Qonaq Kitabı
SƏYAHƏTNAMƏ

 

REYNQARTIN  SƏYAHƏT  KİTABINDAN

 

(19-cu nömrədən sonra)

 

Kitabın bir yerində cənab səyyah Tiflisdən nağıl edir. Deyir ki, “avqust ayının 28-də Tiflisdə varid olub, məktəbxanaları görmək istədim. Əvvəl yolum düşdü üçüncü zükur[i] gimnaziyasına. Həyət-baca dolu idi adam ilə. Kişi, övrət, uşaq qarışmışdılar bir-birinə. Xəbərdar oldum ki, bu gün gimnaziyaya təzə şagirdlər qəbul olunurlar. Bu məxluqun içində hər millətdən var idi: rus, gürcü, çoxluca erməni, yəhudi. Bir neçə övrəti də ağlayan gördüm. Məlum oldu ki, bunların uşaqlarını qəbul etməyiblər; çünki dəxi yer yoxdur (Rusiyada belə işlər çox olar). Üzümü bir şəxsə tutub soruşdum:

- Ay qardaş, bir mənə de görüm, məgər bu şəhərdə heç müsəlman yoxdur?

Naməlum şəxs əlini qiblə tərəfinə uzadıb dedi:

- Şeytanbazar mnoqo.

Dedim: – Necə Şeytanbazar?

Cavab verdi: – Yəni müsəlman aləmi.

Üz qoydum Şeytanbazara səmt getməyə və həqiqətdə çox müsəlman gördüm və bunu bildim ki, Tiflisdə iyirmi minədək islam balası var. Bir müsəlmandan soruşdum:

- Ay məşədi, bir mənə de görüm burada müsəlmanların gimnaziyası haradadır?

Məşədi mənə belə cavab verdi:

- Get, get! Mən sən deyən adamlardan deyiləm!..

Bir az da qabağa hərəkət edib, bir çayçı dükanına rast gəldim. Bir neçə müsəl-man bir mollanı əhatə edib, bundan məsələ soruşurdular. Bunların birisi molladan bunu soruşurdu:

- Cənab axund, sən allah, bizə bəyan elə görək Cabilqa və Cabilsa şəhərləri – ki, hər kitablarda məşhurdur, – haradadır? Qayibdədirmi ya zahirdədir?

Biri molladan bunu soruşdu:

- Cənab molla, bir bizi başa sal, Dəccalın eşşəyi nə rəngdədir, nə surətdədir?

Bir ayrısı bunu soruşdu:

- Fövqdə olan yeddi göylər və təhtdə olan yeddi yerlər – mələkut, cəbərut, lahut, nasut nəyin üstündə durubdurlar? Yerin üzündədirlərmi ya suyun üstündə ?”

Cənab Reynqart deyir ki, “bu işləri belə görən kimi, fayton çağırıb mindim və düz sürdüm vağzala”.

Burada Tiflis səfəri tamam olur.

 

M. N.

“Molla  Nəsrəddin”,  25 avqust,  1906,  N 21.



[i] Burada: oğlan.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info