Qonaq Kitabı
ORUCU BATİL ELƏYƏN ŞEYLƏR

 

Mərvdə cənab mövlana hacı Məhəmməd Bağır ağa hər gün məsciddə minbəri yumruqlaya-yumruqlaya yüz iyirmi dörd min peyğəmbərə and içə-içə camaatı inandırır ki, qəzet oxumaq ocucu batil elər. Mən biləsi bu məsələyə diqqət eləmək lazımdır.

Tutaq ki, Lənkəranda sərçeşmeyi-ülumi-rəbbani fəxrülüləma hacı Cabbar ağa Nəsirbəyovun müridləri bu günah əməldən uzaqdırlar; amma yenə oruc tutanlardan gah bir qəzet oxuyan mənim gözümə sataşır. Məgər bunlar yazıq deyillər?!

Bəs bu məsələni açmaq lazımdır ki, hər kəs öz təklifini bilsin; yoxsa belə olmasa, yəqin ki, çox keçməz, Mərv məscidinin minbərinin kərpicləri “ağa”nın şapalaqlarının zərbindən uçub tökülər camaatın başına.

Bu barədə mən, Molla Nəsrəddin, bir söz danışmayacağam. Mən onu bilirəm ki, mənim sözüm camaat içində bir pula getmir! Mən bilirəm ki, camaat məni kəmetiqad hesab edir: söz yox, o qədər tas quran, fal açan və ilan oynadanlara lağ elədik ki, axırı bu günə düşdük.

Bəs mən Molla Nəsrəddin, oruc tutanların qəzet oxumağı barəsində bir söz danışmayacağam; amma, görək, özgələr nə deyirlər

Rusiyada çıxan müsəlman qəzetləri və habelə qonşumuz “İrşad” bu barədə çox sözlər danışıblar. Amma mənim bunlarnan da işim yoxdur.

Keçək Təbrizə və görək islam aləminin mərkəzi və üləmanın mədəni hesab olunan şəhərdə çıxan “Ədalət” ruznaməsi bu barədə nə deyir? Həmin ruznamə 18-ci nömrədə üzünü tutub müsəlmanlara və bir neçə şey onlardan soruşur. Ruznamə soruşur: “Ay müsəlmanlar, mən ölüm, lotu-lotuyana deyin görüm, hansıdır orucu batil eləyən şeylər?

1. Əvvəl, deyin görüm ruznamə oxumaqmı orucu batil elər, ya adam öldürmək, qumar oynamaq, mərdümazarlıq, rüba yemək, şeytançılıq, oğurluq, cibgirlik, dəstəbazlıq?

Əgər bu saydığımız əməllər orucu batil eləyirsə, bəs dəxi nə səbəbə islam aləminin yüz hissəsinin doxsan doqquz hissəsi nahaq yerə zəhmət çəkib, oruc tuturlar? Əgər eləmirsə, ta ruznamə oxumaq nə səbəbə batil eləsin və halonki biçarə ruznamə yazanlar millət və insaniyyət yolunda gözlərinin nurunu töküb, axırda “lənət”dən savayı bir şeyə sahib olmurlar.

2. Saniyən[i], deyin görüm, qəzet oxumaqmı orucu batil elər,yainki minbərin üstə çıxıb, min gunə[ii] yalanlar və büzurgüvar [iii] peyğəmbərimizin və əimmeyi-ətharın[iv] barəsində yüz min cür iftiralar demək?

Əgər həmin yalanlar və iftiralar orucu batil eləyirsə, bəs dəxi nə səbəbə islam aləminin üləmasının yüz hissəsinin doxsan doqquz hissəsi nahaq yerə zəhmət çəkib, oruc tutur və əgər eləmirsə, ta ruznamə oxumaq nə səbəbə batil eləsin və halonki ruznamələr yüz illərlə yatmış millətin və məmləkətin qulağına dirilik şeypuru çalıb, həmişə xalqı mövhumat və mühəmməlatdan[v] xəbərdar və hal-hazırın ehtiyacına və zəmanənin təqazasına vaqif etdirməkdədir.

3. Salisən[vi], deyin görüm, qəzet oxumaq orucu batil elər, yainki yetim və aciz-lərin malını əlindən alıb, qanlarını sormaq?

Əgər bu işlər orucu batil eləyirlərsə, bəs nə səbəbə İranın hakimləri, üləması, Qafqazın ağaları və hacıları nahaq yerə zəhmət çəkib oruc tuturlar? Əgər eləmirlərsə, dəxi bəs ruznamələrin günahı nədir ki, həmişə politika[vii] meydanında qələm vurub, millətin və məmləkətin hüququnu gözləməkdə canfəşanlıq edib, əcnəbi millətlər içində öz millətinin üzünü ağ və başını uca eləməkdədir.

