Qonaq Kitabı
QURBAĞALAR

 

İran mücahidlərindən məşhur natiq Mirzə Cəfər Tiflisdə bir gün nitq söyləyəndən sonra mən ona küçədə rast gəlib dedim:

- Əzizim, söylədiyin nitqinə heç sözüm yoxdur. Amma mən səndən təvəqqə edirəm ki, işdir, İrana yolun düşsə, Naxçıvana getmə, düz bir baş bileti al Culfaya.

Biçarə bir qədər mat-mat üzümə baxıb soruşdu:

- Nə səbəbə? – Dedim:

- Səbəbi budur ki, sən bu gün nitq söyləyən vaxt bir neçə söz danışdın, o sözlər bizim naxçıvanlılara xoş gəlməyəcək.

Yazıq yenə mat-mat üzümə baxıb soruşdu:

- Nə söz danışdım? – Dedim:

- Sən nitq söyləyəndə buyurdun ki, “ey müsəlman qardaşlar, gözlərinizi açın, diqqətlə baxın, görün biz nəçiyik, özgə millətlər nəçidirlər? Biz harada qalmışıq, onlar harada qalıblar?” Və axırda bu cür dedin ki, “müsəlman qardaşlar, əl-ələ verin, elm oxuyun və adam olun”.

Biçarə Mirzə Cəfər çox təəccüblü məndən soruşdu:

- Xub, bu sözlərin naxçıvanlılara nə zərəri? – Dedim:

- Bəradərim, heç ömründə qurbağa görübsən? – dedi:

- Görmüşəm. – Dedim:

- Bir yaxşı mülahizə elə gör, qurbağalar necə adama oxşayırlar. – Dedi:

- Bu sözlərin mətləbə nə dəxli var? – Dedim:

- Naxçıvana gedəndə duyarsan.

Bir qədər keçmədi ki, eşitdim Mirzə Cəfər gedib Naxçıvana. Öz-özümə dedim: “Bay, biçarə, evin yıxılsın”. Sonra da eşitdim ki, Naxçıvan müsəlmanları, yainki müsəlman naxçıvanlıları (çünki rəvayət müxtəlifdir: biri deyir Naxçıvan müsəlmanları, biri deyir müsəlman naxçıvanlıları) – bəli, eşitdim ki, Naxçıvan vilayətində yaşayan vücudları əziz müsəlman qardaşlar gedib hökumətə “şeytançılıq” eləyiblər ki, Mirzə Cəfər Tiflisdən gələndə cibinə bir nüsxə “Həblül-mətin” qoyub, gətirib Naxçıvana. Hökumət məmurları “şeytanlar”dan soruşublar ki, “Həblül-mətin” nədir və “ağa”lar cavab veriblər ki, “Həblül-mətin” bomba kağızıdır.

Sonra da eşitdim ki, polisə məmurları gəliblər Mirzə Cəfərin mənzilini axtarıb “Həblül-mətin” ruznaməsi nüsxəsini tapıb, bəratəlqol yazıblar və ruznaməni üç vərəq kağıza büküb, üstünə peçat basıblar və altı nəfər qaradovoyun köməkliyi ilə aparıb, naçalnikin divanxanasında həbs ediblər.

Hər kəs bir dənə qurbağanı əlinə götürüb diqqətlə baxsa, görər ki, qurbağa həqiqətdə insana çox oxşayır.

 

Dəli.

“Molla  Nəsrəddin”,  5 avqust,  1907,  N 29.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info