Qonaq Kitabı
MOLLA CƏFƏRQULU

 

Əcnəbi millətlərin içində çox lotular var, çox arvadbazlar var...

Birisi gedə bir neçə müddət Rusiyanın və Avropanın şəhərlərini gəzə və sonra gələ müsəlman içinə və Təbrizi, Tehranı, Ərdəbili, Astaranı, Bakını, Naxçıvanı və Danabaş kəndini gəzib dolana, elə bilər ki, müsəlman içində lotuluq, arvadbazlıq və fahişəbazlıq heç əslindən yoxdur və elə bilər ki, bu əməllər ancaq əcnəbilərin əməlidir.

Ax, Molla Nəsrəddin, lal ol, çox işlərə əl aparma! Çox sirləri açma, pərdələri qovzama, çox çirkləri qurtdalama ki, üfunəti dünya və aləmə yayılsın!

Hər kəs ki, əcnəbilərin və müsəlmanların da əhli-əyal və ər-övrət işlərindən yaxşıca xəbərdardır, mənim sözlərimi başa düşər; amma hər kəs xəbərdar deyil, yaxşısı budur ki, heç sözümə qulaq verməsin.

Bunu heç kəs dana bilməz ki, əcnəbilər və kafirlər məhz bir arvad alırlar və ölən günə kimi həmin bir arvada qane olurlar. Əgər bunlar bir-birini xoşladı, ömrlərinin axırınadək bir yerdə yaşayacaqlar, əgər xoşlamasalar, yenə bir tövr rəftar edəcəklər ki, ömrlərini başa versinlər. Və əgər bir-birini o mərtəbədə xoşlamadılar ki, birinin-birinə ikrahı oldu, – o surətdə bunlar ayrılacaqlar.

Dünyada bu təbii bir şeydir və belə də gərək olsun.

İnsaf üçün bunu da lazımdır demək ki, əcnəbilərin içində bu da gahbir ittifaq düşür ki, bir kişi hətta övrətinə məhəbbəti ola-ola bir özgə övrətə yavıq düşür.

Amma burada iki böyük tafavüt var:

Əvvələn, əcnəbilərin içində övrət sahibi bir kişinin özgə övrətə meyl göstərməyi elə şiddətli təqsir hesab olunur ki, əgər övrəti bu əməldən xəbərdar olsa, həmin saat ərindən boşanar və boşanmağına da məzhəbləri ixtiyar verir.

Saniyən, əcnəbilərin və kafirlərin içində bir övrətə iktifa etməyib bir neçə övrət dalicə düşən fahişəxanalara gedənlər tərbiyəsiz cavan və subay, yəni evlənməmiş kişilərdir.

İndi gələk müsəlmançılığa.

Doğrudan, müsəlman içində vardırmı arvadbazlıq, lotuluq və fahişəbazlıq, ya yoxdur?

Bilmirəm, bəlkə yoxdur? Allah eləyə ki, yox ola!

Bu sözləri yaza-yaza akoşkadan baxıram qara bulutlara. Gah elə xəyalıma gəlir ki, bu bulutlar Qara dəryanın və Kaspi dəryasının rütubətidir ki, günün hərarəti onları çəkib gətirib ki, burada onlardan yağış əmələ gəlsin. Gah elə xəyalıma gəlir ki, xeyr, bu bulutlar müsəlman övrətlərinin ahü əfqanlarının bulutlarıdır və bu yağışlar dərya suları deyil, bu bəxtiqaraların göz yaşlarıdır!..

Bəli, gələk müsəlmançılığa.

Burada yenə iki təfavüt var.

Biz ilə əcnəbilərin əvvəlinci təfavütü budur ki, müsəlman içində övrət sahibi bir kişinin özgə övrətə meyl göstərməyi və özgə övrətə yavıqlıq eləməyi ibadət kimi bir savab əməl hesab olunur. Və ikinci təfavüt də budur ki, müsəlman içindən bir övrətə qane olmayıb, bir neçə övrət dalicə düşənlər – mömin və müqəddəs qırmızı və qarasaqqal hacı, məşədi və mollalarımızdır.

Bunlar hamısı iki şeydən əmələ gəlir:

Əvvələn, bir övrətdən artıq övrət almağın şəraitini mollalarımız xalqa bəyan eləmirlər; çünki bu da onlar üçün bir mədaxil yoludur. Odur ki, bir kişi küçədə getdiyi yerdə görür ki, filan övrətin topuqları ağdır və yoğundur, topuqlar da ki, allaha şükür, açıqdırlar (və məhz elə bundan ötrü dul övrətlərimiz tumançaq gəzirlər).

Bəli, elə o lazımdır ki, məşədinin gözü sataşsın övrətin qıçlarına, tez çapacaq mollanın yanına ki, filan övrəti al mənə! Molla da dəli deyil ki, xəbərdar olsun ki, aya bu məşədinin evində övrət var, ya yox. Əlüstü kəllə qənd gəlir ortalığa, – vəssəlam!

Saniyən, bu lotubazlıqlar və arvadbazlıqlar rövnəq verən – siğəbazlıq məsələsidir.

Bunu gərək cəmi məşədilərimiz bilələr ki, məsələn, Xorasanda mollalarımız bir övrəti bir saatda on nəfər kişiyə “siğə” edirdilər.

Bizim məşədilərin çoxusu bu cür siğələrdən feyziyab olublar. İndi elə adət bu cür düşüb ki, Xorasanda övrət siğə eləmək də ziyarətin şəraitinin birindən hesab olunur.

Biz deyirik ki, bunlar hamısı ibadətdir; amma kənardan baxan əcnəbilər bizə deyirlər: “Ay müsəlman qardaşlar, siz bizim cavanlarımızı məzəmmət eləyirsiniz ki, lotu və fahişəbazlığa mürtəkibdirlər[i]; amma, allaha şükür, sizin ki, məşədiləriniz gündüz ziyarət etdikdən sonra, gecələr fahişəxanalarda özlərinə mənzil qərar verirlər”.

Yalandırmı bu sözlər?

On altıncı nömrəmizdə Molla Tarqulunun siğə barəsində etdiyi vəzindən bir neçə söz danışmışıq. Bizim bu sözlərimiz Astarada cənab Hacı Mirzə Molla Cəfərqulu ağaya xoş gəlməyib və məsciddə buyurub ki, bu sözlər xilafi-şərdir.

Axund Molla Cəfərqulu ilə gələn nömrələrdə danışmağı vəd edirik; çünki bu dəfə onsuz da çox hədərən-pədərən söylədik. Amma yenə əzbərayi-xali nəbudən[ii] bir şey lazım bilirəm axunddan soruşam:

Cənab Molla Cəfərqulu ağa! Mənim sözlərimmi xilafi-şərdir, yainki Mirzə Əbdülkərim sədri-xüddam-başı ilə şərakət edib fahişə övrətə, nökərin adına siğə cari etmək və beş-altı evdə saxlayıb kef çəkmək?

Qalsın gələn həftəyə.

Molla  Nəsrəddin.

“Molla  Nəsrəddin”,  12 may,  1907,  N 19.



[i]  Qurşanıblar.

[ii]  Yolu boş olmasın, – deyə. 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info