öz-özümə deyirəm: “Şükr, şükr və yenə də şükr!” Və bunu da bilirəm ki, bakılı qardaşlarım da mənim kimi, bu saat evlərində oturub, bu işləri düşünürlər: “Şükr, şükr və yenə min dəfə şükr!”...

 

Molla  Nəsrəddin.

“Molla  Nəsrəddin”.  4 noyabr,  1907,  N 41.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info