Qonaq Kitabı
QƏBRDƏN MƏKTUB

 

Fevral ayında əcəl şərbəti içib dünyayi-fanidən dari-bəqaya rehlət edən Yatyata şəhərinin mütəvəllisi Axund Hacı Molla Cəlil ağa həmin aprelin on birində öz ruhani yoldaşlarına bu məzmunda bir məktub yazıb göndərib:

- Ey mənim yoldaşlarım! Mən sizdən incimişəm və səbəbi də budur: mən dünyada sağ ikən siz gündə yüz otuz iki dəfə mənə deyirdiniz:

- Ay hacı ağa, uyma dünyaya, allah bir parça çörək göndərib, otur aşağa, yığ başına oğul-uşağını və məşğul ol yeməyə. Nə hasil olacaq sənə bu beş günlük dünyadan? Nə gecə və gündüz övqatını zəhmət və məşəqqətlə keçirirsən?  Məgər kifayət eləmir sənə mollalıqdan, vaizlikdən və mərsiyəxanlıqdan gələn mədaxilin? Dəxi mütəvəlliliyi nə üçün öz üstünə götürürsən ki, xalq sənin barəndə iki yüz min bəd güman eləsin?

Bu sözləri siz mənə deyəndə, yadımdadır, qurana and içib yeddi silsilədən bəri ölənlərinizə lənət oxuyurdunuzki, əgər sizə bir milyon da pul verələr, ya qubernat sizlə əl-ələ verə, siz yenə mütəvəlliliyi qəbul etməzsiz. Siz deyirdiniz ki, dünyada bundan da ərzəl bir iş yoxdur.

Sonra mən naxoş oldum və siz bir neçə dəfə gəldiniz iadeyi-ziyarətimə. Ol vaxt mənim əhvalım o qədər pis deyil idi və İvanov həkimin davalarını yeyib gündən-günə şəfa tapırdım.

Bir gün sizlərdən biriniz yenə məni görməyə gəlmişdiniz. Sal yadına onu, ey mənim dostum ki, içəri girən kimi gəlib məni qucaqladın. Aptekdən təzə dərman gətirmişdilər. Həmin dava mənə çox kömək edirdi və rəngi də qırmızı idi. Ey dostum! Sən həmin davanın şüşəsini stolun üstündən götürüb tıxacağını çıxartdın və burnuna tutub, üzünü elə turşutdun ki, qoca meymuna oxşadın; sonra yenə qoxuluyub tüpürdün şüşənin üstünə. Çünki üzün mənə tərəf idi, mənim üzümə bir neçə qətrə su atıldı və yorğanın kənarı ilə üzümü sildim. Bir qədər də üzünü turşudub, qudurmuş kimi durdun ayağa, götürdün şüşəni, gedib qapını açıb, çıxdın dalana və elə bir hirslə şüşəni vurdun kərpiclərin üstə ki, mən qorxudan yorğanı çəkdim başıma və başladım həmzad duası oxumağa.

Sonra mənim yanıma gəlib dedin:

- Ay Hacı Molla Cəlil ağa, sən olasan o yeri-göyü yox yerdən xəlq edən allah, içmə bu kafirlərin dərmanını!

Dedim:

- Ay başına dolanım, bəs nə içim ki, yaxşı olum?

Dedin:

- İçmə, içmə, içmə! Pənah xudaya gətir.

Dedim:

- Yaxşı, sən ki, məsləhət görmürsən, mən də içmərəm.

Yadındadırmı, ey mənim dostum ki, sonra mənə əyilib, ağzını sağ qulağıma tutub yavaşca dedin:

- Yaxşı olmaq istəyirsən?

Dedim:

- İstəyirəm; necə ki, istəmirəm!

Dedin:

- And iç ki, mənim sözümə əməl elərsən!

Mən and içdim. Sonra çibindən dörd həb çıxardıb dedin:

- Bunlar həbbi-səlatindirlər. Bunların birini indi, birini nahar vaxtı, birini axşam və birini də gecə yarısı ye.

Dedim:

- Baş üstə. Bə həkim soruşsa ki, niyə mənim davamı içmədin, mən ona nə cavab verim?

