Qonaq Kitabı
NƏ ELƏMƏK?

 

Duma da ki, belə oldu.

İndi bəs nə eləmək?

Duma yenə bir məşğuliyyət idi; hərdən bir teleqramlarda vəkillərimizin nitqlərini oxuyub, günümüzü bir tövr keçirirdik.

Bu da ki, axırda belə oldu.

İndi bəs nə eləmək?

Bu barədə yoldaşlarımıznan çox fikirləşdik; fikirləşdiksə də bir yana çıxarda bilmədik. Ondan ötrü bir yana çıxarda bilmədik ki, hər birimizin rəyi bir cürdü.

Məsələn, deyirəm, ay yoldaş Mozalan, sən də bir ağıllı kişisən, bir de görək, duma ki, dağıldı, indi camaat bəs nə eləsin?

Gör evi xarab Mozalan mənə nə cavab verir, deyir ki:

- Camaat indi gərək yatsın.

Dedim:

- Ay qardaş, sən allah, belə damian düşmə sözlər danışma; xalq eşidib səni məzəmmət elər.

Evi xarab, elə haman sözünün üstündə durub ki, durub; deyir:

- Camaat indi gərək yatsın.

Sonra üzümü Lağlağıya tutub onun rəyini soruşdum. Zalım oğlu zalım, vaqeən lağlağı imiş. Mən ondan bir müxtəsər söz soruşuram, o gör mənə nə cavab verir:

- Raviyani-əxbar və naqilani-şəkkər şirin köftar belə rəvayət edirlər ki, bir gün var idi, bir gün yox idi, bir qurd var idi və bir neçə də xırda-mırda, balaca, zəif, fəqir və biçarə, sahibsiz və köməksiz, ac və susuz, yetim-yesir quzu var idi. Bir gün qurd quzuların yanına gəlib...

Lağlağının sözlərini kəsib dedim:

- Get bala, get nağıl deməyinə, sənin əlindən nağıl deməkdən savayı özgə bir iş gəlməz. Get, duma məsələsi sənin xörəyin deyil.

Lağlağı da belə getdi.

Növbət Hərdəmxəyala yetişdi. Deyirəm:

- Ay yoldaş, barı sən mənə de görüm, duma ki, dağıldı, indi camaat nə eləsin?

Bu rəhmətliyin oğlu da başladı ki, mən Hacı Nəcmüddövlənin təqviminə baxmamış bu barədə bir söz danışa bilmərəm.

Hərdəmxəyal da elə getdi.

Qaldı Hophop. Bunun da rəyi budur ki, camaat götürüb Müzəffərəddin şaha bir ərizə göndərsin və təvəqqə eləsin ki, şahənşah duma məsələsinə müdaxilə edib camaata riayət etsin.

- Dedim:

- Əzizim, hophop, qorxuram İran padşahı bu məsələyə qarışıb Almaniya və Avstriya padşahları kimi, padşaha tərif saxlaya, nəinki camaata.

Hophop bir qədər fikirləşib cavab verdi:

- Doğru deyirsən, ay Molla Nəsrəddin, mən burasını fikirləşmirdim.

Hophop da belə getdi.

Qaldı Qızdırmalı. Bu allahın bəlasına giriftar olmuş da yaylaqlarda veyillən-məkdən yorulmadı. Laəlac qalıb götürüb Kislovodskiyə ikibaşlı tel vurub bu barədə məsləhət soruşdum. Bir neçə saatdan sonra bu məzmunda cavab gəldi:

“Bakının, Qarabağın, Gəncənin və İrəvanın bəyzadə və xanzadələri ilə və bir neçə nəfər İran əhli ilə bir yerdə xanımlar məclisində Kaxet çaxırı içə-içə sənə dua göndərirəm. Vəssəlam”.

Bu da Qızdırmalının rəyi!

İndi qaldım mən. Özüm rəyimi deyim:

- Mənim rəyim budur ki, lazımdır... dava etmək! Təvəqqə edirəm ki, fikriniz özgə yana getməsin, səbr edin görün nə deyirəm.

Bəli, lazımdı dava etmək.

Kimnən dava etmək?

Rusiyanın özgə millətləri ilə işim yoxdur, mən Qafqaz sözü danışıram. Mən belə məsləhət görürəm ki, Qafqazda nə qədər ki, erməni var, tökülüb bir günün içində müsəlmanların hamısını qırsın; sonra da müsəlmanlar tökülüb erməniləri qırsınlar.

Məhz bu cür dumanın acığını çıxartmaq mümkündür. Yoxsa özgə bir çarəsi yoxdur.

Əgər gürcülər də bu davaya qarışsaydılar, dəxi yaxşı olardı; qarışmasalar, qarışmasınlar; canları cəhənnəmə!

Bəs belə.

Lazımdır dava eləmək!

Buradan bir haşiyə çıxaq. Tiflisdə bir qəzet var, adı “Qolos Kavkaza”dır; özü padşah tərəfdarıdır. Tiflisdə müsəlmanlardan min dörd yüz müştərisi var, özgə yerlərdən nə qədərdir bilmirəm. Qərəz...

Dünən bu qəzetin mühərrirlərindən birisi küçədə mənə rast gəlib soruşdu:

- Ay Molla Nəsrəddin, deyirlər Bakıda ermənilər və müsəlmanlar bir-birini qırıb qurtardılar. Xəbərin var?

Dedim:

- Xeyr, xəbərim yoxdur. Amma güman edirəm ki, bu xəbərin əsli yoxdur.

Gördüm ki, rəfiqim başını saldı aşağa. Dedim:

- Bəradər, heç ürəyin sıxma, iki ay bundan irəli Frəngistan darülfünününün mərizxanasında bir Qafqaz ermənisi ilə bir Qafqaz müsəlmanının başlarını yarıb beyinlərini misqal-tərəzidə çəkirmişlər. Bu heyndə görürlər ki, tərəzidə heç bir şey yox. Məlum olur ki, beyinlər ağırlıqlarından havaya uçublar.

Mühərrir rəfiqim sözümü tez başa düşdü və sevincək əlimi sıxıb “spasibo”[i] – dedi və uzaqlaşdı.


Molla  Nəsrəddin.

“Molla  Nəsrəddin”,  21  iyul,  1906,  N16.



[i] Çox sağ ol.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info