Qonaq Kitabı
“RƏHBƏR”

 

Bəli, bir “qəzet” də bu tərəfdən çıxdı. Vallah, Bakı mollaları fərmayiş etdikləri doğrudur: müsəlmanın evini bu qəzetlər yıxır; qəzetlər artdıqca müsəlmanın lotuları da artır.

Hələ biz başa düşmürük ki, “Rəhbər” nə deyir. Gör hələ əvvəlinci nömrədə lap başdan nə yazır: “Yaşadığımız əsr bir əsrdir ki, müntəzəm məktəbi, milli ədəbiyya-tı, müəyyən məsləkdə ictimai mənşəti və hər cür iqtisadi mücadiləyə hazırlığı olmayan millət məişət mücadiləsində tez-gec məhv olasıdır”; yəni türküsü: bir millətin ki, məktəbi və kitabı olmasa, – o millət puça çıxar.

Kim bunu deyir? Bu sözlərin əslsiz və mənasız olmağına əvvəlinci dəlil budur ki, islam aləmində bircə dənə məktəbə oxşayan məktəb və kitba oxşayan kitab yoxdur; amma bununla belə yer üzündə müsəlman milləti firəng, ingilis, alman, rus, erməni, Yaponiya – müxtəsər cəmi millətlərdən çoxdur.

Kim bunu dana bilər?

Bu belə.

Sonra görək “Rəhbər” nə deyir: Bunların hamısını nəzərə alıb biz bir neçə Badkubə müəllimləri açıq və sadə dil ilə yazılmış tərbiyə və təlim üsulunda, ədəbiyyatdan və ictimai məişətdən bəhs edən aylıq bir jurnal nəşr etməyə şüru etdik və cənab Molla Nəsrəddindən çox təvəqqə edirik ki, Bakıya bir dənə cindar göndərsin; çünki bu yavıq vaxtlarda bir para müsəlman müəllimlərinin canına bir cin müsəllət olub ki, yoldaşları öz aralarında hər nə deyib, danışırlarsa, həmin cin gedib qaradavoya, qubernatora, spextor[i] ağaya xəbər verir; yəni bəistilahi rus şpionluq eləyir.

Möhtərəm “Rəhbər”in bu təvəqqəsini biz indilikdə əmələ gətirə bilmərik; çünki bizim ixtiyarımızda əvvəl-axır ikicindar var: birini göndərmişik Şuşa qalasına ki, qoymasın orada mollalar qəbristanda quran oxumaq pulu üstündə bir-biri ilə yumruqlaşıb erməniləri öz üstlərinə güldürsünlər, ikinci cindarı göndərmişik Təbrizə.

Sonra “Rəhbər” yazır: “Öhdəmizə götürdüyümüz belə bir vəzifəni əda etməkdə bacarığımızı və səyimizi əsirgəməyəcəyiz və o ümiddəyiz ki, səyimiz bihudə getməz”.

Bəli, bihudə getməz. Mən əvvəl elə bildim ki, bihudə gedəcək, amma Bakı müsəlmanlarının oktyabrın 3-də vaqe olan üçüncü ictimaində söylənən gözəl nitqləri eşidəndən bəri mən də yəqin edirəm ki, inşallah səyiniz bihudə getməz.

Amma bircə şey qaldı ki, mən onu başa düşmürəm: bilmirəm, abunə pullarını sevgili “Rəhbər” harada saxlamaq istəyir; yəni hansı bankda, ya hansı xəzinədə? Çünki mən eşitdiyim budur ki, Bakı bankları və dövlət xəzinəsi “İrşad”, “Həyat” və “Dəbistan”ın pulunu qəbul edəndən sonra dəxi yer olmamağa görə özgə pullar götürmür. Tiflis də umud bağlamaq olmaz; çünki burada da “Molla Nəsrəddin” var.

Qərəz... pənah allaha!

 

Molla  Nəsrəddin.

“Molla  Nəsrəddin”,  13 oktyabr,  1906,  N 28.

 

 

 

[i]  İnspektor.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info