Qonaq Kitabı
NİYƏ MƏN DƏRSDƏN QAÇDIM

 

Dünyada çox adam dərsdən qaçıb. Özgə millətləri bilmirəm, amma bunu bilirəm ki, yer üzündə bir müsəlman yoxdur ki, dərsdən qaçmamış ola. Əvvəlinci nüsxəmizdə demişdik ki, dərsdən qaçan alim olar və haman sözü indi təkrar edirik: müsəlmanların cümləsinin alim olmağına əvvəlinci və axırıncı səbəb dərsdən qaçmaqlarıdır.

Müxtəsər, dərsdən qaçmayan – müsəlman deyil.

Məlumdur ki, dərsdən qaçmağa neçə-neçə səbəblər olur.

Görürsən on üç yaşında bir uşaq nə qədər ki, qamışdan at qayırıb, minib küçə-ləri o tərəf-bu tərəfə kişnəyə-kişnəyə çapır, sağ və salamatdır. Amma dərsə gedən kimi, biçarənin Şəki alması kimi qırmızı yanaqları başlayır solmağa. Uşağın atası gedib Hacı həkimə əhvalatı deyir və həkim uşağın üzünə baxın kimi ona bir dua yazır və uşağın atasına deyir ki:

- Oğlunun heç özgə naxoşluğu yoxdur. Məhz falaqqadan qorxub.

Və uşaq bu sözləri eşidəndən sonra, dəxi dərsdən qaçır.

Ya bu cür olur: uşaq gedir məktəbə və həmişə müəllimindən artıq hörmət, iltifat və mehribançılıq görür; məsələn, müəllim həmişə onu öz yanında oturdur, bazardan kişmiş-noxud alıb doldurur ciblərinə, dərsini bilməyəndə ayaqlarını falaqqaya qoymur, çətin dərs vermir və hər vaxt ki, uşaq dərsini bilmədi, müəllim yapışır onun çənəsindən və deyir: mən ölüm, bacıoğlu, mənim ürəyimi sıxma, dərsini yaxşı əzbərlə, yoxsa səndən küsərəm.

Amma sonra haman uşaq çiçək çıxardır. Dəxi bilmək olmur ki, bu nə sirdir. Müəllim dəxi binəvanı bilmərrə gözdən salıb üzünə də baxmaq istəmir və bunun əvəzinə bir özgə gözəl uşağı yanında oturdub dəxi kişmiş-noxudu təzə rəfiqinin ciblərinə doldurur. Yazıq həsrətlə rəqibinin üzünə bir qədər baxıb, götürür kitabını və üz qoyur məktəbdən getməyə və başmaqlarını geyən vaxt sağ əlinin şəhadət barmağını burnunun üstə döyə-döyə mollasına deyir:

- Hey, sən indi kişmiş-noxudu verirsən Cəfərə, mən də sənin acığına ta bundan sonra nə məktəbə gələrəm və nə də sənə halva gətirərəm.

Çox vaxt belə də olur: uşaq dərsə gedən kimi həmin uşağın evində bir bədbəxtlik üz verir; ələlxüsus ki, o məktəbdə rus dərsi də oxuna.

Bir neçə il bundan əqdəm Danabaş kəndində bir uşaq məktəbə gedən gününün sabahısı uşağın atasının yeddi qoyunu bir gecənin içində çərləyib ölür. Uşağın atası gedib əhvalatı Danabaş kəndinin mollası Axund Hacı Molla Namazəliyə deyir. Axund cavab verir ki, onlar hamısı bir bəladır ki, şəxs etdiyi günah əməlin əvəzində Allah-taala ona göndərir. Kişi and içir ki, uşağını rus dərsinə qoymaqdan savayı bir özgə günah işə mürtəkib olmayıb. Axund barmağını dişləyib deyir:

- Di belə de, rəhmətliyin oğlu! Ta məni niyə dağ-daşa salırsan?

Kişi evə qayıdıb götürür dəyənəyi və arvadına bir-iki çəkib, başlayır söyməyə:

- Ay köpəyin qızı, sən nə səbəbə bu uşağı doğdun ki, gedəydi rus dərsi oxumağa və qoyunlarımızın ölməyinə bais olaydı!

Dəxi işləri bu halətdi görəndən sonra uşaq dərsdən qaçır.

Amma mənim dərsdən qaçmağım söylədiyim əhvalatların heç birinə oxşamır.

Bu dəfə ta çox qəmişliyə getdik. İnşallah gələn həftə bu xüsusda sizə başağrısı verib əhvalatı təfsilən nağıl elərəm.

 

*  *  *

On üç yaşa çatana kimi mən küçələrdə xoruz döyüşdürüdüm. Ax, keçən günlər!..

Bir gün gəldim rəhmətlik dadaşıma dedim:

- Dadaş, məni qoy dərsə.

Rəhmətlik məni çox istərdi; çünki məndən savayı bir özgə övladı yox idi. Məhz məni istəmək səbəbinə ki, sözüm yerə düşməsin və ürəyim sıxılmasın, rəhmətlik dadaşım razı oldu; amma bu şərtlə ki, əvvəl gedib qonşumuz Molla İsmayıla istixarə etdirsin. Molla İsmayıl da vəfat edib; Allah ona minlərcə rəhmət eləsin. Rəhmətlik həm molla idi və həm də şair idi. Hər nə qədər ki, şer demişdi, yazıb bir dəftərçə qayırmışdı və istixarə edən vaxt götürərdi həmin dəftərçəsini, gözlərini yumardı, ağzını açardı göyə səmt və dodaqlarını tərpədə-tərpədə dəftər-çənin bir yerindən açıb oxurdu.

