Qonaq Kitabı
QARNIYOĞUNLAR

 

Dedik bəlkə təzə müştərilərimizə təqvim və kitabçalar paylamaq vasitəsilə oxucularımızın qədrini bir az artıraq; amma allah şeytana lənət eləsin; gündə gəlib, başımızın üstünü kəsir və başlayır ki, məsəla, götürün məcmuənizdən yazın ki, Təbrizdə vəliəhd “şahsevən” quldurlarını başına cəm eləyib, göndərir İran kəndlərini və şəhərlərini talan etdirir və bu cür qarət olunan malların bir hissəsini quldurlara paylayır, bir hissəsini özü götürür.

Məcmuəmizdə bu əhvalatı vəliəhd Məhəmmədəli Mirzə oxuyan kimi hökm eləyir məcmuəmizi İran sərhəddində yandırsınlar.

Bu bir.

Yazırıq mədrəseyi-ruhaniyyənin pulları gəzdi, gəzdi, axırda tappıltı ilə düşdü incinerin[i] cibinə, – bunun cavabında hökumətdən məvacib alan ruhani rəislərimiz bu fəqərəni oxuyan kimi fitva eləyirlər ki, “Molla Nəsrəddin”ə pul verib oxumaq – çaxıra pul verib içmək kimidir.

Bu iki.

Osmanlı konsulu idarəmizə sifariş göndərir ki, “bir də Sultan Həmidin pisliyini yazsaq, yəni bir də yazsanız ki, Osmanlının xariciyyə vəziri gəlib, sultana ərz edəndə ki, sultan sağ olsun, Avropa hökumətləri Kriti hazırlaşırlar versinlər Yunan padşahına – sultan Əbdülhəmid yunanlı hərəmini yanına çağırıb deyir: “Bə xali hinduət bəxşəm Krit və Şamü Bosnara”, İstanbula yazaram “Molla Nəsrəddin”i Osmanlı torpağına qoymasınlar”.

Bu üç.

Məcmuəmizin çoxu Qarabağ və İrəvan tərəflərinə gedir. Bu gün də lənətə gəlmiş şeytan gəlib yapışıb yaxamızdan ki, “niyə yazmırsınız?” – Deyirik:

- Nə yazaq? – Dedi:

- İrəvan və Qarabağ vilayətlərinin aclarının dad-fəryadı sizin qulaqlarınıza çatmır?

Hərçənd biz bilirik ki, şeytanın qəsdi budur ki, İrəvan, Naxçıvan və Qarabağ qarnıyoğunlarını özümüzdən incidək, ki, axırda məcmuəmizi İrəvan və Qarabağ mahallarında da haram bilsinlər. Amma şeytanın bu “qarnıyoğun” ləfzi bir neçə mətləblər mənim yadıma saldı.

İndi hər nə olacaq, olsun. Bizim də ümidimiz bunadır ki, bəlkə müsəlman qardaşlarımızın bəzisi günlərin bir günü məcmuəmizi əvvəlinci nömrədən 39-cu nömrəyədək vərəqləyəndə insafı ortalığa qoya və öz-özünə deyə: “Yox, Molla Nəsrəddin yalançı və böhtançı deyil”.

Bəli, keçək mətləbə.

Qarnıyoğun... Çox məzəli sözdür.

Nədən adamın qarnı və boynu yoğunlayır?

Bununla işim yoxdur. Nədən yoğunlayır, yoğunlasın. Amma mən elə bildim ki, adamın bir az fikri, bir az dərdi olsa, qarnının piyi bir az əriyər və qarnı bir az nazikləşər.

Hər bir məmləkətdə, hər bir vilayətdə qarnıyoğun adam çoxdur. Qarabağda, İrəvan quberniyasında da qarnıyoğun az deyil. Bu cür adamların çoxu və bəlkə hamısı mülkədardır.

Qərəz, bununla da işim yoxdur.

