Qonaq Kitabı
MÖVQUFAT MƏSƏLƏSİ

 

Məlumdur ki, mövqufatımızın ixtiyarı Rusiya hökumətindədir və mövqufat pul-larımız rus xəzinəsindədir. Mövqufatın gəlirinə və gedirinə hökumət özü yetişir. Müxtəsər, mövqufat işlərimizi Rusiya hökuməti dolandırır.

İndi baxaq bunun nəticəsinə: mövqufatın mülkləri və qeyri tərpənməyən var-yoxu öz yerində qalır və nəqd pulları xəzinədə durur və lazım olan vaxt ruhani rəislərimizin razılığı ilə xərclənir, necə ki, məsələn, vəqf pulları ilə mədrəseyi-ruhaniyyə tikiləcək.

Lazımdırmı ki, bizim mövqufatımız Rusiya hökumətinin ixtiyarında qalsın ya müsəlmanların öz ixtiyarına keçməyi məsləhətdir?

Əgər özgə bir millətin qəzetçisi belə sözü ağzına alıb danışsa, onun qəzetini cırıb tullarlar, çünki millətlərin hamısı çalışır ki, öz işlərini özləri dolandırsın və kənar adam onların işinə qarışmasın. Məsələn, polyak, gürcü, yəhudi, fin və qeyri tayfa bilsələr ki, mən belə söz məcmuəmdə yazıram, deyərlər ki, Molla Nəsrəddin biqeyrətdir; çünki bu tayfaların gecə və gündüz fikri budur ki, mövqufat işləri və qeyri bu cür işləri hökumətin ixtiyarından çıxıb, öz ixtiyarlarına keçsin. Amma bununla bərabər, mən deyirəm ki, biz müsəlmanlar üçün eyni məsləhət budur ki, mövqufat işlərimiz hökumətin ixtiyarında qalsın. Dəlilim budur:

Götürək, məsələn, Rusiya müsəlmanlarını və İranı. Məsələn, götürək Tiflisi və Ərdəbili.

Tiflisdə yenə hökumətin bərəkətindən xəzinədə neçə yüz min manat mövqufat pulu var ki, indi o pullar ilə istəyirik məscid və mədrəsə tikək.

İndi gələk Ərdəbilə. Burada əhvalat bir az uzanacaq.

Neçə il bundan irəli Ərdəbildə Şeyx Səfi adında möhtərəm bir şəxs vəfat edib. O vədədən indiyədək haman şəxsin məqbərəsi ziyarətgah olub və müridləri çox mülklər və kəndlər haman məqbərəyə vəqf ediblər. Belə ki, indi bu saat şeyxin mövqufatı Tiflis məscidinin mövqufatından on kərə artıqdır.

Bəs bu neçə yüz ilin müddətində bu qədər mövqufatın hədsiz mədaxili necə olub? Hansı məktəb və mərizxanalara[i], hansı məscidə, hansı qiraətxanaya xərclənib? Necə olub hədsiz pullar?

Təfavüt burasındadır ki, Tiflis mövqufatının mədaxili keçdi bir rusun əlinə və rus ola-ola haman mədaxili yığıb xəzinədə saxladı ki, axırda məscid tikdirən vaxtda lazım olsun. Amma Ərdəbil şeyxinin mövqufatı keçdi bir boynu yoğun xüddambaşının[ii] əlinə, yəni bir müsəlmanın əlinə və bu müsəlman, yəni xüddam-başı bir ucdan başladı məscidin bimisl qalasını[iii] ingilislərə üç min manata satmağa, bir ucdan da barama qurdu kimi daraşıb mövqufata, başladı yeməyə.

Yox, vallah, sağ olsun rus hökuməti.

Hərçənd, mənim Rusiya hökuməti ilə aram yoxdur, ondan ötrü ki, ayıb olmasın, Cəfərin anasına iki arşın çit alanda da az qalır qaradavoy gəlib desin ki, “niyə polisə xəbər verməmiş arvadına tuman aldın?”; amma doğrusu, mən haqdan keçmərəm; mövqufat barəsində mən Rusiya hökumətinə duaçıyam; ondan ötrü ki, Rusiya hökuməti mövqufat pullarımızı xəzinədə saxlamasaydı, indi çoxdan o pulları xüddambaşılarımız, mütəvəllilərimiz və cürbəcür alim şəklinə girən ağalarımız həzmi-rabedən keçirmişdilər, yəni yemişdilər.

Hökumət də bunu çoxdan duyub; odur ki, dumada mövqufat barəsində maliyyə vəziri müsəlman vəkillərinə yaxşı cavab verib. Vəzir deyib ki, “çox əcəb, biz hazırıq sizin mövqufatı öz ixtiyarımıza verək, amma siz də söz verin ki, gələn məhərrəmlikdə Bakı və İrəvan müsəlmanları məsciddən xalqın başmaqlarını oğurlamayacaqlar”.

Bir millət ki, özünün, məscidinin, millətinin qədrini bildi, – ona qəyyum lazım deyil; məsələn, polyak, Almaniya, firəng, erməni və yəhudi. Amma bir surətdə ki, ərdəbillilər qarnıyoğun xüddambaşını görəndə deyəcəklər ki, “ay qardaş, niyə fəqir-füqəranın malını yeyirsən?”, bir surətdə ki, bizim ruhanilərimizin çoxunun arzusu məhz budur ki, bir az da uca imarət tikdirsin və kərpicini Həsəndən, gəcini Hüseyndən müftə alsın, – söz yox ki, belə millətə bir qəyyum lazımdır.

Gör nə günə qalmışıq ki, mövqufat pullarımızın rus xəzinəsində qalmağını Molla Nəsrəddin məsləhət görür.

İşlər yaşdır.

Molla  Nəsrəddin.

“Molla  Nəsrəddin”,  7 aprel,  1907,  N 14.



[i]  Xəstəxanalara.

[ii]  Müqəddəs yerlərdə xidmətçilərin başçısı

[iii]  Qalasını.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info