Qonaq Kitabı
MOLLA NƏSRƏDDİNİN CAVABI

 

Ağdaşda Kərbəlayı Nəcəfqulu Kərbəlayı Cəfər oğluna.

 

Ey dostum Kərbəlayı Nəcəfqulu! Sən yazırsan ki, mən naxoşam. Yazırsan ki, durduğum yerdə, küçə ilə getdiyim yerdə elə bərk yuxum gəlir ki, az qalıram yıxılam; yazırsan ki, iştaham azalıb: belə ki, sübh vaxtı bozbaş yeyəndə, axşam azanı deyiləndə kabab yeyirəm; sübh vaxtı kabab yeyəndə, axşam bozbaş yeyirəm; yazırsan ki, istəyirəm bir işə əl vuram, birdən məni gərnəşmə tutur, elə ləzzətlə gərnəşirəm ki, az qalıram yıxılam yerə; yazırsan ki, heç bir iş görməyə həvəsim yoxdur və bir işi başlayanda ya hamam yadıma düşür, ya evimizdə yorğan-döşək; yazırsan ki, hamama girən kimi məni elə bir yuxu tutur ki, soyunmağa macal olmur; və bunu da yazırsan ki, uşaqlıqdan bu mərəz məndə peyda olub; və bunu da yazırsan ki, mənim yoldaşlarım və dostlarım və qonşularım hamısı bu naxoşluğa mübtəla olublar; yazırsan bu naxoşluq misri naxoşluq kimi bir şeydir və illax.

Dərdini yazıb deyirsən ki, şəhərimizin həkimlərinin heç biri sənə bir çarə edə bilmədilər. Yazırsan Məhəmməd Qasım kimi haziq təbib səni bu mərəzdən xilas eləyə bilmədi və yazırsan ki, mən Tiflis həkimlərinə əhvalatını söyləyim və bilim görək sənə bir çarə edə bilərlərmi ki, Tiflisə gəlib burada özünə müalicə etdirəsən.

Ey mənim dostum, gərək sən heç şübhə etməyəsən ki, mən sənintək vücudları görməyə müştaqam. Bunu da sənə deyirəm ki, sənin Tiflisə təşrif gətirməyin ona səbəb ola bilərdi ki, nökərinə bir yadigar qoyub gedərdin; çünki məcmuəmizin nəqqaşı səni görən kimi gözəl surətini məcmuəmizə salıb sənin ismi-rəsminin baqi və yer üzündə məşhur olmağına ciddü cəhd edərdi. Amma səd əfsus ki, sənin dərdinin çarəsi buraya gəlməkdə deyil. Buranın kamil təbibləri müttəfiqən sənə vacib görürlər fürsəti fovtə verməyib gedəsən İrəvana, ya Naxçıvana və həmin səfalı şəhərlərin hamamlarının gözəl sularında çiməsən. Əgər həmin müalicə tezliklə bir fayda verməsə, əlbəttə, gərək təxir etməyib Təbriz səfəri edəsən və həmin şəhərin hamamlarına müşərrəf olub, çoxluca çimib, anadan doğma kimi saf və səlamət olub, qayıdıb gələsən vətəninə. Dəxi bundan artıq ərz etməyə qabil bir sözüm yoxdur.

 

Səni qəlbdən istəyən: Molla Nəsrəddin.

“Molla Nəsrəddin”, 14 aprel, 1906, N 2.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info