Qonaq Kitabı
QOLOŞAPOVUN GERİ ÇAĞIRILMASI

 

Şuşadan çəkilən teleqrammadan oxucularımız görəcəklər ki, general Qoloşapov Şuşadan geri çağırılıb. Qoloşapovun əzl olunmağının[i] əhvalatını nağıl etmək istəyirəm.

Kişinin çörəyinə bais müfti və şeyxül-islam cənabları bir tərəfdən, bir tərəfdən də Dağıstan müsəlmanlarının nümayəndələri oldular. Müfti və şeyxül-islam cənabları faytona minib, sərdarın yanına Qoloşapovdan şikayət etməyə gedəndə mən də orada idim. Nə qədər dedim getməyin, gəlin bu daşı ətəyinizdən tökün – mənə qulaq verən olmadı. Axırı müfti əfəndi mənə cavab verdi:

- Niyə getməyək, ay Molla? Bizim müsəlman qardaşları Şuşada qırsınlar, biz duraq baxaq? Sənin qeyrətinə nə gəlib?

Mən gördüm ki, müfti əfəndi doğru fərmayiş edir, dedim:

- Eybi yoxdur, gedirsiniz, gedin. Amma barı biriniz gedin; ikiniz də birdən getməyin. – Dedilər:

- Niyə? – Dedim:

- Ondan ötrü ki, cənab canişin sizi görüb qorxar.

Şeyxül-islam əfəndi buyurdu ki:

- Qorxar, yazaram Bakıdan filan molla və Danabaş kəndindən də filan molla dua yazıb göndərərlər. (Mollaların adını şeyx cənabları söylədi, amma mənim yadımdan çıxdı).

Bəli, faytonu sürdülər. Mən faytonun dalınca sərdar imarətinin yanına kimi qaçdım ki, işdi, canişin qorxsa, mən bir çarə edim; çünki mən özüm də mollayan, hər bir dərdə əlac bilərəm.

Canişin cənabları akoşkadan faytonu görcək, qapıçılara buyurdu ki, qapıları açsınlar.

Xülasə, canişin həzrətləri əli titrəyə-titrəyə qələmi götürüb, Qoloşapova hökm elədi ki, durmayıb gəlsin. Hətta teleqramı verdi müfti əfəndi özü oxudu. Məlumdur ki, müfti əfəndi rusca kamil oxuyub danışa bilir; hətta çox vaxt qazı və mollalarla rusca danışır.

Qərəz, haman saat teleqraf göndərildi. Müfti və şeyx cənabları qəhvə içməyə məşğul oldular və aradan səkkiz dəqiqə keçmişdi ki, Şuşadan Qoloşapovdan belə cavab gəldi: Ay sərdar, başına dönüm, axır mənə mühəvvəl olunan[ii] hökmlərin dörddən birini əmələ gətirmişəm. Belə iş olar ki, məni indiki vaxtda çağırırsan?

Canişin cənabları yenə qələmi götürüb yazdı: Çox danışmaq istəməz. Ağa buyurur sür dərəyə – sür dərəyə!

Yenə səkkiz dəqiqə keçməmişdi. Ağdamdan cavab gəldi: Sizin hökmünüzə binaən Şuşadan çıxıb, indi Ağdamdayam və gözləyirəm ki, atları qoşsunlar, minib Yevlaxa tərəf yola düşüm.

Müfti və şeyxül-islam həzrətləri canişinə “spasibo” – deyib, istədilər yola düşə-lər. Mən bu heyndə sərdarın imarətinin akoşkasına dırmaşıb, bu işlərə tamaşa edirdim. Cənab şeyx məni görüb dedi:

- Ay Molla, sən allah, düş aşağı, sərdar səni görər, biz xəcalət çəkərik.

Dedim:

- Cənab şeyx, bir yavığa zəhmət çək, qulluğunuza bir neçə söz ərz edim.

Dedi:

- Nə demək istəyirsən?

Mən yavaşca başladım:

 

 

Etdi bu fələk hər kəsə bir tövr yamanlıq,

Səd[iii] heyf, keçən gün!

Hər bir iş üçün xatiməbəxş oldu[iv] bu afaq,

Olduq yenə məmnun.

Şükr eylədik allaha yetişdikcə ziyanlıq,

Əfsürdə[v]  biz olduq.

Çaldı bizə bir özgə səyaq ilə fırıldaq,

Qəmli günə qaldıq.

Nə rəhm bilər, şərm[vi] qanar, ağlamaq anlar,

Böylə fələk olmaz!

Yox böylə iki dilli, yaman üzlü cəfakar,

Bir zərrə utanmaz!

Verdi bu hamı qonşulara sən`ətü dövlət,

Dünya, sənə lənət!

Səsləndi, gedək siz yatın həmmamdə rahət,

Bicadı bu zəhmət!

Islam uşağı yatsın ayağında fələqqa,

Bu növ`di  tə`lim.

Vursun buların başına həm mirzə tərəqqa,

Eylin onu təkrim[vii].

Ey vay, bu fələk qoydu bizi löqməyə həsrət,

Qaldıq biz adamsız!

Verməz dəxi bir çörək tapmağa fürsət,

Get, yatgilə şamsız!

Öz bildiyini qıldı müsəlmanlara dövran,

Əl işdən üzüldü.

Çaqçaq başın ağrıtdı, kefin çəkdi dəyirman,

Iş həcvə düzüldü.

Bu çərxi-sitəmkarın aman məsxərəsindən!

Bais, balan ölsün!

Baxmış bu müsəlmanlara qəm pəncərəsindən,

Çərxin üzü dönsün!

Əvvəl bu fələk cümlədən əymişdi damağı,

Qəm kasəsi daşdı.

Axırda bizim başımıza vurdu çanağı,

Su başdan aşdı.

Bir rus görəndə oluruq xar yanında,

Quzu, keçiyik biz.

Keçməz sözümüz bir pula sərdar yanında,

Çünki nəçiyik biz?!

Tanrı buna şahid –

Quzu, keçiyik biz...

 

Molla  Nəsrəddin

“Molla  Nəsrəddin”,  4  avqust,  1906,  N 18.



[i] İşdən çıxarılmağının.

[ii] Həvalə olunan, tapşırılan.

[iii] Yüz.

[iv] Son qoyan.

[v] Qəmgin.

[vi] Utanmaq, xəcalət çəkmək.

[vii] Hörmət.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info