Bir neçə gün bundan irəli mən gedib, Qarabağ və İrəvan quberniyasını gəzib dolanmışam. Bu dəfə mən yəqin eləmişdim ki, bir dənə də qarnıyoğun adam görməyəcəyəm; ondan ötrü ki, İrəvan və Qarabağ aclarının vayıltısı Tiflisdə gürcüləri ağladır. Məsələn, Qarabağda yüz altmış bir qarnıyoğun mülkədarı qabaqca mən tanıyırdım. Amma bu dəfə mən başıdaşlı nə gördüm? Heç birinin qarnı təfavüt eləməyib. İrəvan quberniyasında iki yüz otuz dörd qarnıyoğun xan, bəy, ağa var; heç bir təfavüt görmədim.

Burada lazımdır “lənət şeytana!” – deyib dayanmaq!

Ey mənim hörmətli oxucularım! Ey mənim munislərim![ii]

Mən bu sözləri ondan, ötrü yazmıram ki, siz oxuyandan sonra məcmuəni qoyasınız kənara və bu sözləri yaddan çıxarasınız! Mən bu sözləri yazıram ki, siz oxuyub fikrə gedəsiniz. Mən bu sözləri yazıram ki, fikir edəsiniz, yazıram ki, fikir edəsiniz....

Erməni ləfzi bizlərdə söyüş kimi bir sözdür; bir müsəlmana erməni demək, onu bihörmət eləmək kimidir. Amma Yava cəzirəsinin erməniləri qafqazlı qardaşlarına ianə yığıb göndəriblər.

Yuxarıda söylədiyim qarnıyoğunların hamısını mən tanıyıram. Bunların bəzisinin o qədər dövləti var ki, Yava cəzirəsini satın ala bilər. Bəs aclar kimdirlər? Bunların öz rəiyyəti.

İrəvanda Baxşəli xanın otuz iki para kəndi var. Naxçıvanda elə mülkədar var ki, ildə otuz min, qırx min manat mədaxili gəlir. Əgər yalandır, qoy naxçıvanlılar yazsınlar ki, Molla Nəsrəddin yalan danışır.

Allah şeytana lənət eləsin!

Bunlar hamısı ötüşər.

Qərəz, mətləbdən uzaq düşdük. Amma həmd olsun allaha, alimlərimizin mizaci-mübarəkləri səlamətdir. O ki qaldı kasıb və füqəralar, bunların dadına allah-taala özü yetişər, bunların bəndəyə dəxli yoxdur. Xudavəndi-aləm öz yaratdığı məxluqun fikrini özü gərək çəksin.

Danabaş kəndində Molla Sadıq həmişə deyərdi:

- Millət deyəndə yer üzündə bircə müsəlman millətidir özgə millətlər heyvan kimi bir şeydirlər. – Mən soruşardım:

- Hardan bunu bilirsən? – Deyərdi ki:

- “Ümdətül-əfkar” kitabında yazılıb.

Molla Sadıq düz deyirmiş. Amma bizim “Hophop” bir özgə cür deyir. “Hophop” deyir:

 

 

Hər nə versən, ver, məbada vermə bir dirhəm zəkat

Qoy acından ölsə ölsün binəva kəndli və tat.

 

Hər nə düz versən, ver, oğlum, borcunu vermə təmam,

Hər nə alsan, al, amandır, alma kasıbdan səlam,

 

Hər nə etsən, et və lakin etmə meydən ictinab,

Hər nə dutsan, dut və lakin dutma bir kari-cəvab.

 

Hər nə çəksən, çək, vəli, çəkmə xəcalət qübhdən,

Harda yatsan, yat, ayılma, durma hərgiz sübhdən.

 

Hər yerə gəlsən, gəl, amma gəlmə dərsə, məktəbə,

Hər kəsə uysan, uy, amma uyma dinə, məzhəbə.

 

Hər nə çəksən, çək, bəradər, çəkmə düz mizanını,

Çəkmə sən millət qəmin, çəkmə, çək öz qəlyanını.

 

Baxmasan eytamə, baxma, baxma, bax löbətlərə,

Gəlməsən imanə, gəlmə, gəlmə, gəl lənətlərə.

 

Olmasan bir xeyrə bais, olma, ol bais şərə,

Etməsən imdad, etmə, et sitəm acizlərə.



[i]  Mühəndis (rusca: “injener”).

[ii]  Dostlarım.

 

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info