Dedin:

- Cavab ver ki, istixarə elədim, yaxşı gəlmədi. Vəssəlam.

Ey müqəddəs yoldaşım! Sənin həbbi-səlatinin başına dəysin! Sən özün çox əcəb bilirsən ki, sənin mənə verdiklərin məhz həbbi-şəyatin imişlər.

Haman həbləri mən yeyən gecə vəfat etdim. Amma yazıq həkimin yanında çox xəcalət çəkdim. Həkim dalana girən vaxt davasının qoxusunu eşitmişdi. İçəri girib və şüşəni mənim yanımda görməyib, bir şey başa düşdü və dedi:

- Niyə mənim davamı içmədin?

Cavab verdim:

- İstixarə elədim, yaxşı gəlmədi.

Biçarə həkim börkünü götürüb və bircə dəfə “xaraşo” – deyib çıxıb getdi.

Ey mənim ruhani yoldaşlarım! İndi mən eşidirəm ki, həmin mütəvvəllilik mənsəbini ələ gətirməkdən ötrü bir-birinizlə əlbəyaxa olub yumruqlaşanda əmmaməniz çaya düşüb. İttifaqən həmin vaxt rus və müsəlman məktəbxanasının şagirdlərindən iki nəfər dərsdən qaçıb oturmuş imişlər çayın kənarında və ayaqlarını suya uzadıb müəllimlərini şerlə bir-birinə mədh edirmişlər. Sizin əmmamənizi suyun üzündə görüb başlayıblar əmmaməni daşa basmağa.

Bir gileyim də var sizdən, ey mənim ruhani qardaşlarım! Yadınızdadır ki, mən naxoş olan vaxt bir gün gəlmişdiniz, deyirdiniz: ay Molla Cəlil ağa, sən niyə ölümdən qorxursan? Qoy qorxsunlar günahkarlar və bəd əməl sahibləri. Sən ki, allaha şükür, behişti-bərinə qalxıb cənnətməkan və firdosaşiyan və məlaikələrlə həmcəlis olacaqsan.

İndi mən buraya gəlib sizin həmin sözlərinizi yadıma salıram və ürəyim az qalır qanla dolsun..

Çox söz bu barədə söyləyə bilərdim; amma qorxuram ki, işlər xarab ola... Ancaq bunu deyə bilərəm ki, yenə hədsiz şükürlər olsun dünyada gördüyüm günlərə!.. Ax o günlər, o dəmlər, o zamanlar!..

 

Xoş ol zaman ki, xalq yatıb bizəban idi,

Bəzmim pilavü çay ilə rəşki-cənai idi.

Soltan idim ki, vəz ilə hökmüm rəvan idi,

Millət qulam idi mənə, bəxtim cəvan idi,

Malü xəzinə mayili-arami-can idi.

Dəmlər o dəmlər idi, zaman ol zaman idi!

 

Könlüm əvamdən açılırdı kərəm görüb,

Cəhlin ziyadə, əql və huşunu kəm görüb,

Hər məclisə gedib özümü möhtərəm görüb,

Bihədd kar, kor, keçəl dəmbədəm görüb,

İsmim cahanda molla deyil, bəlkə xan idi.

Dəmlər o dəmlər idi, zaman ol zaman idi!

 

Mən səslənənədə, görəndə məni mal olurdular,

Mən hirslənəndə dəfətən ishal olurdular,

Mən hökm edəndə xak ilə pamal olurdular,

Qeyzim yuyanda əbləhə əmsal olurdular;

Xalqın xudaya söylədiyi “əlaman” idi,

Dəmlər o dəmlər idi, zaman ol zaman idi!

 

Mən hər dəqiqə şad, özümü xar görmədim,

Rahət olub vücudumu bimar görmədim,

İçdim, yedim, məşəqqət ilə kar görmədim,

Zülmü, cəfanı, həm təməhi ar görmədim;

Neylim dəxi ki, tarıya bunlar əyan idi,

Dəmlər o dəmlər idi, zaman ol zaman idi!

 

“Molla Nəsrəddin”, 21 aprel, 1906, N 3.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info