Qonaq Kitabı
ÖLÜLƏR

 

Qabaqca bir neçə söz

 

Bu məqalədə biz bir para acı sözlər danışmaq istəyirik; amma gərək danışma-yaydıq. Ondan ötrü ki, bir yandan abunə elanı yazırıq ki, bizim jurnalımıza təzə il üçün abunə olsunlar və bizə pul göndərsinlər, bir yandan da başlamışıq müsəlmanlara sataşmağa. Söz yox, heç bir molla belə eləməz ki, biz eləyirik. Məsələn qaydaya və adətə baxsaq, görək abunə elanının altında biz belə bir dua eləyirik:

“Ay bizə beşcə manat abunə pulu göndərən, allah görüm səni yerin və göyün bəlasından hifz eləsin! Amin – deyən dil lal olmasın. Amin, ya rəbbül-aləmin!”

Hələ mollaları qoyaq kənara. Hətta yazıçılarımızdan, görürsən ki, bir parası elə yağlı dillər və sözlərlə camaata yaranır ki, heç mərsiyəxanalar da o sözləri bacarmazlar. Bir para adamlar qələmi əllərinə alan kimi yalandan başlayır: “Ay mənim yaxşı millətim! Qadan alım, ay mənim millətim! Nə qədər canım sağdır, – hazıram sənə canımı fəda edəm, ay mənim gözəl millətim! Ay millətlərin padşahı millətim!..”

 

*  *  *

 

Amma, vallah, Molla Nəsrəddin yalan danışa bilməz; biz deyirik ki, belə milləti biz canü dildən istəyə bilmərik (bəlkə içində bir-iki yaxşısı tapıla).

Biz belə deyirik ki: bir millət ki, müsəlman qəbristanının yanından keçəndə görə ki, bir özgə millət müsəlman ölülərinin sümüklərini çıxardıb, tullayır kənara və öz ölüsünü onun yerində dəfn edir, – biz belə milləti istəyə bilmərik.

 

*  *  *

 

Əhvalatı başdan başlayaq.

Keçən vaxtlarda Bakıda bir köhnə qəbristan var idi. Hökumət müsəlmanlara təklif elədi ki, bu qəbristanın ətrafına bir hasar çəksinlər ki, itlər gəlib, orada məş-ğuliyyət eləməsinlər. Müsəlman camaatı hökumətə ərizə yazıb cavab verdi ki, “bizim indi belə işlərə vaxtımız yoxdur; ondan ötrü ki, biz indi məşğuluq... mütrübbazlığa, lotu və qoçubazlığa və mollalarımız da ticarətə məşğuldurlar...”

Sonra Tağıyev qabağa düşüb, qəbristanı hasarladı; amma müsəlman camaatına Tağıyevin hərəkəti xoş gəlmədi; çünki xalq elə güman elədi ki, Tağıyevin fikri axırda qəbristanlığı sahiblənməkdir. Müsəlmanlar vurdular hasarı dağıtdılar. Sonra da hökumət baxıb gördü ki, müsəlmanlar istəmirlər öz qəbristanlıqlarına sahib dursunlar. Hökumət bir az baxdı, baxdı, baxdı və öz-özünə dedi ki, “vallah, bura yaxşı yerdir və bu yer müsəlmana da lazım deyil”.

Görüm nə deyəcəkdim?..

Mən deyirəm ki, Bakının qazısı indi bu saat gündə bir dəfə faytona əyləşib, haman qəbristanlığın kənarında o tərəfə və bu tərəfə keçəndə görür ki, müsəlman ölülərinin sümüklərini qazıb, tullayıblar kənara. Cənab qazı sümüklərə baxıb, bir söz demir; amma yazıq sümüklər hər dəfə cənab qazını görəndə dilə gəlib deyirlər: “Bax, budur bizim diri qardaşlarımıza nicat paylayan, budur bizim qardaşların başının sahibi”.

 

*  *  *

 

Vətəni istəmək təbii bir şeydir. Vətən də ibarətdir vətəndaşlardan, yəni insanın öz millətindən. Bir adam istəyir millətini istəsin, amma sabah vətəndaşlarını küçədə görən kimi ikrah eləyir. O biri gün yenə istəyir məhəbbət eləsin, amma o biri günü yenə iyrənir. Və iyrənmək çox asandır.

 

Molla  Nəsrəddin.

“Molla  Nəsrəddin”,  9 dekabr,  1907,  N 46.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info