Qonaq Kitabı
QAYIRMA HƏDİSLƏR

 

Biz keçən vaxtlarda bir neçə dəfə bunu demişik ki, vaizlərimiz məscidlərdə söylədikləri hədislərin yüz hissədən doxsan doqquz hissəsi qayırma hədisdir.

Bizim bu sözlərimizdən ötrü çox adam deyirdi ki, Molla Nəsrəddin yoldan çıxıb. İndi, allaha şükür olsun ki, Bakı camaatı cənab Hacı Mirzə Əbutürab Axund oğlu mövlud günü söylədiyi nitqi eşitdilər. Həmin nitqin surəti “İrşad”ın 69-cu nömrəsində yazılıb. Hacı Mirzə Əbutürab həzrətlərinin haman gün buyurduğu sözlərin biri də budur ki, “müsəlmanın içinə nifaqı və ayrılığı salan qayırma hədislərdir”.

Bəs indiyə kimi Molla Nəsrəddin nə deyirdi?

Allah Hacı Mirzə Əbutürab Axund oğlunun vücudunu bibəla eləsin. Ax, bu qayırma hədislər! Məni qocaldan bu qayırma hədislərdir.

Keçən vaxtlarda Qapazlı kəndində mənim bir əmin var idi; adı Hacı Nəzirqulu idi. Bu əmimin üç arvadı var idi.Mən uşaqlıqda ayda bir dəfə əmimgilə qonaq gedərdim və hər dəfə gedəndə görərdim ki, əmim təzə bir övrət siğə eləyib. Bir dəfə soruşdum ki, “əmi, maşallah, nə çox məşğuliyyət eləyirsən?” Əmim mənə belə cavab verdi:

- Bala, sən hələ uşaqsan və Molla Tarqulu buyurduğu hədisləri eşitməyibsən. Molla Tarqulu deyir ki, “cinabət qüslinin hər bir zərrəsindən yetmiş iki min məlaikə xəlq olunur və bu məlaikələr qiyamət günü qüsl sahibini qanatlarının üstünə alıb, qalxızacaqlar göylərə və gəzdirəcəklər”.

Əmimin sözünü mənə o vədə başa düşməzdim; amma sonra başa düşdüm.

Bəli, qayırma hədislərdən danışırdıq. Allah Hacı Mirzə Əbutürab cənablarını səlamət eləsin. Hərçənd biz axundun iltifatından məhrumuq, amma haqq sözə Molla Nəsrəddinin canı qurban!

 

M. N.

“Molla  Nəsrəddin”,  21 aprel,  1907,  N 16.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info