Qonaq Kitabı
QAFQAZ ŞEYXÜL-İSLAMINA İKİ DƏNƏ AÇIQ MƏKTUB

 

ƏVVƏLİNCİ MƏKTUB

 

Cənab şeyx! Mən indiyədək eşidərdim ki, bəzi dərs oxumuş müsəlman xanımla-rı sizə görüşə gələndə siz onlar ilə oturub söhbət eləyirsiniz və o xanımlar da üzləri açıq siz ilə oturub adam kimi söhbət eləyirlər. Və bundan da əlavə mən eşidərdim ki, siz hərdən bir gedirsiniz qız məktəblərinə və orada oxuyan on beş – iyirmi yaşında müsəlman qızları ilə görüşüb danışırsınız; hətta düşəndə onlara dərs də oxuyursunuz.

Bunları mən eşitmişdim, amma inanmırdım. Ondan ötrü ki, müsəlman övrətinin özgə kişiyə üzüaçıq görsənməyi xilafi-şəriətdir və belə olanda mən heç istəmirdim inanam ki, üzüaçıq müsəlman övrəti ilə siz görüşürsünüz və danışırsınız.

Amma mayın 27-ci günü saat on birdə siz cənabınızı mən gördüm Tiflisin “İnstitut” məktəbində. Orada dərs qurtaran qızlara şəhadətnamə paylayırdılar və sizi də oraya dəvət eləmişdilər. Siz orada on beş – iyirmi yaşında müsəlman qızları ilə görüşdünüz və danışdınız. Nə danışdınız, nə danışmadınız, – onda işim yoxdur, amma söz burasındadır ki, danışdınız.

Cənab şeyx! Mən sizdən təvəqqə edirəm ki, məni başa salasınız görək həmin on beş – iyirmi yaşında müsəlman qızlarının üzüaçıq kişilərlə və habelə siz cənabınızla danışmaqları xilafi-şəriətdir, ya yox?

Məlum şeydir ki,bizlər avamıq və sizin ayaqlarınız biləni bizim başımız bilməz. Ancaq biz bunu bilirik ki, həmin məktəblərdə müsəlman qızları iyirmi yaşa çatana kimi doqquz il dərs oxuyurlar, bu doqquz ilin müddətində doqquz min kişi ilə və müəllimlər ilə üzüaçıq görüşüb danışırlar və siz cənabınız da bu işləri görə-görə və bilə-bilə yenə həmişə özünüz də buyurursunuz haman yerlərə və müsəlman qızları ilə görüşüb danışırsınız və onlara düşəndə “mərhəba” da deyirsiniz.

Cənab şeyx, çox təvəqqə edirəm ki, buyurasınız görək bu işlər nə işdir?

 

İKİNCİ  MƏKTUB

 

Cənab şeyx! Haman “İnstitut” məktəbində dərs oxuyan qızların dərsi tamam eləmək şəhadətnamələrinə siz də baxırdınız və sonra həmin şəhadətnamələrə mən də baxırdım. Rus və gürcü qızlarının şəhadətnamələrindən belə məlum olur ki, rus və gürcü qızları özgə dərslərdən əlavə elmi-ilahi və ana dili də oxuyublar; amma müsəlman qızlarının şəhadətnamələrində yazılıb elmi-ilahi və ana dili oxumayıblar.

Cənab şeyx! Bağışlayınız məni, bu işləri yaxşı qana bilmirəm və sizin ayağınız biləni bizim başımız bilməz, – amma siz bunu da bilirsiniz və görürsünüz ki, həmin siz buyurduğunuz məktəbdə hər millətin qızlarına öz dinlərindən və dillərindən dərs verirlər; amma istəmirlər ki, məktəbdə ayı on beş manatlıq bir müsəlman müəllimi saxlasınlar ki, iyirmi yaşında müsəlman qızları dərs oxuyub qurtaranda müsəlmanca adlarını yaza bilsinlər və müsəlmançılıqdan heç olmasa bir neçə söz öyrənsinlər.

Bağışlayınız, cənab şeyx, bu sözləri sizdən soruşmaq biədəblikdir; amma siz məktəbə faytonda gedəndə mən elə bildim ki, siz gedirsiniz məktəbin rəisi ilə dava-mərəkə edəsiniz ki, niyə müsəlman qızlarına müsəlman dərsi oxutmurlar; amma indi belə məlum olur ki, siz heç kəslə dava eləməyibsiniz və məhz qızlarla söhbət eləməyə buyurubsunuz.

Və bu da məlum olur ki, indi iyirmi ildən çoxdur ki, hər il məktəbə buyurub qızlarla söhbət eləyibsiniz, bunu görübsünüz ki, iyirmi yaşında müsəlman qızları müsəlmanca danışa bilmirlər və siz onların çoxu ilə rusca danışıbsınız.

Amma heç kəslə dava eləməyibsiniz ki, niyə müsəlman qızlarını ruslaşdırırlar.

Cənab şeyx, məlum şeydir ki, sizin ayaqlarınız biləni bizim başımız bilməz; amma bunları adam fikir eləyəndə, lap adamın ağlı-zadı çaşır.

Cənab şeyx, mən Qazı Ağa Mirkərim ağa buyurduğu kimi “kafir” ola-ola yenə müsəlman qızlarına yazığım gəldi və məktəbin rəisinə dedim ki, niyə müsəlman qızlarına elmi-ilahi və ana dili oxutmursunuz, – amma siz, müsəlmanların şeyxi ola-ola bu barədə heç kəsə bir söz demədiniz.

Sən allah, cənab şeyx, buyurunuz görək nə işdir?

Aman günüdür, cənab şeyx, bunlar nə işdir?

 

Molla  Nəsrəddin.

“Molla  Nəsrəddin”,  2 iyun,  1907,  N 22.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info