Qonaq Kitabı
MINCIQ

 

Birisini tovlayıb, əlindən var-yoxunu alanda heç insaf deyil ki, bunun əvəzində onun əlinə bir şey verməyəsən. Dörd yüz il bundan irəli avropalılar Amerikanın vəhşi adamlarını tovlayıb, qızıllarını alanda, heç olmazsa, əvəzində onlara əlvan mıncıqlar verirdilər.

Bəli, dörd yüz il bundan irəli Amerikanın meşələrində üryan gəzən hindilər aldanıb, qızıllarını Avropa müsafirlərinə paylayanda yenə əvəzində, heç olmazsa, iki qəpiklik əlvan mıncıqlar alırdılar.

Hələ bunlar qalsın, bunlarnan işim yoxdur.

Rəməzanül[i]-mübarəkin iyirmi birində getmişdim məscidə İrandan təzəlikdə təşrif gətirən Molla Nəcəfqulu vəz buyururdular. Mən qapıdan girən kimi cənab axunddan bu sözləri eşitdim:

- Bəli, şeytani-məlun allahın dərgahından qovuldu və onun erkək övladı çox idi, amma qız övladı bir və adına Tərtəbə xanım deyirlər və bu Tərtəbə xanım həmişə övrətləri aldadır və övrətlərə deyir ki, mollalara pul verməyin və Tərtəbənin özü də mollalara pul verməz və bu Tərtəbə xanımın sözünə baxan övrətlər də Tərtəbə xanımdırlar. Allah Tərtəbə xanıma lənət eləsin! Allah onun sözünə baxan övrətlərə də lənət eləsin!

Bu sözləri eşidəndən sonra biçarə övrətlər hərəkətə gəldilər və öz aralarında bir qədər pul yığıb, bir uşaq çağırdılar və pulları bir dəstmala qoyub, göndərdilər minbərin yanına. Bəlkə yazıq övrətlərin çoxusu bu pulları necə çətinliklə ələ gətirmişdilər ki, kişiləri qonaqlığa gedib, evə ət almayan günü pendirə verib, uşaqlarına yavanlıq eləsinlər. Ya bəlkə yazıq övrətlərin çoxusu bu pulları iki min zəhmətlə ələ gətirmişdilər ki, qapıya dərviş ya təzə seyid gələndə çıxardıb bunlara versinlər; ya uşaqları azarlayanda aparsınlar Zöhrə xalanın yanına və Zöhrə xala desin: “Uşağın burnunda çöp qalıb” və Zöhrə xala uşağı alsın qucağına və burnundan püfləsin, cəviz yekəlikdə bir noxud ya lobya, qarpız toxumu uşağın burnundan düşsün və uşağın anası haman cəm elədiyi pulları versin Zöhrə xalaya.

Məsciddən çıxanda bir qırmızı saqqal kişi o biri qırmızı saqqal kişiyə deyirdi:

- Maşallah olsun, allah bəd nəzərdən saxlasın, Molla Nəcəfqulu çox dərin molladır. Görürsən, şeytanın qızının adını bilir.

Mən bir istədim haman qırmızı saqqal kişiyə deyəm: “Ay kişi, niyə bir o “dərin” molladan soruşmursunuz ki, o dediyi sözlər hansı kitabda yazılıb və kimdən rəvayətdir?” Sonra öz-özümə dedim: “Bər nəyayəd zi göştəqan avaz”.

Bəli, dörd yüz il bundan irəli Amerikanın meşələrində çılpaq dolanan vəhşi insanlar qızıllarını aldanıb Avropa lotularına verəndə yenə  əvəzində iki qəpiklik mıncıq alırdılar; amma indi, iyirminci əsrdə görürsən ki, dünyanın bir səmtində adamlar az qalırlar ki, ölünü diriltsinlər, az qalırlar ki, şeytana papaq tiksinlər, az qalırlar ki, havaya uçub, aydan və ulduzlardan xəbər gətirsinlər, amma... Amma dünyanın o biri səmtində Qafqaz və İran “hindi”ləri öz əyallarının ruzisini növbənöv libasa girmiş quldurlara paylayanda barı əvəzində onlardan iki qəpiklik mıncıq da istəmirlər.

Məsciddən çıxıb, davam gətirə bilmədim və qaçıb mollanı tərifləyən qırmızı saqqal kişini çağırdım və dedim:

 

Ta ki, sən oldun əsiri vəzi-yarın, ey yazıq,

Qarə oldu yar əlindən ruzigarın, ey yazıq!

 

Yüz cəfa gördün, vəli heç bir şikayət etmədin,

Görmədin yarın vəli namusü arın, ey yazıq!

 

Nə ümid ilə yenə molla sənə vermiş fərib[ii]

Kim, fərəhnak olmusan, yoxdur qərarın, ey yazıq!

 

Güzgüdə görsən əgər quli-biyaban halını,

Ta kəsilməz bir nəfəsdə ahü zarın, ey yazıq!

 

Aldı əqlü huşunu alimnümalər sözləri,

Getdi əldən yox yerə məcmui-varın, ey yazıq!

 

Lotular vəzinə qoymazdım səni bənd olmağa

Məndə olsaydı əgər kim, ixtiyarın, ey yazıq!

 

Yolkəsəndən çəkməsən əl, pəndimi guş etməsən[iii]

Saxla yadında: olar nalə mədarın[iv], ey yazıq!

 

Molla  Nəsrəddin.

“Molla  Nəsrəddin”,  10 noyabr,  1906,  N 32.



[i]  Orucluq ayı.

[ii]  Boş vəd.

[iii]  Nəsihətimə qulaq asmasan.

[iv]  İşin-gücün.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info