4. Rabiən[viii], deyin görüm, ruznamə oxumaqmı orucu batil elər, yainki şəriəti oğurlamaq?

Əgər şəriəti oğurlamaq orucu batil edirsə, bəs niyə müsəlman aləmində zahid və fazil libasına girən zalimlər, cabirlər, xainlər, rəislər və alimnümalar minbərə qalxıb, ləğv və batil məsail, saxta əhadis[ix] və əxbar düzəldib, həmin məsail və əhadisin nisbətini, nəuzübillah, peyğəmbər və imamlara verib, bu vasitə ilə avamı cəhalətdə saxlayırlar?

Və əgər şəriəti oğurlamaq orucu batil eləmirsə, dəxi ruznamə nə səbəbə batil eləsin və halonki camaatın bəsirət gözünü açıb, dostla düşmənini tanıtmaqdan savayı ruznamənin heç bir təqsiri yoxdur”.

Molla Nəsrəddin öz tərəfindən:

Mən qabaqca ərz elədim ki, bu barədə mən bir söz danışmayacağam. Amma həmin məsələ ariz olandan indiyədək bəndəyə bir neçə kağız göndərib soruşurlar ki, nə səbəbə biz mollalar qoymuruq camaat qəzet oxusun?

Mənim cavabım:

Bunun tək bircə səbəbi var: vallah, billah, taalah, and olsun yerə, göyə, ulduzlara, bunun səbəbi məhz budur ki, camaat ruznamə oxumağa başlasa, dəxi biz mollaların bazarı kasad olacaq. Vəssəlam.

Qərəz... bunlar keçəndən sonra... bunların heç birindən mənim ağlım bir şey kəsmir. Qorxuram axırda heç bir şey çıxmaya. Qorxuram axırda ruznamə oxumaq da orucu batil edə, oruc tutmaq da ruznamə oxumağı batil edə.

Bizim Qafqazda sazanda məclisində hərdən bir cür muğamat çalırlar. Birisi düşür oynamağa, oturanlar çıtmıq çalırlar, xanəndə də başlayır bu sözləri oxumağı:

 

Dərədə yatmış idim, oyatdılar, oyanmadım,

Burnuma tikanları uzatdılar, oyanmadım.

Bomba, parthapartnan top atdılar, oyanmadım.

Saqqalımdan bir ovuc qopartdılar, oyanmadım.

Müxtəsər, hər bir əməl çıxartdılar oyanmadım.

 

Şəhrimizdən cəm olub cavanlar, naz ilən gəlib,

Qumarbaz, uşaqbazlar matışkabaz ilən gəlib,

Mar[x], meymun oynadan söhbətü saz ilən gəlib,

Mütrübü xoşləhcələr pək xoş avaz ilən gəlib,

Müxtəsər, hər bir əməl çıxartdılar, oyanmadım.

 

Qarışdı aralıqlar, qopdu məhşər qiyaməti,

Müsəlmanlar bir-birini qırdı unudub qeyrəti,

Hər “gələn” alim olub, çapdı-taladı milləti,

Mən yuxuda ol zaman çəkirdim rahət ləzzəti,

Burnuma tikanları uzatdılar oyanmadım.

 

 

Gördülər yuxlamışam, hər kəs sınadı gücünü,

Atlı atın üstümə, qurbağa saldı qıçını,

Hoppanıb Araz bu tay, yığıb dərənin bicini,

Hiyləbazlar tutdular bütün Qafqazın içini,

Saqqalımdan bir ovuc qopartdılar, oyanmadım.

 

Biz fəqirə axırı rəhm eləyib biganələr,

Açdılar mədrəsələr, klub, qiraətxanələr,

Yazdılar kitab, qəzet, xərc etdilər xəzanələr,

Molla Nəsrəddin dedi hər həftə bir əfsanələr,

 

Molla Nəsrəddin.

“Molla  Nəsrəddin”, 27 oktyabr,  1906,  N 30.



[i]  İkincisi.

[ii]  Min cürə.

[iii]  Böyük.

[iv]  Pak imamların.

[v]  Cəfəngiyyat.

[vi]  Üçüncüsü.

[vii]  Siyasət.

[viii]  Dördüncüsü.

[ix]  Hədislər; möminlərin “müqəddəs” hesab etdikləri sözlər.

[x]  İlan.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info