Qonaq Kitabı
ABİRİN VƏ KİLAB

 

Bir neçə gün bundan əvvəl türk qəzetlərinin birində oxudum ki, rus ədibi məşhur Krılov “Abirin və kilab” adında bir təmsil yazıb. Çünki mən rusca az-çox oxumuşam və məlumdur ki, Krılovun təmsillərini mübtədi məktəblərdə oxudurlar, çox təəccüb elədim ki, bu təmsildən mənim xəbərim yoxdur. Açdım Krılovun məc-muəsini və vərəqləyib, “Abirin və kilab” adında bir təmsil tapa bilmədim. Sonra öz-özümə ha fikirləşdim ki, görəsən “Abirin və kilab” nə deməkdir?

Axırı ərəbi bilənlərin birisi məni başa saldı ki, “abirin” – yəni ərəbcə keçənlər, yolçular; “kilab” – yəni itlər.

Burada mən barmağımı dişlədim: “a kişi, bu təmsili biz rus dərsi oxuyan vaxt əvvəlinci il oxuyub əzbərləmişik”.

İndi mən çox heyfslənirəm ki, ərəbcə savadım yoxdur; əgər olsaydı, ömrümdə bircə kəlmə türkcə nə oxuyardım, nə yazardım, nə tərcümə edərdim.

Mənim xəyalıma bir şey də gəlir; rusca oxuyanlara məlumdur ki, Krılov təmsil-lərini sadə rus dilində yazır ki, rus milləti yaxşı başa düşsün. Əgər Krılov bilsəydi ki, türklər onun təmsillərini türk dilinə tərcümə edəndə yolçulara “abirin” və itlərə “kilab” adı qoyacaqlar, yəqin ki, Krılov da təmsillərini firəng, ya nemsə dilində yazardı.

Heyf ki, mən də özgələr kimi ərəb dilini dərin oxumamışam.

Hop-hop

“Molla  Nəsrəddin”,  25 avqust,  1906,  N 21.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info