Qonaq Kitabı
PAPAQ

 

73-cü nömrəli cənab “Təzə həyat”ın xoşuna gəlmir ki, rus qızları bizim papaqlara gülürlər və papaqlı müsəlmanla bir yerdə gəzmək istəmirlər. Cənab “Təzə həyat” təəccüb edir ki, ruslar papağı bir verstlikdən görüb qaçırlar.

“Təzə həyat”ın yazmağından mən belə başa düşdüm ki, cənab “Təzə həyat” burada rus qızlarını və xam rusları günahkar edir, nəinki papağı.

Əgər izn olsa, bu barədə bir az danışarıq.

 

*  *  *

 

Doğrudur, yer üzündə papağın şöhrəti çoxdur, rus qızlarının içində də çoxdur, xam rusların içində də çoxdur. Firəngistanda da papağın şöhrəti var; amma o dərəcədə ki, Sibir vilayəti və Saxalin cəzirəsində bizim papağımız şöhrət qazanıb, heç bir millətin şapkası o şöhrəti qazanmayıb, qazanmayacaq və hünəri də deyil qazansın.

 

*  *  *

 

Rus qızı papaqlı müsəlmanla ondan ötrü gəzmək istəmir ki, biçarə qız bunu bilir ki, əgər papaqlı müsəlman bağda adamların içində gəzə-gəzə qıza birdən-birə deyə ki, “mən ölüm qoy üzündən öpüm” və əgər qız buna razı olmaya, papaqlı müsəlman xəncəri çıxardıb istəyəcək soxsun qızın qarnına.

Bu səbəbə rus qızı papaqlı müsəlmandan qaçır.

 

 

*  *  *

 

Gör işlər nə yerə çatıb ki, allahın xam rusları da papaqdan qaçırlar. Yazıqlar nə eləsinlər ki, gözləri qorxub.

Hər yanda ki, bir rus papaqlı müsəlmana rast gəlib, rus qabaqca şapkasını çıxardıb papaqlı qardaşımıza deyib: “Zdrasti”. Amma bunun cavabında papaqlı müsəlman rusu bu cür başlayıb söyməyə: “Donquz oğlu donquz! Necə iyrənmirsən ki, donquz əti yeyirsən?”

Rus bir az baxıb və sonra deyib ki, “sənə bunun nədir zərəri?”

Papaqlı qardaşımız əlini uzadıb qəməsinə ki, çıxardıb soxsun xam rusun qarnına.

 

*  *  *

 

Papağın şöhrəti yer üzündə çox artıqdır. Dünya xəlq olunandan indiyədək ağzından südün qoxusu kəsilməmiş yeddi-səkkiz yaşında qız uşaqlarımızı çığırda-çığırda götürüb qaçanlar, çığırda-çığırda mollanın yanına aparanlar, mollanın yanından çığırda-çığırda öz evinə sürüyənlər, çığırda-çığırda özünə övrət edənlər və on yeddi gün həmin qızı çığırda-çığırda evində boğanlar kim olublar?

Cənab “Təzə həyat”, buyur görək kim olublar?

Haman papaqlı qardaşlarımız olublar.

Amma dünya xəlq olunandan şapkalı millətlər içində belə işlər baş verməyib, verməyəcək və verə bilməz!

 

*  *  *

 

Hələ bunlar bir saatlığa qalsın kənara.

Kimdirlər bizim balaca uşaqların dalına düşənlər, bunların dərdindən ölənlər, bunların yolunda öz evlərindəki kəbinli övrətlərini gecələr evlərdə kişisiz qoyanlar, məktəb uşaqlarımızın Bakı küçələrində yollarını kəsənlər və bu tövr eşqbazlıqlar üstündə bir-birinin qanını tökən cavanlar?

Həmin papaqlı qardaşlarımız.

 

*  *  *

 

Məsələn, səfərdəsən, yol ilə gedirsən. Görürsən uzaqdan iki-üç atlı gəlir. Uzaqdan diqqət edirsən ki, görüm əgər bunların başında papaq var, kəlmeyi-şəhadətimi oxuyum.

Allah rast salır ki, atlıların başında papaq olmur; məsələn görürsən ki, şapkalı rus saldatlarıdır, yainki üç nəfər şlyapalı ruslardır ki, ovdan qayıdırlar. Elə ki, uzaqdan papaq əvəzinə şapka görürsən, ürəyin sakit olur.

 

*  *  *

 

Bəs belədir cənab “Təzə həyat”! Əgər ürəyin sıxılmaq istəyir, ona sıxılmasın ki, xanım ruslar və rus qızları bizim papağı bəyənmirlər. Əgər ürəyin sıxılmaq istəyir, qoy buna sıxılsın ki, nə səbəbə özgə millətlərin şapkaları o şöhrəti qazanmayıblar ki, nə qədər bizim papaqlar qazanıblar.

 

Molla  Nəsrəddin.

“Molla  Nəsrəddin,  15  iyul,  1907,  N 26.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info