Qonaq Kitabı
MƏZHƏB AZADLIĞI

 

(Müsəlman  vəkillərinə  nəsihət)

 

Ey dumada olan müsəlman vəkilləri, and verirəm sizi öz insafınıza, bircə dəqiqəliyə mənim bu sözlərimə qulaq verin və qoca Mollanın nəsihətini qəbul edin.

Eşitmişik ki, duma çalışır Rusiyada məzhəb azadlığı olsun; yəni hər bir kəs hansı məzhəbdən hansı məzhəbə istəsə keçə bilsin və eşidirəm ki, hökumət də istəyir buna razı olsun və bunu da eşidirəm ki, siz, yəni müsəlman vəkilləri də buna razısınız. Amma mən bircə bunu bilmirəm ki, siz bu işə razılıq verəndə ağlınız harada idi?

Kişi, nə qayırırsınız? Sizin ki, dünyadan xəbəriniz yoxdur, nə ixtiyarınız var özünüzü müsəlman vəkili hesab edib, bu dərəcədə bizə xəyanət edəsiniz?! Yəni bilirsinizmi ki, məzhəb azadlığı nədir?

Məzhəb azdlığı odur ki, Həsən istəsə gedib kilsəyə girib, xaçpərəst olsun, İvan da istəsə məscidə girib, müsəlman olsun.

Ey müsəlman vəkilləri, heç bilirsinizmi ki, bu işlərin axırı hara gedib çıxar? Əgər bilmirsiniz, mən indidən sizə xəbər verirəm: axırda elə olar ki, bir az müddətdə müsəlmanların hamısı müsəlmançılığı ötürüb, gedib xaçpərəst olar. Mənim əqidəm bunadır və əgər istəsəniz, sözümü sübuta da yetirə bilərəm. Mən deyirəm ki, bir müsəlman bir müddət qala, məsələn, Bakıda və sonra gedə bir müddət də qala, məsələn, Şvetsariyada, bakılıların da rəftar və kirdarına baxa, Şvetsariya əhlinin də əxlaq və ətvarına baxa, – axırda haman müsəlmanın etiqadı və əfkarı xarab olar.

Yaponiyadan bir bütpərəst gələ Gəncə şəhərinə və görə ki, bir boyaqçı dükanı-nın qabağında yeddi-səkkiz nəfər arvad qucaqlarında uşaq durublar və bir qırmızı-saqqal boyaqçı qollarını çərməyib, uşaqları bir-bir alıb, küpə soxub, qara boyayır, sonra analarının hər birindən uşağa bir manat alıb, yola salır və deyir: “Gedin, dəxi qorxmazlar” – bir belə yaponiyalı bu işləri görən kimi tez başmaqlarının dabanını bərkidib, qaçar Yaponiyaya.

Amma bir gəncəli gedə, Yaponiyanın adamlarını görə, qorxuram axırda işlər xarab ola.

Əgər Amerikadan bir murdar xaçpərəst gələ İrəvana və görə ki, bir müsəlman durub bir əttar dükanının qabağında və qırmızısaqqal və mömün dükançı, təsbih əlində, müştəriyə deyir: “Dünən Xoydan mənə altmış put it qarısı göndəriblər, hər kəs bir xörək qaşığına çalıb içsə, hər dərdü bəladan qurtarar və bundan başqa iki yüz pişik pətənəsi bu günlərdə gələcək, yamanı, çibanı, qara yaranı, şirin yaranı o saat qaytarar” – əgər amerikalı bu əhvalatdan xəbərdar olsa, hər yanda bir müsəlman görsə, ondan iyrənər. Amma bir irəvanlının Amerikaya yolu düşsə, dəxi İrəvana gəlməz. Müxtəsər...

...Əgər bir yəhudi gələ müsəlman içinə və görə ki, üləmamız bir-birindən hökumətə danos[i] yazırlar, bakılı rəislərimiz dumada şarları oğurlayıb, əvəz edəndən sonra gedib qol yazıb, hökumətə iqrar edirlər ki, təqsir müsəlmandadır, əgər haman yəhudi bizim cəmiyyəti-xeyiriyyələrimizi görə, qumarxana və qiraətxanalarımızı görə, pirlərimizi və qız məktəblərimizi görə, dövlətli hacıları-mızı və kefli cavanlarımızı görə, xülasə, əgər bizim işlərdən yaxşıca baxəbər ola, – haman yəhudi bir də qələt elər ki, müsəlman içinə ayaq basar.

Amma bir müsəlman əvvəl gedib görə ki, yəhudi qızları qoltuqlarında kitab, gedirlər darülfünunə elm oxumağa, əgər gedib görə ki, rus qızları Mancuriya çöllərində qışın şiddətli soyuğunda yapon gülləsinin qabağında öz rus qardaşlarının yaralarını bağlayırlar və əgər haman müsəlman sonra baxıb görə ki, bizim Gülçöhrə xanımlar, Xanpəribəyimlər, Gülsənəm xatunlarımız burunlarının suyunu arxalıqlarının qolu ilə çarqatlarının ucu ilə təmizləyirlər, – əgər müsəlman bu işləri görsə, gedib yəhudi olar və yəhudi qızı alar.

Yox, yox, bizə məzhəb azadlığı lazım deyil. Hər kəs öz məzhəbində qalmağı bizim üçün hamısından məsləhətdir. Biz əzrailin uşaq paylamağını istəmirik.

Aman gönüdür, ey müsəlman vəkilləri, ağsaqqal və dünya görmüş Molla Nəsrəddinin bu bir neçə sözünü çıxartmayın yadınızdan!

 

Molla  Nəsrəddin.

“Molla  Nəsrəddin”,  31 mart,  1907,  N 13.



[i]  Xəbərçilik, şeytançılıq.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info