Qonaq Kitabı
MÜSƏLMAN İÇİNDƏ GÖRDÜKLƏRİM

 

Lemsə tayfasından Reynqart adlı bir şəxs miladi tarixinin 1892-ci ilində yer üzünü başladı piyada dolanmağa və dörd ilin müddətində belə məşəqqətli səyahətini tamam edib, səfərdə gördüklərini yazıb, bir kitab cəm etdi. Həmin kitabın bir cildini cənab Reynqart idarəmizə göndərib, təvəqqə edir ki, kitabın intişarı naminə onu oxucularımıza tərif edək. Müsənnifin kağızından belə məlum olur ki, kitabdan bir cild “İrşad” və “Həyat” idarələrinə dəxi göndəribdir.

Kitabın 895-ci səhifəsindən “Müsəlman içində gördüklərim” sərlövhəsi ilə Qafqaz və İran səyahətnaməsi başlanır. 912-ci səhifə Salahlı qəryəsindən danışır. Səyyah yazır: “Günorta vaxtı iki min əviyyətlə çatdım Salahlı kəndinə və küçədə bir uşaq görüb soruşdum:

- Ay uşaq, burada məktəb var?

Uşaq hər iki əllərinin şəhadət barmaqları ilə gözlərini bərəldib, “xox” elədi və qaçdı getdi. Sonra bir kişiyə rast gəldim və yenə istədim məktəbin olmağını, ya olmamağını biləm. Kişi mənə cavab verdi:

- Mən məktəb-zad bilməz, – dedim :

- A kişi, heç olmazsa buranın ağsaqqallarından və hörmətli əhalisindən bir adam mənə nişan ver ki, onlarla görüşüm.

Kişi əlini bir tərəfə uzadıb dedi:

- Bax, oturublar orada.

Üzümü haman tərəfə tutub gördüm ki, kəndin kənarında söyüd ağacının dibində beş nəfər adam oturub. Yavıqlaşıb gördüm ki, bunlar yanlarına bir tuluğ çaxıb qoyub, stəkanları doldurub içirlər. Əvvəl bunu soruşdum ki, “siz nə millətsiniz? Hamısı birdən cavab verdilər ki, “əlhəmdülillah, müsəlmanıq”.

Sonra mən xəbərdar oluram ki, bu ağalar Salahlının bəyləridirlər”.

Kitabın 917-ci səhifəsində cənab Reynqard Şamaxı səfərini yazır: “Girdman çayını keçib, yetişdim Şamaxıya. Küçə ilə bir şəxs gedirdi. Divarın dibində oturan adamlar bunu görcək tez ayağa durub, salam verdilər. Mən bildim ki, bu şəxs mötəbər bir adam olacaq və çünki əlində təsbih də vardı, mən yəqin elədim ki, itaət əhli[i] olmalıdır. Mən bu cənaba diqqət etməkdə idim, bir nəfər adam mənə yavıqlaşıb dedi:

- Ay aşna, nə çox hacı ağaya diqqət edirsən?

Dedim: – Hansı hacı ağaya?

Dedi: – O əlində təsbeh gedənə.

Dedim: – Kimdir o vücud?

Cavab verdi ki: – O cənab, şəhərimizin mötəbər və mömin şəxslərinin biridir.

Dedim: – Maşallah!

Dedi: – Bir qulaq ver, sonra maşallah de.

 Dedim: – Sözünü söylə.

Rəfiq başladı:

- Mən şamaxılı Əladdin Molla Qəni oğluyam. Biz beş qardaş və iki bacıyıq. Keçən zəlzələdə bizim evlər uçub dağıldı və biz hamılıqnan köçüb, Gəncədə başladıq sakin olmağa. Bu hacı ki, əlində təsbih gedir, bizim evimizi qəsb edib, imarət tikdirib, ildə üç-dörd dəfə həmin evdə qonaqlıq məclisi qurur və şəhərimizin bir para “alim” və “fazil”ləri gəlib haman evdə plov yeyəndən sonra namaz qılırlar və özləri də bunu bilirlər ki, o yer qəsbdir.

Mən bu sözləri eşitcək qaçdım haman hacının qabağına və soruşdum:

- Sən nə millətsən?

Hacı ağa üzünü mənə çöndərib, cavab verdi:

- Əlhəmdülillah, müsəlmanam.

Dedim: – Çox sağ ol”.

Kitabın 955-ci səhifəsi Rəşt şəhərindən söhbət açıb deyir: “Rəşt qazısı şəriət-mədar Axund hacı Molls Mehdi Rəşt və ələlxüsus Gilan əhlinin başına elə bir it oyunu gətirir ki, xalqın fəryadı göylərə bülənd olur. Hər bir hakim Rəştə varid olan kimi Axund Molla Mehdi onunla əlbir olub, başlayır biçarə əhalinin dərisini soymağa və hər nə ki, fəqir-füqəradan qarət eləsə, hakimlə yarı bölür”. Cənab Reynqart yazır ki, “mən istədim axundu ziyarət edəm. Cənab qazı bildi ki, mən Avropa əhliyəm və mənə hörmət qoyub yavıqlaşdı və ədəblə mənimlə əl-ələ verdi. Mən əl verib soruşdum:

- Cənab axund, siz nə millətsiniz?

Axund mənə cavab verdi:

- Əlhəmdülillah, müsəlmanam”.

Kitabın 967-ci səhifəsi Bakıdan danışır. Səyyah bakılıları mədh edir və hətta (kitabın) bir yerində Bakı əhlini qamətdə və şücaətdə Rüstəm pəhlivana oxşadır. Amma heyf ki, burada kitabın bir neçə vərəqi cırılıb. Bakı fəqərəsinin axırında yazır ki, “hər bir bakılıdan soruşdum ki, “mən ölüm, doğrusunu de görüm, nə millətsən?” – və hamı and içib söylədi ki, “əlhəmdülillah, müsəlmanam” (mabədi var).

İdarədən:

Bir kəs ki, istəyə cənab Reynqartın kitabını ələ gətirə, Tiflisdə hər gün nəşr olunan müsəlman ruznamələrinin birinə rücu etsin.

 

Molla  Nəsrəddin.

“Molla  Nəsrəddin”,  11  avqust,  1906,  N 19.



[i] Mömin, Allaha boyun əyən.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info