Rəhmətlik dadaşım mənim dərsə getməyimə istixarə etdirən vaxt rəhmətlik Molla İsmayıl kitabçanı söylədiyim qayda ilə açıb dadaşıma həmin bu şerlərini oxuyub...

 

Ol gün ki sənə xaliq edər lütf bir övlad,

Olsun ürəyin şad!

Təyin elə cindarı ki, etsin ona imdad,

Ta dəyməyə həmzad;

Sağdan sola, soldan sağa sal boynuna heykəl,

Qoy cinni məəttəl;

Min günə tilismatə tutub eylə müqəffəl,

Gəzdir onu əl-əl;

Gər dəysə sovuq, sancılanıb olsa da bimar,

Hökm et gələ cindar;

Göstərmə təbibə o ciyərguşəni zinhar,

Qoyma ola murdar;

Ağlarsa uşaq dərdinin axtarma dəvasın,

Ancaq söy anasın;

Qorxuzsun o da damdabaca ilə çağasın,

Kəssin də sədasın;

Örgət ona, əlbəttə, özün bir neçə mövhüm,

Məhdud ola məsum;

Bu sayədə ömr eyləyə dünyadə o məzlum,

Hər haləti məzmum;

Tək-tək dil açanda ona təlim elə hədyan,

Həm olma peşiman;

Bildir ona min dürlü qəbahətləri hər an,

Alsın ələ ünvan;

On yaşa yetincə uşağın eyləmə qəflət,

Qandır necə bi`dət;

Ta on beşə yetdikcə tapa işdə məharət,

Həm eyləyə adət;

Göndərmə onu məktəbə, dəng eyləmə başın,

Tökmə üzə yaşın;

Hər fənd və biclikdə edər kəsb məaşın,

Saxlar özü başın;

Rahət nəyə lazım edə dünyadə məişət,

Quldurçuluq örgət;

Ta inki qumar oynaya, qətl eyləyə, qarət,

Xoşdur belə sən`ət;

Dünyanı soyub, eyləyə hər gün səni xürsənd,

Sağ ol, belə fərzənd!

Evdə tapılır imdi dəxi çay, plov, qənd,

Kimdir sənə manənd?

Nagəh alınıb həbsə, dutarsa səni vəhşət,

Ver hakimə rüşvət;

Sat var-yoxunu, advoqata ver neçə xəl`ət,

Puç ol hələ-həlbət;

Axırda olub həsrəti-didari-cəmali,

Qal kisəsi xali;

Qaldıqda oğulsuz dəxi tez başla suali,

Al vizrü vəbali;

Tap rizqi-həlali,

Ay başı bəlali,

Yığ dəymişi, kali,

Olmaz oxumaqdan

Tapmaq bu cəlali!..

 

Qərəz, bir neçə vaxt başladım məktəbə getməyə. İnsafən, artıq səyim var idi oxumağa. Belə ki, hər gün məktəbdən evə qayıdıb, tökərdim kitabları  qabağıma və başlardım sabahkı dərsimi hazırlamağı. Axır dadaşım mənim oxumağımdan təngə gəlib, mənə bir-iki dəfə dedi:

- Ay balam, özünü bərkə salma. Hə olacaq sənə bu oxumaqdan?

Mən dadaşımın sözünə qulaq verməyib, öz işimə məşğul idim. Bir gün evdə həmişəki kimi dərsimə baxmaqda idim. Gördüm ki, dadşım gedib, anama bu sözləri deyir:

 

Bilməm nə görübdür bizim oğlan oxumaqdan?!

Dəng oldu qulağım!

Jurnal, qəzetə, hərzəvü hədyad oxumaqdan

Incəldi uşağım!

Ağlın aparıb bəs ki, baxır gündə qərayə,

Ya rəb, nə həmaqət!

Söz etməz əsər, çarə qalıb imdi duayə,

Tədbir elə, övrət!

Lənət sənə, ifritə, sənindir bu cəhalət,

Etdin nə xəyanət!

Səndən törənibdir bizim evdə belə bid`ət,

Ey mayeyi-hiylət!

Tutsun çörəyim gözlərinin ağü qarasın,

Ey həmsəri-bədxah!

Haşa, oda yaxmaz ana istəkli balasın,

Kəssin səni allah!

Bu tifli oğutmaqlığa etdin məni tərğib,

Həp eylədin iğva.

İmdi nədi fikrin? İşimiz oldu bu tərkib,

Yox çarəsi əsla.

Heyhat ki, tədbir ola bu xanəxərabə,

Zail olub əqli.

Dərsə, qəzetə, məktəbə, jurnala, kitabə

Mail olub əqli.

Yıxdın evimi, eylədin övladımı zaye,

Iş keçdi məhəldən.

Mən anlamıram elm nədir, ya ki, sənaye,

Zarəm bu əməldən!

İstərdim o da mən kimi bir hörmətə çatsın,

Dünyadə dolansın;

Ta qol gücünə malik olub şöhrətə çatsın,

Azadə dolansın;

Bir vəqtidir imdi ki, olub Rüstəmi-dövran,

Bir ad qazanaydı;

Qarətlər edib ta ki, tapaydı sərü saman,

Bir şey də qanaydı.

Puç eylədin, övrət, bu gözəl, sadə cəvani!



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info