Qonaq Kitabı
MOLLA NƏSRƏDDİNİN XƏLVƏT CAVABI

 

Bakıda  “Dəmdəməki”yə

 

Ay Dəmdəməki sən lap dəlisən: kişi, necə qorxmadın o sözləri mənə yazdın? Məgər sən canından əl çəkibsən? Bəlkə mən o sözləri götürüb məcmuəmə yazaydım, onda canını hara qoyardın?

Yəqin bil ki, bakılılar səni daş-qalaq edib mənim də məcmuəmə bilmərrə müştəri olmazdılar. Kişi, mən yaza billəm ki, Bakı qiraətxanalarında bayquşlar banlayır?! Mən yaza billəm ki, Bakı cəmiyyəti-xeyriyyəsinin fikrinə düşən yox, üzvləri çox kahil və iş görmək istəməyən?! Mən yaza billəm ki, Bakının küçələri dilənçilik edən müsəlman övrətləri və uşaqları ilə doludur?!

Ay Dəmdəməki, mən yaza billəm ki, aprelin doqquzunda iki məşhur müsəlman qlasnısı bir-birinə altıaçılan çəkib, olmayan sözləri bir-birinə dedilər?! Və mən buna inana bilərəm ki, ermənilər çox xoşnud oldular?

Ay Dəmdəməki, məcmuəmdə yaza billəm ki, səfər ayının iyirmi səkkizində qubalılarla bakılılar Bibi-Heybətdə elə şiddətli baş yardılar ki, bir neçə nəfərin başının qanı hələ yenə axır?!

Ay Dəmdəməki, sən dəlisən-nəsən?

Ay kişi, mən yaza billəm ki, dekabr ayında bakılılar qərib oğruları eşşəyə bindirib şəhəri gəzdirdilər, amma öz oğrularını tutduqda buraxırlar, çünki bu oğrular qlasnıların qohumudurlar?

Ay Dəmdəməki, bir fikir elə gör, mən bu sözlərə məcmuəmdə yer verə billəm ki, sən məndən xahiş edirsən? Bəlkə mən bu sözləri yazaydım, canını hara qoyacaq idin?

 

“Molla Nəsrəddin” 21 aprel, 1906, N 3.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info