Qonaq Kitabı
SÖHBƏTİ-MƏŞVƏRƏT

 

Cənab Ximyazətül-üləma – Əuzü billahi minəşşeytanülləin ərrəcim, bismilla-hül-rəhmanür-rəhim...

Cənab Ağa Cəfər Dəbbağ – Guya ki, məsələn, belə ki, girəm vəlov on ki sözgəlişi, xülasə, müxtəsəri-kəlam hər ongah məxsus, o necə deyər timsali-şayəd çinançe lazimədir hər ayinə əgər məsələtün, söz yox, girəm ki, hərgah əhyana, çünki gərək hansı ki, və lakin məgər və illa olmuş ola, məgər kaş ki, allahü ələm, xudanəkərdə, elə ki, allah eləməmiş, çox da olsa, bayəd, nə bilim, necə ki, şayəd ehtimal elə budur ki, bəlkə elədir ki, biduni-inki, o belə ki, eyb olmasın, çox da, hədsiz ki, leyk, vəlov, türk demişkən, həqiqətən, ələnən, leykin məsələdir ki, allaha pənah ki, cənab ağayan...

Ağa Məhəmmədhüseyn Səbbağ – Cənab Ağa Məhəmmədtağı Xəbbaz, çünki dünən gecə bir qədər öz qərari-adətimdən xörəyi çox yemişdim və gecə lüt bir neçə dəfə eşiyə çıxdım guya mənə soyux dəyib, əvvəl ki, sərdəmağım tutulub və başım ağrır və gözlərim qaralır və zükam olmuşam, əhvalım nasazdır, sən buyurgilən, mənim həvəsim yoxdur...

Ağa Nəcəf Əttar Cənab ağayan hüzurunda bəndeyi-çakərin cəsarət eləməyim çox biədəblikdir.

 

Haşa ki, mən dər hüzuri-tan tərki-ədəb konəm,

Və dəhən baz gərdə və hərf zənəm ləb ziləb konəm.

Asudə xərəm ki, zəban nədarəm

Dər beyni-xəlayiq sud ziyan nədarəm...

 

Ağa Sadıq Dəllak – Bular hamısı düzələr, amma cənab Ağa Məhəmmədtağı Xəbbaz çünki kardılar, məclisin söhbətini eşitməklux onlara qeyr mümkündür, pəs lazımdır ki, bunlardan sonra sözləri ucadan deyək. Uca səslən Ağa Sadıq Dəllak boylə nitqləri buyurdular ki, cənab Ağa Məhəmmədhüseyn Səbbağ sizə ki, soyux dəyibdir, siz sübh əzanı gəlin hamama bir qədər müştmal eləyin[i] və ondan sonra hamamdan çıxıb yaxşı əba və kürkə bulalanıb evə təşrif aparın və bir yavan aş bişirsinlər, iç, yaxşı tərlə və vergilən uşaqlar bir neçə dənə küpə salsınlar və nahar vaxtı mən gəlib alnından bir badkeş[ii] qoyaram, yaxşı olur inşaallah...

Ağa Məhəmmədtağı Xəbbaz – həzərat, mən buraya gəlmağım və əczai-məşvə-rət olmağım budur ki, siz hər nə deyirsiz deyin, mən də bəli deyəcağam, vəli çörək gərək hər batmanı yüz altun baha satılsın. Bəs, durax gedax dahi bəsdir.

 

Dəli

“Molla  Nəsrəddin”,  27 oktyabr,  1906,  N 30.



[i]  Bədəni ovdurmaq, masaj elətdirmək.

[ii]  Həcəmət, soyuqdəymə zamanı alına qoyulan havasorucu boru.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info